Orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün başlanan “Prezidentə 100 minlik müraciət” adlı kampaniya yekunlaşıb, imzalar yığılıb
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün başlatdığı “Prezidentə yüzminlik müraciət” kampaniyası yekunlaşıb. Bu kampaniya çərçivəsində Azərbaycan vətəndaşlarından 100 mindən artıq imza toplanıb. Bu gün üçün imzaların sayı 100 min 330 olub. Modern.az kampaniya ilə bağlı yaradılmış rəsmi sayta istinadən bildirir ki, təşkilatçılar 25 iyul tarixini Azərbaycanın ən yeni tarixində “önəmli hadisələrdən birinin baş verdiyi” tarix kimi qiymətləndiriblər.
Kampaniyanın yekunları ilə bağlı danışan DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirib ki, 2 ay üçün nəzərdə tutulan imzalar, 23 günə yığılıb.
“Ölkəmizin 100 mindən çox vətəndaşı hicab probleminin həlli üçün dövlət başçısına olan müraciəti dəstəklədi. Biz bunu mübarək Ramazan ayı öncəsi Allah təalanın sonsuz lütfünün və mərhəmətənin təzahürü kimi dəyərləndiririk. Bu işi onlarla ilahiyyatçı qardaşımız, yüzlərlə ixlaslı mömin və möminələr bir ibadət olaraq həyata keçirdilər”-deyə o qeyd edib. DEVAMM sədri bildirib ki, kampaniya yekunlaşsa da, imzatoplama davam edəcək.
“Kifayət qədər sayda imza vərəqi fəallarımızın əlindədir və böyük şövqlə imzatoplama davam edir. Yaxın zamanlarda məsləhətləşmələr və dəyərləndirmələr aparıb, atılacaq gələcək addımları müəyyənləşdirəcəyik”.
Müraciətə qoşulanlar arasında bir sıra tanınmış simalar da var. Bu sırada politoloq Zərdüşt Əlizadə, “Turan” agetliyinin direktoru Mehman Əliyev, jurnalist Azər Rəşidoğlu, futbol üzrə əməkdar məşqçi Ağasəlim Mircavadov, ehtiyatda olan zabit Yaşar Cəfərli, tanınmış meyxanaçılar Aqşin Fateh, Mehman Əhmədli, Elşən Xəzər, aktrisa Həmidə Ömərova və akademik Rafiq Əliyev də var.
Modern.az