Qərbi azərbaycanlıların hüquqlarını müdafiə edən “Deportasiya Qurbanları Mərkəzi” Ermənistandan qovulmuş soydaşlarımızın pasportları ilə bağlı məsələni araşdırmağı planlaşdırır. Bu barədə Modern.az qurumun İdarə Heyətinin üzvü Eldar Namazov bildirib. Politoloqun sözlərinə görə, soydaşlarımızın Qaqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin arxivindən itmiş pasportlarının taleyinə aydınlıq gətirilməsi üçün bir sıra addımlar atılmalıdır.
Bununla bağlı Mərkəz bir sıra tədbirlər planlaşdırılır. Belə ki, sentyabr ayından etibarən Ermənistandan qovulmuş soydaşlarımızın qeydiyyat sənədlərinin araşdırılması məqsədi ilə bir sıra elmi-praktik konfranslar keçiriləcək. Bundan əlavə Mərkəzin “İrəvan” qəzeti bu məsələ ilə bağlı ciddi araşdırmalara başlayacaq.
““Deportasiya Qurbanları Mərkəzi” bu məsələnin hüquqi müstəviyə keçirilməsinə, o cümlədən, deportasiya olunanların hüquqlarının müdafiəsi ilə, həm də Avropa Məhkəməsinə müraciətlərlə bağlı artıq iş planı müəyyənləşdirib, onu həyata keçirəcək. Biz bu cinayətin baş verməsi ilə bağlı ictimai araşdırmalar aparırıq”-deyə E.Namazov vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Mərkəzin İdarə Heyətinin üzvü, professor Firudin Cəlilov 1988-90-cı illərdə Ermənistandan son nəfərinədək deportasiya olunan soydaşlarımızın sənədlərinin məhv edildiyini açıqlamışdı. Professor iddia etmişdi ki, ”Dövlətqaçqınkom" köhnə binadan təzə binaya köçəndə Ermənistandan qaçqın düşənlərin çoxunun sənədlərini yandırıb. Bu böyük rezonans doğuran açıqlama Komitə tərəfindən sərt şəkildə təkzib edilmişdi.
Keçirdiyi mətbuat konfransında ”Dövlətqaçqınkom"un sədri Əli Həsənov qaçqınların şəxsi mülkiyyət sənədlərinin guya “Dövlətqaçqınkom”da saxlanması barədə məlumatların doğru olmadığını söyləyibi: “Məndən əvvəlki dövrdə heç bir qaçqın şəxsi mülkiyyət sənədini komitəyə verməyib. Ermənistandan olan bir qaçqın tapsınlar ki, şəxsi mülkiyyət sənədini komitəyə təhvil verib. Bu, absurddur. Şəxsi mülkiyyət sənədi hamının evində qiymətli sənəd kimi saxlanır. Elə mən də evimin mülkiyyət sənədini evimdə saxlayıram”.
Ə.Həsənovun sözlərinə görə, Dövlət Komitəsinin arxivi o komitə sədri təyin olunandan sonra yaradılıb və indi bütün sənədlər bu arxivdə saxlanır.
Modern.az