Modern.az

“Tək günahım qadın olmaqmış…”

“Tək günahım qadın olmaqmış…”

Ölkə

7 Mart 2011, 12:14

Ekspertlər: “Gender bərabərliyinin pozulması və qadınlara qarşı zorakılıq  halları maariflənmənin zəifliyindən və zərərli stereotiplərdən qaynaqlanır”


…Onunla 3 saylı şəhər xəstəxanasında rastlaşdıq. Həkimin qəbul otağında növbəsini gözləyirdi. Yaxınlaşıb, özümü nabələd kimi göstərdim və soruşdum ki, bəlkə o bilir, burada abort edən həkim varmı. Tərs-tərs üzümə baxıb hirslə soruşdu- “Körpəni öldürtmək istəyirsənsə, onda həkimi neynirsən, get özünü as, ikinizin də canı qurtarsın”… Deyəsən axtardığmı tapmışdım. Bir-iki sualdan sonra dərdini anlatdı. Nə qədər tükürpədici olsa da, söhbətini olduğu kimi yazmaq istədim…

Zərərçəkən: “Ərim bətnimdəki körpəmi qız olduğuna görə məhv etdirdi!”

“Adım Arzudur, əslən cənub bölgəsindənəm, 6 ildir ki Bakıda yaşayıram. 3 uşaqdan sonra planlaşdırmağımız hamiləliklə qarşılaşmışdım. Övladlarımdan biri qız, ikisi oğlan idi. Bətnimdəkinin cinsiyyətini yoxlatdım- qız idi. Artıq uşaq 4 aylıq idi. Bətnimdə onun hərəkətlərini hiss edirdim. Həyat yoldaşımın sərt təpki verəcəyini bildiyim üçün bunu ondan gizlətməyə çalışdım. Lakin o, uşağın cinsiyyətinin yoxlanmasını tələb etdi və məni zorla USM aparatına saldırdı. Qız olduğunu bilən kimi, dedi ki, bu uşaq doğulmayacaq!  Əlacsız qaldım, ailəmin dağılmaması üçün ərimin təkidi ilə körpəmi abort etdirməli oldum. Həkim-ginekoloq 50 manat istədi, pulu aldıqdan sonra abortu gerçəkləşdirdi. Həyatımda bu qədər əzab çəkdiyim gün olmamışdı, övladımı gözüm görə-görə doğradılar…

Ən dəhşətlisi isə bundan sonra baş verdi- yarım aydan sonra bətnimdə hərəkət hiss etdim! Dəli olmaq dərəcəsinə gəldim, ailədə hamı elə bildi ki, keçirdiyim psixoloji gərginliyin nəticəsidir. Bir gün gizlicə yaxınlıqdakı xəstəxanaya gedib USM-də yoxlatdım və dəhşətə gəldim. Bətnimdə bir qolu və bir ayağı olmayan körpə vardı!

Sən demə, abortu gerçəkləşdirən həkim əməliyyat zamanı körpənin bir ayağını və bir qolunu qopararaq abortu bitmiş hesab edib. Dünyaya gəlməyə can atan körpə möcüzə sayəsində sağ qalıb… Elə oradaca halım pisləşib, evə xəbər veriblər. Gözümü açanda xəstəxana otağındaydım. Bətnimdəki balamı isə yenidən doğrayıb çıxarmışdılar…”

Müsahibim söhbətini burda saxlayıb için-için ağlayır. Sonra davam edir: “İndi həmin hadisədən 3 il keçib, amma hələ də psixoloji problemlərim var. Ondan əlavə, qadın xəstəliklərindən də əziyyət çəkirəm. Abort zamanı daxili orqanlarıma ciddi zərər veriblər, 3 ildir ki, müalicədə, iynə-dərmandayam, amma bir xeyrini görmürəm. Əsəblərim tamam pozulub. Hər gecə qorxulu yuxular görürəm, körpəm yuxuma girib kədərli səslə soruşur- “anacan, məni niyə öldürdünüz?…” Az qalıram intihar edim, amma uşaqlarımı yetim qoymağa ürəyim gəlmir…”

Bizim bir günahımız var – qadın olmaq..

