Modern.az

“Sovet əmanətləri” ətrafında müəmma: hökumət əmanətə niyə xəyanət edir..?

“Sovet əmanətləri” ətrafında müəmma: hökumət əmanətə niyə xəyanət edir..?

Ölkə

1 İyul 2011, 14:41

Batmış əmanətlərlə bağlı sənədi hazırlayan deputat: “Sovet əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hazırdır”

Vətəndaşların sovet dövründə banklarda batıb qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hazırdır və parlamentə təqdim olunub. Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli problemin həllinin  ləngiməsinin səbəbləri ilə bağlı danışarkən deyib.

Deputatın sözlərinə görə, sovet dövründən qalma əmanətlərin qaytarılması barədə qanun layihəsi, həmin layihənin şərhi, eyni zamanda bu qanun layihəsi qəbul olunan zaman digər qanunvericilik sənədlərinə əlavə və dəyişikliklərlə bağlı yenin qanun layihələri paket şəklində Milli Məclisə və parlament Aparatına təqdim edilib.

“Ola bilməz ki, bu boyda qanun layihəsindən hökümətin, əlaqadar qurumlarının xəbəri olmasın”-deyə deputat bildirib.

Ə.Məsimlinin sözlərinə görə, son zamanlar layihədən danışılanda böyrünə bir neçə məsələləri də qoyurlar: “Hansısa sənədlərdə problemlərin olduğunu deyirlər”.

“Mən Milli Məclisdə Nazirlər Kabinetinin 2010-cu il üzrə hesabatını təqdim edən zaman çıxış edərək əmanətlər məsələsinə toxundum. Bildirdim ki, bu məsələ bizim tərəfimizdən əvvəlki iclaslarda qaldırılıb. O zaman Nazirlər Kabinetinin göndərdiyi hesabatda bu məsələ inkar  olunmuşdu. Eyni zamanda əmanətlərin qaytarılması prosesində bir sıra problemlərin olduğu sadalandı. Ona görə də mən hesab edirəm ki, bu cür “əmmalar”ın çıxarılması mədəni sürətdə bu məsələyə “yox!” deməkdir”.

Deputat qeyd edib ki, sovet dövründən qalan əmanətlərin qaytarılmasının problemi ilə əlaqadar  çoxlu sayda şikayət məktubu alırlar.  

“Bu günə qədər həmin əmanətlərin verilib- verilməməsi sual altındadır. Məsələyə aydınılıq gətirmək üçün rəsmi müraciətimizə cavab verilir ki, Azərbaycan Rspublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 67 nömrəli sərəncamının icrası ilə əlaqədar qanun layihəsi hazırlanır. Bildirilir ki, sovet dövründən qalan əmanətlərin qaytarılması  həmin qanuna uyğun olaraq həyata keçiriləcək”-deyən Ə.Məsimli həmçinin əmanətlərin qaytarılması prosesinin çətinliyi ilə bağlı Nazirlər Kabinetinin sadaladığı arqumentlərlə də razı deyil:

“Nazirlər Kabineti hesab edir ki, bu təzminatın verilməsində rol oynayan problemlər aşağıdakılardır:
Əmanətlərin qaytarılmasına görə yaş bölgüsünün aparılması. Hökümət hesab edir ki, əmanətlərin qaytarılmasını  yaş həddinə görə bölgünu tam həyata keçirmək bəzi obyektiv səbəblərə görə qeyri mümkündür. Bu səbəbdən də əmanətçilərə ödəniləcək konpensasiya məbləğinin yaş həddinə görə dəqiq  proqnozlaşdırmaq mümkün deyil. Çünki əksər şəxsi hesablarda vətəndaşların təvəllüdü göstərilməyib. Bir sıra şəxsi hesablar köçürülmə yolu ilə açıldığından həmin hesablar üzrə təvəllüdlər göstərilməyib. İkincisi, işğal olunmuş rayonlardakı bank filiallarının arxiv sənədləri orda qalıb. Əlil və şəhid əmanətlərinin sayını və əmanət qalıqlarını şəxsi hesablarda bu barədə qeydiyat aparılmadığı üçün müəyyənləşdirmək, məbləği proqnozlaşdırmaq  mümkün deyil.
Bu məsələlər deyiləndən sonra mən qeyd etdim ki, bu cür hesabat verməkdənsə, verməmək yaxşıdır. Ona görə bu cavab obyektiv deyil. Dövlət bu vəsaiti qaytarmalıdır. Bu nə qədər tez olsa, o qədər yaxşıdır”. 

Ə. Məsimli bildirib ki, artıq əlaqadar təşkilatların “qanun yoxdur” ifadəsi işlətmələri həqiqətə uyğun deyil.
“Qanun var. Sadəcə olaraq həmin qanunla maraqlanmaq lazımdır. Azərbaycanın qanunvericilik taktikasında ilk dəfə olaraq sovet dövründən qalma əmanətlərin qaytarılması barəsində qanun layihəsi, üstəgəl qanun layihəsinə hərtərəfli şərh verilib. O şərhdə Nazirlər Kabinetinin hesabatında göstərilən məsələlərin çoxunun həqiqətə uyğun olmaması açıq-aydın göstərilib”-deyə deputat qeyd edib.

“Hesab edirəm ki, əmanətlər Azərbaycan vətəndaşının haqqıdır və bu haqqı mütləq qaytarmaq lazımdır. Heç kimin əmanəti batmamalıdır. Bu məsələnin həlli üçün Milli Məclis üzərinə düşən bütün məsələləri yerinə yetirib”.    

Modern.az-ın məlumatına görə, hökümət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı öhdəlik götürüb.
Azərbaycan prezidenti 26 oktyabr 2005-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında” sərəncam imzalayıb. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiyanın tərkibinə sədr baş nazir olmaqla nazirlər, bank və komitə sədrləri daxil edilib.
Sərəncamda əmanətlərin qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddətində hazırlanması, eyni zamanda vətəndaşların 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasının aparılması nəzərdə tutulub.

Sərəncamdan uzun illər ötsə də əmanətlərin qaytarılma mexanizmi hələ də müəyyənləşdirilməyib.
1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı