”Prezidentin imzaladığı fərmanlara uyğun olaraq dövlət yol polisi tərəfindən nəqliyyat vasitələrinin qeydiyyata alınması, sürücülük vəsiqələrinin verilməsi, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu, nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilərək ən yeni texnologiyalar əsasında, qısa müddətlərdə təşkili, bu məqsədlə növbələrin elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur”.
Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan” qəzetinə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.
Nazir deyib ki, ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsi üçün bir sıra zəruri təşkilati tədbirlər görülüb və yaxın vaxtlarda bu prosedurun tətbiqinə də başlanılacaq.
”Onu da diqqətə çatdırım ki, avtomotonəqliyyat vasitələrinə illik dövlət texniki baxışın daha keyfiyyətli təşkili və bu zaman sürücülərin vaxt itkisinin qarşısını almaq məqsədilə paytaxtın Sabunçu rayonu ərazisində 15 xətdən və 75 müayinə postundan ibarət yeni avtomatlaşdırılmış müayinə mərkəzi istifadəyə verilib.
Bütün bunlarda məqsəd vətəndaşlarımızın qurucu və yaradıcı əməyi üçün daha yaxşı şərait yaratmaq, qanunla qorunan hüquqlarının təminatını yüksək səviyyədə həyata keçirməkdir”.
Modern.az