Ötən il 300-dən artıq vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilib.
Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilib.
Həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının ödənilməsi, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması müsbət iş göstəriciləri kimi dəyərləndirilib.
Həmçinin ötən il 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.