İyulun 15-də ARDNŞ-nin Baş ofisində Şirkətin Ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sədrliyi ilə iclas keçirilib. İclasda Şirkətin Ekoloji layihələrin idarəedilməsi şöbəsi, Ekologiya İdarəsi, “EKOL Mühəndislik Xidmətləri” QSC və Əməliyyat Şirkətlərinin nümayəndələri də iştirak ediblər. Müşavirədə neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində “EKOL” Mühəndislik Xidmətləri QSC-nin xidmətlərindən istifadə məsələləri müzakirə olunub, yeni torpaq və su təmizləyici qurğuların təqdimatı keçirilib.
Ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib ki, ekoloji tədbirlərin həyata keçirilməsinə diqqət cari ildə və gələcəkdə də yüksək olaraq qalacaq, qeyd edib ki, bu işlər ARDNŞ prezidenti R.Abdullayevin diqqət mərkəzindədir.
Daha sonra “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun müavini Məzahir Hüseynov təmsil etdiyi cəmiyyətin həyata keçirdiyi ekoloji layihələrin əsas istiqamətləri haqqında məlumat verib. M.Hüseynov bildirib ki, qurum Abşeron yarımadasında uzun illər neftlə çirklənmiş ərazilərin təmizlənməsi, gölməçələrin qurudulması və yaşıllıq zolaqlarının salınması sahəsində məqsədyönlü tədbirlər həyata keçirməklə Avropa standartlarına cavab verən layihələr reallaşdırmaqdadır. Toplantıda həmçinin “EKOL”un malik olduğu mövcud qurğuların imkanları və onların tətbiqi haqqında geniş danışılıb, eyni zamanda İtaliyanın “Diemme” şirkətinin istehsal etdiyi yeni qurğunun təqdimatı olub.
Müşavirədə əməliyyat şirkətlərinin yerlərdə həyata keçirdiyi ekoloji layihələr haqqında danışılmış, çatışmazlıqlar qeyd olunub. Əməliyyat Şirkətlərinin istehsalat sahələrindəki ekoloji vəziyyətin hansı dərəcədə ağır olduğu Ekoloji məsələlər üzrə vitse-prezident R.Hüseynzadə tərəfindən onların diqqətlərinə çatdırılıb, Əməliyyat Şirkətinin rəhbərlərindən fəaliyyət göstərdiyi ərazinin neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi məsələsinə daha ciddi yanaşmaları tələb olunub. Bundan başqa, əməliyyat şirkətlərinin neftlə çirklənmiş ərazilərində ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən qısa müddət ərazində kompleks ekoloji monitornq keçirilməsi və hesabatların hazırlanması qərara alınıb. Bildirilib ki, hesabatların nəticələrinə əsasən neftlə çirklənmiş torpaqların həcmi müəyyənləşməli, neftlə çirklənmiş torpaqların tam şəkildə təmizlənməsi sahəsində “EKOL” MX QSC ilə əməkdaşlıq gücləndirilməlidir.
Modern.az