Tanınmış rejissor, əməkdar incəsənət xadimi, “Yuğ” Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında 62 yaşında vəfat edib. Modern.az-ın məlumatına görə, bu barədə əvvəlcə mərhumun sənət yoldaşı Nadir Diridağlı “Facebook” sosial şəbəkəsində xəbər yayıb. Daha sonra məlumatı “Yuğ” Teatrının aktyorları da təsdiqləyiblər.
Qeyd edək ki, 1949-cu il doğumlu V.İbrahimoğlu uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. O, bir neçə ay öncə Türkiyədə "Qazi" Universitetinin xəstəxanasında müalicə olunub. İstedadlı rejissor ötən ilin noyabrından 2011-ci ilin yanvarın sonlarınadək qardaş ölkədə müalicə alıb. 62 yaşlı rejissorda ağciyər xərçəngi aşkarlanmışdı. V.İbrahimoğlu müalicəsini son vaxtlar ev şəraitində davam etdirirdi.
V.İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən «Yuğ» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Daha sonra teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosentidir. 2006-cı ildə Prezident mükafatına layiq görülüb.
V.İbrahimoğlu «Yuğ» Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.
Allah rəhmət eləsin!
Mail Ağaxanov