
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, hər il hər il ölkəmizdən bir qrup əlil dövlət hesabına xaricə müalicəyə göndərilir.
Bu tədbirlərin davamı olaraq, cari ilin iyul-avqust aylarında 80 nəfər əlilin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün İxtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçmələri təşkil ediləcək. Əlillərdən 40 nəfəri iyulun 7-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı-Simferapol təyyarə reysi ilə yola salınıb. Qalanları isə növbəti ayın əvvəllərində yola düşəcəklər.
Qeyd edək ki, Ukraynanın Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizeoterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisəsidir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Həmin müəssisədə aparılan müalicə kursu əlillərin səhətində ciddi yaxşılaşma yaradır.
Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır. Əlillərin adıgedən mərkəzdə yerləşməsi və müalicəsi işinə nəzarət etmək üçün nazirliyin əməkdaşları Ukraynaya ezam olunub.
Modern.az