Milli Məclisin eks-spikeri, Açıq Cəmiyyət Partiyasının rəhbəri Rəsul Quliyev müxalifətin “Kölgə kabineti” ilə bağlı aparılan müzakirələrinə dəvət edilməyib. Bu barədə Modern.az-a həmin təkliflə bağlı çıxış edən ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, bu təklif üzərində danışıqlar aparan müxalifət partiyaları eks-spikerə müraciət etməyiblər.
“Bu danışıqlarda Rəsul Quliyev iştirak etmir. Bunun üçün ona müraciət etməmişik. Gərək Rəsul Quliyev burada olsun ki, prosesə qatıla bilsin. Onun nə partiyası, nə də özünün fəaliyyəti bəllidir. Odur ki, onunla əlaqə saxlamırıq”-deyə ADP sədri vurğulayıb.
Qeyd edək ki, S.Cəlaloğlu saytımıza açıqlamasında Azərbaycan müxalifət partiyalarının bir qisminin “Kölgə parlamenti”ni elan etmək niyyətində olduğunu bildirmişdi.
Onun sözlərinə görə, hazırda bir sıra siyasi quvvələrlə “Kölgə parlamenti”nin tərkibinin dəqiqləşdirilməsi üçün iş aparılır.
“Hazırda biz “Kölgə parlamenti”ni müəyyənləşdirmək üçün 125 nəfərlik siyahını tərtib etməklə məşğuluq. Artıq siyahı tutulur”-deyə ADP sədri vurğulayıb. Partiya sədri bildirib ki, hələlik bu prosesdə İctimai Palatanın təsisçilərindən olan AXCP və Müsavat iştirak etmir.
“Hələlik bu siyahıda AXCP və Müsavat partiyalarının nümayəndələrinin adları yoxdur. Amma bu partiyaların bəzi nümayəndələri ilə danışıqlar aparılır və onlara bu barədə müraciət ediləcək”-deyə S.Cəlaloğlu bildirib.
Milli Məclisin keçmiş sədri Rəsul Quliyev 1996-cı ildən ABŞ-da siyasi mühacirətdədir. Onun barəsində 2005-ci ildə “dövlət çevrilişinə cəhd” ittihamı ilə cinayət işi açılıb.
X. SƏFƏROĞLU