Son illər azərbaycanlılar arasında elmi və dini titullara maraq xeyli artıb. Əlinə bir az pul düşən adam ya Məkkəni ziyarət edib, hacı olur, ya da 4-5 min manat verib, elmi dərəcə alır.
Həcc ziyarətinə gedənlər əsasən vəzifəli şəxslərdir. Xüsusilə, polislər arasında "hacı" titulunu daşıyanların sayı xeyli çoxalıb. İnsanın günahlarının bağışlanması üçün tövbə etməsi heç vaxt gec deyil. Bu baxımdan polis qardaşlarımızın kütləvi şəkildə Həcc ziyarətinə getmələrini anlayışla qarşılayıram.
Milli Məclis üzvlərinin arasında da xeyli deputatın alimlik dərəcəsi var. Amma müxtəlif yollarla elmi dərəcə alan bəzi deputatlarımızla bağlı məsələ bir az qəlizdir. Məncə, insan üçün millətinin vəkili olmaqdan böyük xoşbəxtlik yoxdur. Görünür, deputatlarımızın böyük əksəriyyəti saxta yolla seçildikləri üçün özlərini xoşbəxt saya bilmirlər. Buna görə də sovet aliminin kölgəsinə sığınmaq istəyirlər. Sovet hökuməti çoxdan tarixin arxivinə göndərilsə də, onun yetişdirdiyi insanlar elm adamlarına hələ də ehtiram göstərirlər. Məncə, parlamentarilərimizin elmi ad almaq üçün yarışa girməsinin bircə səbəbi var: deputat kimi seçicilərinin yanında nüfuzu olmayan adamlar heç olmasa, alim kimi cəmiyyətdən hörmət görmək istəyirlər.
Mən, müasirlərimi həmişə oxumadıqları üçün qınamışam. Bu mənada, elmlə məşğul olan adamı tənqid etmək doğru deyil. Amma burda söhbət həqiqi elm adamlarından deyil, elmi alver predmetinə çevirənlərdən gedir. Ortaya sual çıxır: əgər hörmətli deputatlarımız belə elm fədailəridirsə, niyə onların yazdıqları kitablar orta məktəblərdə, universitetlərdə tədris olunmur? Niyə həftənin cəmi 2 günü parlamentin iclaslarına qatılan alim-deputatlarımız qazandıqları elmi təcrübəni tələbə-gənclərlə bölüşmürlər? Niyə qovluqlarında beş-altı diplom gəzdirən bu adamlar "Təhsil haqqında" Qanunu 10 il sonra qəbul etdilər?
Alimlərin maaşı artandan sonra Milli Elmlər Akademiyasında kiçik elmi işçi vəzifəsində çalışan dostumun məvacibi 122 manat olub. Alim olmaq üçün 122 səhifə dissertasiya işi yazan deputat ayda cəmi 122 manat məvacib alan elm adamının problemini niyə bir dəfə Milli Məclisdə dilinə gətirmir? Əgər alim şərəfli peşə sahibidirsə, onun süpürgəçidən də az maaş almasına könlünüz necə razı olur?
Bu suallar cavabsız qaldığı üçün mən müxtəlif elmi titulları daşıyan parlamentarilərimizin 90 faizinin həqiqi alim olduğuna şübhə edirəm. Əminəm ki, bu adamlar saxta yolla mandat sahibi olduqları kimi, saxta yolla da elmi ad alıblar.
P.S. Azərbaycan parlamentində Qənirə Paşayeva, Fazil Qəzənfəroğlu, Azay Quliyev, Fuad Muradov kimi yüksək elmi titulları daşımağa layiq olan gənc intellektuallar da var. Təəssüf ki, bu adamların sayı iki əlin barmaqlarını ötmür...