Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı xeyli problemli məsələləri önə çıxarıb. Hətta elə məsələlər olub ki, ona birbaşa ölkə Prezidenti münasibət bildirib.
Modern.az-ın məlumatına görə, əsas problemli məsələlər kimi ayrı-ayrı ölkələrdə Azərbaycan səfirliklərilə diaspor qurumları arasında yaşanan narazılıqlar göstərilib. Bu məsələ kimsəyə sirr də deyil. Elə qurultaya dəvət olunmayan bəzi tanınmış diaspor nümayəndələrinin məhz bu məsələnin badına getdikləri açıqca bildirilir. Qeyd edilir ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələdə fəaliyyətə deyil, şəxsi münasibətlərə, maraqlara üstünlük verib.
Qurultayda iştirak edən diaspor nümayəndələrindən bir neçəsinin Modern.az saytının əməkdaşına bildiriblər ki, ümumiyyələ son zamanlar diaspor təşkilatlarının fəaliyyətinə ciddi şəkildə müdaxilə halları var. Bunun həm səfirliklər, həm də Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən edildiyi söylənilir. Məsələnin kökündə isə o dayanır ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən iş adamlarını qeyd edilən tərəflər – səfirliklər və komitə öz çətiri altına almaq istəyir.
Nəticədə isə ümumi maraqlarımız naminə ola məsələlərə, dünya azərbaycanlılarının birləşməsinə zərər dəyir.
Modern.az saytına verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinin tərkibinə verilməsi məsələsi gündəmə gəlib. Hətta bildirilir ki, bəzi ölkələrdə fəaliyyət göstərən tanınmış azərbaycanlılar bu məsələnin tezləşməsi üçün Azərbaycan rəhbərliyinə müraciətlər də göndəriblər.
“Soyadaşlarımızın gətirdikləri arqumentlər ondan ibarətdir ki, səfirliklərlə diaspor qurumlarının bir mərkəzdən idarə olunması daha faydalı olar. Belə olmayacağı təqdirdə isə əksər diaspor təşkilatlarının fəaliyyətinin iflic olacağı gözlənilir”-deyə xaricdəki soydaşlarımız Modern.az-a bildiriblər.
Modern.az