“Azərbaycan Liberal Partiyası “Kölgə parlamenti”nin yaradılmasında iştirak etmir”. Bu barədə partiyanın sədri Əvəz Temirxan Modern.az-a açıqlamasında bildirib. Bununla yanaşı, ALP sədri qeyd edib ki, ADP-nin irəlü sürdüyü ideya qismən ALP-nin maraqları ilə üst-üstə düşür.
Ə. Temirxanın sözlərinə görə, ADP sədri Sərdar Cəlaloğlu tərəfindən irəli sürülən ideya yaxşı olsa da, onun icrasından çox şey asılıdır.
“Məncə, hər dairədən yalnız bir namizədin müəyyən olunması düzgün prinsip deyil. Bu “parlamentə” bir dairə üzrə 10 namizədi də daxil etmək lazımdır. Bundan başqa “Kölgə parlamenti”nə keçmiş deputatlar, 2005-2010-cu il parlament seçkilərində namizəd olmuş şəxslər də daxil edilməlidir”-deyə o bildirib.
Ə.Temirxan qeyd edib ki, təklif olunan ideya ilə bağlı ADP ilə ALP arasında predmetli söhbət aparılmayıb. Buna baxmayaraq, ideyanın ilkin müzakirəsi olub. Partiya gələn həftə VİP-lə birlikdə “Kölgə parlamenti” ətrafında müzakirələr aparacaq və bununla bağlı təkliflərini açıqlayacaq.
“Mən “Kölgə parlamenti”nin bazasında yeni xalq hərəkatının yaradılmasının tərəfdarıyam. Hesab edirik ki, bu ideya yaranacaq Xalq Hərəkatının Ali Məclisi rolunu oynaya bilər”-deyən ALP sədrinin sözlərinə görə, bu “parlament”in tərkibində həmçinin Ziyalılar Məclisini, Ekspertlər Şurasını da yaratmaq lazımdır.
““Kölgə parlamenti” obrazlı ifadə olduğu üçün onu hərfi mənada formalaşdırmaq cəhdi düzgün olmazdı. Odur ki, bu ideyanın daha da təkmilləşdirmək üçün müzakirələrə ehtiyac var”.
ALP lideri Lalə Şövkətin bu ideyaya müsbət yanaşdığını deyən Ə.Temirxan bildirib ki, Lalə Şövkət müxalifətin geniş spektrinin təmsil olunduğu bir birliyin tərəfdarıdır.
X. SƏFƏROĞLU