Arzu xanımın maddi durumu, təhsili və işi ilə maraqlandıq. Ali təhsilli olduğunu, amma hələ də bir iş tapa bilmədiyini dedi: “Hüquq təhsilim var, lakin iş tapa bilmirəm. Maddi durumumuz yaxşı deyil. Həyat yoldaşımdan ayrılıb 3 uşaqla ata evinə dönmüşəm. Qız olduğuna görə öz öladını doğratdıran adamla necə yaşaya bilərdim?”.

Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinə, qadın krizis mərkəzinə və ya hansısa müvafiq təşkilata müraciət edib-etmədiyini soruşduqda belə qurumlara inanmadığını bildirdi: “İndən sonra nə edəcəklər ki? Körpəmi qaytaracaqlar, ailəmi qaytaracaqlar, yoxsa xoşbəxtliyimi? Həmişə ürəyimdə özümdən soruşuram ki, görəsən mənim və məhv etdiyimiz körpəmin günahı nə idi? İndi düşünürəm ki, bizim  bir günahımız var- qadın kimi yaranmaq…”

Arzu xanımdan ayrılanda dedi: “Sizə qəzetinizdə mənim faciəmi yazmağı ona görə icazə verirəm ki, başqalarının bundan nəticə çıxarmasını istəyirəm, heç kəsin mənim gördüyüm əzabları görməsini istəmirəm. Qızlarımıza bir sözüm var- heç bir halda əzilmələrinə imkan verməsinlər. Hər şeyi öncədən düşünsünlər. Yoxsa, mənim kimi olacaqlar…”

Qız uşaqlarının abortunda USM-ın “mühüm” xidməti var

Yuxarıda yazdığımız tarixçə bir qadının, bir ananın faciəsi deyil, bu, bötövükdə cəmiyyətimizin faciəsidir. Bu kimi çoxsaylı faktlar göstərir ki, cəmiyyətimizdə əksər qadınlar hələ də zorakılığa, hələ dünyaya gəlməmişdən ayrı-seçkiliyə məruz qalır. Bu zorakılığın özünü daha qabarıq şəkildə göstərdiyi sahələrdən biri də qadınların zorla aborta təhrik edilməsidir.

Rəsmi məlumatlara görə, hər il ölkəmizdə 33 min abort reallaşdırılır. Bu rəqəm qeyri-rəsmi məlumatlara görə 200 minə yaxındır. Orta göstəricilərə əsasən, hər bir qadın ömründə ən azı 1 dəfə abort etdirir. Kimisi istəyərək, kimisi də ailənin təzyiqi ilə bu yola əl atır. Abort hallarının böyük əksəriyyəti isə, uşağın cinsi qız olduğuna görə baş verir. Burada USM texnologiyasının “mühüm” xidməti var.

Araşdırmalar göstərir ki, qadınların əksəriyyəti bətnindəki körpənin qız və ya oğlan olmasından asılı olmayaraq onu dünyaya gətirməyə qərarlı olur. Amma ananın bu qərarı cox  vaxt ailədə olduqca böyük səs-küyə və qalmaqala səbəb olur. Özəlliklə də, öncəki övladlardan biri və ya hamısı qızdırsa. Araşdırmalar onu da göstərir ki, bu işdə ən çox canfəşanlıq edən qaynanalar və baldızlar olur. Ananın təcili olaraq ultrasəs müayinəsindən keçməsini və nəticəyə görə hərəkət etməsini istəyirlər. Əgər UZİ qadının bətnindəki körpənin qız olduğunu aşkarlasa, onda əksər körpənin aqibəti abort olur.

