
Gürcüstan Azərbaycan xaricində olduğum hələki yeganə ölkədir. Bu ilin əvvəlindən 3 nəfər gənc həmkarımla Gürcüstan İctimai Əlaqələr İnstitutunun Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbinə oxumağa getmişik. Qonşu ölkədə 6 aydır tələbə həyatı yaşayırıq. Dünən Bakıya yay tətilinə gələndə əvvəllər çalışdığım Modern.az saytından xahiş etdilər ki, Gürcüstanla bağlı qısaca olaraq təəssüratlarımı təqdim edim.
Zəngin təbii sərvətləri olmayan Gürcüstan inkişaf yolu ilə sürətlə irəliləyir desəm, yəqin yanılmaram. Jurnalist kimi müşahidələrim, yerli əhali ilə təmsalarım əsasında bunu deyirəm. Gürcüstanda gördüklərimi Azərbaycanla müqayisə edərkən, əhali və ərazi baxımından ölkəmizdən geri qalan qonşumuza paxıllıq etməyə bilmirsən. Məsələn, Gürcüstanda rüşvət və korrupsiya problemi demək olar ki, yox dərəcəsindədir. “Narıncı” inqlabdan sonrakı dönəmdə rüşvət və korrupsuyanın kökünün tamamilə kəsilməsi ölkə iqtisadiyyatına önəmli təsir göstərib.
“Gürcüstanda vəziyyət hər il daha yaxşılığa doğru dəyişir”. Bunu Tiflisdə söhbətləşdiyim sadə azərbaycanlı - Gürcüstan vətəndaşı Rafael Süleymanov demişdi.
Bu ölkənin bazarlarında Azərbaycanla müqayisədə meyvə-tərəvəz çox aşağı qiymətə satılır. Məsələn, portağal Azərbaycandakından 4 dəfə, pomidor və digər tərəvəzlər 2 dəfə ucuzdur. Gürcülər deyirlər ki, bu qiymətlər hələ ötən ilin dekabr ayında bahalaşaraq indiki həddinə çatıb. Ondan öncə lap ucuzluq imiş. Ölkədə meyvə-tərəvəzçiliyin inkişafı üçün hökümət 2011-ci ildən yeni layihələr və planlar həyata keçirir.
Gürcüstanda nəqliyyatda gedişhaqqı demək olar ki, Azərbaycanla eynidir. Amma nəzərə almalıyıq ki, qonşu ölkədə yanacaq qiymətləri bizdəkindən iki dəfə bahadır. Yanacağın belə bahalığına baxmayaraq hökumət nəqliyyatda gedişhaqqının artmasına imkan vermir. Gürcüstanda şagirdlər nəqliyyat vasitələrindən pulsuz istifadə edirlər. Tələbələr isə 70 faiz güzəştlə nəqliyyatdan istifadə edə bilirlər. Nəqliyyat sahəsində digər bir irəliləyiş ondan ibarətdir ki, bilet satışı sisteminə keçiblər. Azərbaycandakı kimi avtobuslar bir-biri ilə yarışa girib insanların həyatını təhlükəyə qoymurlar. İctimai nəqliyyat əsla dayanacaqdan kənarda saxlaya bilməz. Zatən sürücülər də buna cəhd göstərmirlər.
Bu ölkədə olduğum 6 aylıq müddətdə iki əsas şəhərlərində oldum - Tiflis və Rustavidə. Hər ikisi Bakı və Azərbaycanın digər şəhərlərindən təmiz və səliqəlidir. Küçələrdə yerə zibil atan çox az adam gördüm. Şəhərlərin küçələrini hər səhər yuyub təmizləyirlər. Şəhərdə Bakıdakı kimi böyük binalar olmasa da, səliqəli tikililər inşa olunub.
Ən önəmlisi millətin gələcəyini müəyyənləşdirən sahədə - təhsildə rüşvət tamamilə yığışdırılıb. Gürcüstana Azərbaycandan gəlib oxuyan tələbələr təhsilin səviyyəsinə heyranlığını gizlədə bilmirlər. Burda təhsil alan Azər adlı tələbə ilə söhbətim oldu. O, təhsil sistemini çox bəyəndiyini və bu ölkənin inkişaf yolunda olduğunu dönə-dönə bildirdi.
“Azərbaycanla buranın təhsil sahəsini müqayisə belə etmək olmaz. Mən Azərbaycan və Gürcüstandakı təhsil sistemini görmüşəm. Əvvəllər deyirdim ki, Gürcüstanda nə təhsil olar... Amma yanıldığımı indi yaxşı başa düşürəm. Biz Azərbaycanda yaşayıb zənn edirik ki, bütün qonşularımızdan hər cəhətdə irəlidəyik. Təssüf ki belə deyil”. Bunu həmin Azər adlı tələbə söyləyirdi, zatən özüm də şahidi oldum.
Gürcüstanda ingilis dilinin sürətlə yayılmasını da qeyd etmək olar. Əhali sovet dövründə rus dilini hansı səviyyədə bilirdisə, yəqin bir neçə ildən sonra ingiliscədə o cür danışa biləcək. Mən də gürcücə bilmirəm, amma ingilis dilinin hesabına Tiflisdə rahat hərəkət edə, yaşaya bilirəm.
Tiflisdə ev kirayələri də Bakı şəhəriylə müqayisədə ucuzdur. Bakıda 500 dollara kirayəyə verilən evləri Tiflisdə 300 dollara kirayə tutmaq olar. Tiflisdə bir tələbə aylıq 150 dollara istədiyi kimi yaşaya bilər.
Bu ölkədə gənclərin sağlam böyüməsinə çox əhəmiyyət verilir. Tiflisdə onlarla futbol stadionu var ki, bunların əksəriyyətində futbol oynamaq pulsuzdur. Şəhərin əksər yerlərində insanların idmanla məşğul olmaları üçün pulsuz idman avadanlıqları quraşdırılıb.
Gürcüstanda gördüyüm çox şey məni heyrətləndirdi, büdcəsi Azərbaycandan dəfələrlə aşağı olan, bu qədər dəyişən ölkənin yaxın gələcəkdə “Cənubi Qafqazın Avropası” olacağına şübhə yoxdur.
Vüqar Quliyev