
Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri çərçivəsində əvvəlcə Xankəndinə gəlib, ardınca da Şuşaya. Modern.az erməni informasiya mənbələrinə istinadən xəbər verir ki, Serj Sərkisyanın Qarabağa səfəri Şuşanın ələ keçirilməsinin 19-cu ilinin qeyd olunması ilə bağlıdır.
Serj Sərkisyan Dağlıq Qarabağdakı erməni separatçılarının lideri Bako Saakyanla birgə Xankəndi hava limanı kompleksinə baş çəkib və orada işlərin gedişi ilə tanış olub.
Xankəndindən Şuşaya gələn Sərkisyan və Saakyan Azərbaycanın işğal olunmuş bu şəhərindəki kilsədə olublar.
Qarabağda Ermənistan prezidenti 9 may faşizm üzərindəki qələbənin 66-cı ildönümü ilə bağlı müraciət edib. O, müraciətində Şuşanın ələ keçirilməsindən də danışıb. Sərkisyan bildirib ki, erməni ordusu lazım olacağı təqdirdə bundan sonra da Azərbaycan ordusunun mövqelərini susdurmaqda davam edəcək.
Qeyd edək ki, Azərbaycan tərəfi iki gün öncə Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazisinə - Qarabağa səfərini və orada tikilən hava limanına baş çəkməsini tənqid edib.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, bu “səfər” beynəlxalq normalara ziddir.
Modern.az