3 və 5 saylı xəstəxanalarda həkimlərlə və pasiyentlərlə etdiyimiz söhbətlər zamanı öyrəndik ki, aborta təhrik edilən qadınların əksəriyyəti savadsız, evdar qadınlardır ki, onların coxu öz hüquqlarını bilmir. Bilənlər də bunu tələb edə bilmir, çünki ailənin dağılmasından qorxur. Azərbaycanda boşanmış qadınların yenidən ailə qurmasının nə qədər çətin olduğunu söyləməyə ehtiyac belə yoxdur. Cəmiyyətimizdə formalaşmış bir stereotip bunu əngəlləyir- əgər qadın ərindən boşanıbsa, deməli onun nə isə ciddi problemi var. Üstəlik, uşaq da olanda bu, daha çətin olur, çünki heç kəs başqasının uşağına atalıq etmək istəmir.

5 saylı xəstəxanada söhbətləşdiyimiz Aydan adlı gənc qadın cəmiyyət formalaşmış stereotiplərin qadına yanaşmada problem yaratdığını deyir: “Bizdə qadınların hüquqlarının tapdanması faciə sayılmır, bunu təbii və normal hesab edirlər. Əksər kişilər qadını aciz, müti görmək istəyir, qadını ancaq mətbəxdə və uşağa baxan, ərin yumruğu, işgəncəsi altında görmək istəyir. Əgər hansısa qadın öz hüququnu tələb edirsə, onu ən yaxşı halda boşayırlar”.

Ekspertlər: “Qadınlarımızın çoxu öz hüquqlarını tələb etməkdən çəkinirlər”

Ölkəmizdə qadının hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən xeyli sayda QHT var. Bu qurumların bəziləri gender problemləri ilə bağlı ciddi araşdırmalar aparır, müxtəlif layihələr həyata keçirir və maarifləndirmə işləri aparırlar.

Qadın Krizis Mərkəzinə müraciət edən qadınların əksəriyyəti ailədə zorakılığa məruz qalanlardır. Mərkəzin rəhbəri Mətanət Əzizova deyir ki, qadınların əksəriyyəti onlara çəkinərək, utanaraq müraciət edir. Çəkinmənin özülündə də “El nə deyər?” fikri qərarlaşıb. Müsahibimiz ailədaxili zorakılıqların cəmiyyət tərəfindən hələ də normal qarşılanmasından narahatlığını bildirir: “Əksər qadınlar ərləri tərəfindən döyülməyin və ya istəmədikləri bir şeyə məcbur edilmələrinin qanunauyğun olduğunu fikirləşirlər. Ona görə də, onlara öz hüquqlarını, öhdəliklərini anlatmamız çox çətin olur”.

Aborta təhrik məsələsinə toxunan mütəxəssis deyir ki, bu işdə qadınların üzərinə böyük məsuliyyət düşür: “Bətnindəki körpəni o istəmədən kimsə ondan ala bilməz. Əksər qadınlarımızda bir şey çatışmır- onlar cəsur deyillər. Kişi nə deyirsə, baş əyirlər, razılaşırlar. Axı o istəməsə, kimsə onun telinə belə zərər verə bilməz”.

Mərkəzə bu məsələ ilə bağlı dəfələrlə müraciət olunduğunu deyən Mətanət Əzizova problemin həllinə çalışdıqlarını bildirir: “Amma təəssüf ki, bizə gəlib müraciət edən qadınların çoxu sonra bunu inkar edir, həyatından, ərindən narazı olmadığını deyir. Buna da ailədən edilən güclü təzyiqlər səbəb olur”.

Xatırladaq ki, artıq  “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib və indi zorakılıq hallarına məruz qalan qadınlar bu qanundan asanlıqla yararlana bilirlər.

Qanunda boşluqmu var?

Müstəqil Hüquq Mərkəzinin hüquq məsləhətçisi Günay İsgəndərovanın sözlərinə görə Mərkəzə müraciət edənlər arasında qadınlar çoxluq təşkil etməsə də az da deyillər: “Bu da onun göstəricisidir ki, qadınlar öz hüquqlarını arayırlar, haqlarını tələb edirlər. Bizə müraciət edən qadınlar arasında elələri olur ki, illərlə ərindən və onun ailəsindən zorakılıq görüb. Amma bir şey də var ki, qadınlar nədənsə məhkəməyə, hüquqşünasa müraciət etməkdən çəkinirlər”.

