
Türk Dünyası Araşdırma Vəqfinin 1992-ci ildən Bakıda yaratdığı Bakı Atatürk Liseyinin ödənişli olacağı ilə bağlı yayılan məlumatlar övladları burada təhsil alan valideynləri təşvişə salıb. Məlumatlara görə, indiyə qədər pulsuz təhsil verən liseydə bundan sonra 800-1000 manat arası illik ödəniş tətbiq olunacaq.
Liseyin direktoru Şinasi Güner bu məlumatı birmənalı olaraq təkzib etməyib.
Qeyd edək ki, liseydə təhsil alan şagirdlər arasında müxtəlif KİV-lərdə çalışan xeyli jurnalistin övladı var. Həmin jurnalistlərdən bəziləri məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər.
Övladı Bakı Atatürk Liseyinin şagirdi olan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, təhsil ocağının ödənişli sistemə keçəcəyi barədə tam məlumatı yoxdur və buna görə də fikir səsləndirməyi düzgün hesab etmir. Ancaq bununla belə, o, deyib ki, liseyin ödənişli təhsilə keçməsini müsbət hal kimi qarşılamır.
“Dostlarımın da övladları var ki, orada təhsil alırlar. Daha çox orta təminatlı ailələrdən olan valideynlərin uşaqları orada oxuyurlar. Əgər bu məktəb pullu olsa, təbii ki, yaxşı hal olmaz. Düşünürəm ki, Türkiyənin Azərbaycandakı Səfirliyi də məsələyə baxar”.
Liseyin təhsilinin bir çox məktəblərdən fərqləndiyini vurğulayan A.Camal belə deyib: “Kaş Atatürk Liseyində verilən təhsil Təhsil Nazirliyinin nəzdində olan məktəblərdə də olardı. Çox gözəl təhsil verilir. Liseyin çox təmiz, şəffaf təhsil sistemi var”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nadir Azəri bildirib ki, liseyin belə bir addım atmasını müsbət qarşılamır. “Hələki, lisey ödənişli təhsilə keçməyib. Bildiyimə görə, bəzi valideynlər belə bir təklif irəli sürüblər ki, məktəbə hansısa bir şəkildə yardım edilsin”.
Liseyin Türk Dünyası Araşdırmalar Vəqfinin dəstəyi ilə fəaliyyət göstərdiyini deyən N.Azəri bildirib ki, həmin qurumun əksər türkdilli ölkələrdə liseyləri var və ödənişsiz təhsil verirlər: “Vəqfin türkdilli ölkələrdə məktəbləri var, onların heç biri pullu deyil, onların məqsədi istedlı türk övladlarına təhsil verməkdir.
Liseyin ödənişli təhsil sisteminə keçəçəyinə inanmaq istəmədiyini deyən N.Azəri bildirib ki, belə olan halda düşünmək məcburiyyətində qalacaq.
“İnanmıram ki, Atatürk Litseyi pullu təhsilə keçsin, belə bir şey mümkün deyil. Məktəbin hər hansı bir probleminin olmasını təbii qarşılayıram. Ümid edirəm ki, bu məsələ öz həllinin tapacaq. Əks halda, düşünmək məcburiyətində qalacam. Çünki, o litseydə iki övladım təhsil alır və mənim imkanın yoxdur ki, onları ödənişli təhsil sistemində oxudam”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı Emin Quliyev hesab edir ki, lisey indiki təhsil sistemini - pulsuz sistemi saxlasa, daha yaxşı olar. “Ümid edirəm ki, Atatürk Liseyinin rəhbərliyi bu məsələni götür-qoy edəcək”.
E.Quliyev hesab edir ki, liseyin pullu sistemə keçməsi onun öz şagirdlərini itirməsi ilə nəticələnə bilər.
“Hesab edirəm ki, lisey belə bir addım atarsa, orda oxuyan uşaqlar başqa orta məktəblərə, digər liseylərə uz tutmalı olacaq. Mən də artıq bu barədə fikirləşməyə başlamışam”.
APA-nın əməkdaşı Vüqar Məsimoğlu hesab edir ki, rəsmi qərar olmadığı üçün bu məsələ ilə bağlı fikir səsləndirmək doğru deyil.
“Hələki, bununla bağlı rəsmi qərar olmadığına görə, fikir bildirə bilmərəm. Bu lisey Türk Dünyası Araşdırmalar Vəqfinin dəstəyi ilə fəaliyyət göstərir. Vəqfin faliyyətində hər hansı maddi problemlərin olması təbii haldır. İndi bilmirəm, əgər belə bir qərar qəbul edilərsə, bu hansı şəkildə olacaq, illik ödəniş olacaq, yoxsa birdəfəlik ödəniş olacaq?”.
V.Məsimoğlunun sözlərinə görə, liseyin ödənişli təhsilə kecməsi barədə qərar olacağı təqdirdə fikir bildirəcək.
“Bildiyim qədər bu barədə Vəqvin və liseyin rəhbərliyinin rəsmi qərarı yoxdur. Buna görə də mənim də hər hansı fikir səsləndirməyim doğru olmaz. Qərar verildikdən sonra bu barədə fikirləşə bilərəm”.
“Ekspress” qəzetinin əməkdaşı Qalib İbrahimoğlu bildirib ki, ona liseyin pullu sistemə keçməsi barədə məlumat verilməyib.
“Mənə deyilməyib ki, təhsil ödənişli olacaq. Rəsmi qərar olduqdan sonra nəsə fikir bildirmək olar. Rəsmi qərar olmayan bir məsələ ilə fikir söylək düzgün deyil”.
Sədaqət Süleymanova