Azərbaycanlı idmançı Elmir Rzalı 8 Noyabr – Zəfər Günündə ölkəmizə daha bir qələbə sevinci yaşadıb.
Modern.az xəbər verir ki, Azərbaycanın natural bodibildinq və fitnes idmançısı, Azərbaycan çempionu və Avropa ikincisi Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib.
İdmançımız “Men’s Physique” kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatın kubokuna sahib olub. Bununla da Elmir Rzalı üçqat Avrasiya çempionu titulunu qazanıb.
Azərbaycanın Zəfər Günündə əldə edilən bu uğur idmançımız üçün xüsusi məna daşıyır. Elmir Rzalı qələbəsini Vətən uğrunda canından keçən şəhidlərimizə, xüsusilə də şəhid qardaşı Əli Rzalıya həsr etdiyini bildirib.
Qeyd edək ki, Yardımlı rayonunun Bilnə kəndindən olan Elmir Rzalı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının məzunudur.
Onun böyük qardaşı Əli Nuru oğlu Rzalı 17 aprel 2002-ci ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edən Əli Rzalı Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
O, 2 oktyabr 2020-ci ildə Koroğlu yüksəkliyində yaralı komandirini xilas edərkən şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Əli Rzalı ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