İndiyədək Mərkəzə aborta təhrik etmə ilə bağlı şikayət daxil olmadığını deyən hüquqşünas Cinayət Məcəlləsində bu məsələ ilə bağlı konkret maddənin olmadığını qeyd etdi: “Aborta təhriklə bağlı konkret suçlama yoxdur, amma qadınlar ailədə zorakılıqla, fiziki və mənəvi basqı ilə əlaqədar şikayət edə bilər. Aborta təhrik etmə də həm fiziki, həm də mənəvi zorakılıq sayılır. Qadının öz imzası olmasa nə ailəsinin, nə də həkimin onun bətnindəki körpəni abort etməyə ixtiyarı yoxdur. Üstəlik, onu zorakılığa məruz qoyanlar da azadlıqdan 2 ilədək məhrum edilə bilərlər”.

G.İsgəndərova hesab edir ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırması” haqda qanun layihəsi ilə bağlı Milli Məclis müzakirələrinin sonunda konkret olaraq bu məsələ ilə bağlı Məcəlləyə əlavə və ya da dəyişikliklərin edilməsinə ehtiyac var.

Millət vəkili: “Gender balansının pozulması ciddi demoqrafik problemlər yarada bilər”

Milli Məclisin Sosial siyasət daimi komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, ölkədə reproduktiv sağlamlıq cəhətdən durum o qədər də yaxşı deyil. Onun sözlərinə görə, ailədə zorakılıq gənc qadınlar arasında abort edənlərin sayını artırıb. Millət vəkili dölün cinsi ilə bağlı məlumatların valideynlərə deyilməməsi ilə bağlı qanuna həqiqətən də ehtiyac duyulduğunu deyir: “Çünki Azərbaycanda gender balansında ciddi dəyişiklik müşahidə olunur. Qadınların məcburən aborta sürüklənməsi halları da danılmazdır. Ötən il ərzində doğulan bütün uşaqların 60 faizi oğlan, 40 faizi qızdır. İndiyə qədər bu nisbət 51-in 49-a kimi idi. Adamlar qız uşaqlarını abort etdirməyə meyllidirlər. Bütün abortların 30 faizi haqda qərar dölün cinsi haqqında məlumatlardan sonra reallaşdırılır”.

Deputatın fikrincə, gender balansının bu şəkildə pozulması ciddi demoqrafik problemlərə gətirib çıxara bilər: “Aborta təhrik həm də insan haqlarının kobud sürətdə pozulması deməkdir. Azərbaycan kimi dünyəvi bir dövlətdə isə belə hallar olmamalıdır”.

Millət vəkilinin sözlərinə görə, dünyanın əksər ölkələrində belə bir qadağa var: “Biz bu maddəni «Reproduktiv sağlamlıq və ailə planlaşdırması» haqda qanun layihəsinə daxil etmişik. Düşünürəm ki, bu layihə ciddi müzakirə olunmalıdır və beynəlxalq təcrübə ilə milli dəyərlərin uyğunlaşdırılması şəraitində qəbul olunmalıdır”.

Beləliklə, Azərbaycanda qanunvericilik baxımından ciddi problem olmasa da, faktiki olaraq cəmiyyətdə gender bərabərsizliyi hökm sürür. Belə hallar isə, qeyd edildiyi kimi, sosial problemlər, dini dünyabaxış və mental stereotiplərlin təsiri ilə yanaşı, həm də hüquqi maariflənmənin zəifliyindən doğur.

Problemin həlli yollarına gəlincə, əksər ekspertlər hesab edirlər ki, cəmiyətdə gender bərabərliyi təkcə hüquqi müstəvidə deyil, həm də, sosial, psixoloji, mənəvi kontekstdə tənzimənməlidir. Bunun üçün də, dövlət, ictimai institutlar və media cəmiyətdə zərərli stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə işi aparmalı, müvafiq qanunvericiliyin tələblərini pozulması hallarına qarşı mübarizədə koordinasiyalı fəaliyət göstərməlidirlər.

Lalə Mehralı
“Sağlam Toplum” İB-nin sədri
[email protected].

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı