
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmaq üçün qeydiyyatdan keçən abituriyentlər test imtahanı veriblər. Bu barədə Modern.az saytına Polis Akademiyasından məlumat verilib. Bildirlib ki, akademiyaya qəbulla əlaqədar test imtahanlarında 519 abituriyent iştirak edib. Onlar ötən bazar günü Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının I ixtisas qrupu üzrə keçirdiyi imtahanlarda iştirak edən abituriyentlərlə birgə biliklərini sınayıblar.
Bu il Polis Akademiyasına 100 nəfər tələbə qəbul ediləcək.
DİN-in Polis Akademiyasına qəbulda Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi hərbi komissarlıqda qeydiyyatda olan, tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilirlər.
Polis Akademiyasına sənəd verən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) keçirdiyi test imtahanlarına kimi bir neçə mərhələdən - fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər.
Polis Akademiyasına qəbul olunacaq abituriyentlər dövlət hesabına yeməklə, geyim forması və yataqxana ilə təmin edilirlər. Təhsil müddəti 5 ildir.
Məzunlara "hüquqşünas" ixtisası və "polis leytenantı" xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Modern.az