Modern.az

Flora Kərimovanın iradı

Flora Kərimovanın iradı

Ölkə

4 İyul 2011, 00:58

Biz xalq artisti Flora Kərimova ilə eyni verilişdə çəkildik. Müzakirə olunan məsələlərlə bağlı mövqeyimiz üst-üstə düşdüyü üçün əvvəldən axıra kimi həmrəylik nümayiş etdirdik. Verilişin sonuna kimi mən obyektivliyimi, Flora xanım isə müdrikliyini itirmədi. Ağı qaradan seçməyi bacaran auditoriya öz alqışları ilə sonadək bizə dəstək oldu.

Çəkiliş başa çatandan sonra Flora xanım redaksiyaya onun maşını ilə getməyimi təklif etdi. Təbii ki, ona əziyyət vermək istəmədiyim üçün əvvəlcə razılaşmadım. Amma nə qədər çalışsam da, böyük sənətkarımızı inadından döndərə bilmədim. Biz yolda söhbətimizə qaldığımız yerdən davam etdik. Flora Kərimova sükan arxasında olsa da, onu narahat edən ictimai problemlər barədə həvəslə danışırdı.

Biz Yasamaldan "Reytinq"in Nəsimi rayonunun ərazisində yerləşən redaksiyasına gedirdik. Metronun "İçərişəhər" stansiyasına çatanda, yadıma düşdü ki, qovluğumu studiyada unutmuşam. Dərhal verilişin prodüserini arayıb, bu barədə ona məlumat verdim. Flora xanım qovluğumu televiziyada unutduğumu eşidən kimi geri qayıtmağımıza qərar verdi. Nə qədər çalışsam da, onu fikrindən daşındıra bilmədim. Biz təkrar Yasamala, ordan isə redaksiyamızın yerləşdiyi Süleyman Rüstəm küçəsinə getdiyimiz üçün yolda daha ətraflı söhbət etməyə vaxtımız oldu.

Burda bir haşiyə çıxmaq istəyirəm. Etiraf edim ki, Flora Kərimovanın mənim timsalımda sıravi bir jurnalistə bu cür qayğı göstərməsi mənim üçün bir qədər gözlənilməz oldu. Təəssüf ki, bu ölkədə əksər dövlət və hökumət nümayəndələrilə yanaşı, sənət adamları da jurnalistlərə üstdən aşağı baxırlar. Hətta 3-4 il əvvəl Heydər Əliyev adına Sarayda keçirilən tədbirlərin birində Rəqsanə onunla şəkil çəkdirmək istəyən gənc jurnalisti hamının gözü qabağında qovmuşdu. Mən, həmin vaxt bu hərəkətinə görə, Rəqsanəyə etiraz etmədim. Hesab edirəm ki, Rəqsanə ilə şəkil çəkdirmək üçün əldən-ayaqdan gedən adam elə bu cür "hörmətə" layiqdir. Əlbəttə, bu hadisəni təsadüfən xatırlamadım. Jurnalistlərin hesabına populyar olan, sonra isə onları adam yerinə qoymayan müğənniciklər Flora Kərimovadan nümunə götürməlidirlər.

Biz həmin gün xeyli söhbət etsək də, Flora xanımın telejurnalistlərlə bağlı bir iradı daha çox diqqətmi cəlb etdi. Sən demə, televiziya aparıcılarının studiyaya dəvət etdikləri sıravi vətəndaşlara "sən" deyə müraciət etməsi gözəl sənətkarımızı narahat edirmiş. Həmsöhbətim onu da dedi ki, jurnalistlərin kömək üçün teelviziyaya üz tutan sadə adamların üstünə qışqırdığını görəndə onların yerinə xəcalət çəkir.

Flora Kərimovanın haqlı iradı qarşısında deməyə sözüm yox idi. Öz idbar hərəkətləri ilə jurnalistləri nüfuzdan salan bəzi həmkarlarımın yerinə əməlli-başlı xəcalət çəkdim. Yaxşı ki, Flora xanım bu mövzuda danışmağa başlayanda biz artıq redaksiyaya çatmışdıq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı