Modern.az

Şalvar oğurluğu, şalvar axtarışı...

Şalvar oğurluğu, şalvar axtarışı...

Ölkə

3 Avqust 2011, 15:04

Nahaq yerə deməyiblər ki, qulaq gündə bir yeni şey eşitməsə kar olar. Bu günədək hər cür dürlü- dürlü oğurluq barədə eşitmişdim, şalvar oğurluğu kimi tamam yeni oğurluq növü barədə isə dünən mətbuatdan xəbər tutdum.

Hadisə belə olub, bir qrup kişi xeylağının Binəqədi Rayon Polis İdarəsinin 4- cü Polis Bölməsi qarşısında tumanpaça toplaşmasını seyr edən yoldan keçənlər əvvəl elə zənn edib ki, əraziyə toplaşanlar polisin hansısa qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq şalvarlarını soyunublar, bununla həm də diqqəti cəlb etmək istəyiblər. Onlara yaxınlaşanda məlum olub ki, nə etiraz - nə zad, zavallıları Novxanı çimərliyinə getdiklərinə görə peşman ediblər, soyunub dənizə sərinləməyə yollananlar qayıdanda şalvarlarını tapmayıblar, əl - ayaqları hər yerdən üzüldükdən sonra üz tutublar polisə ki, gəlin bizimlə birlikdə şalvarımızı oğurlayanları tapaq.
Polisdən çıxmayan iş, asayiş keşikçiləri dərhal xeyli sayda insanı şalvarsız qoyanların axtarışına çıxıblar, qısa müddətdən sonra onlardan ikisini saxlayıb istintaqa təhvil veriblər. Ancaq artıq iş işdən keçmiş olub və hələlik adları istintaqa məlum olan oğrular and - aman ediblər ki, əkişdirdikləri şalvarlara operativcəsinə əl gəzdiriblər, yetimlərin ciblərindəki pulu, telefonu çırpışdırıb başın əkiblər, üstündən də “Fanta” içib hələ bir gəyiriblər də...

İndi bu olaydan sonra məni fikir götürüb ki, ya Rəbb, gör türklər demiş, nərələrdən nərələrə gəlib çıxdıq, hər cür oğurluqda ad çıxarmışdıq, qalmışdı şalvar - tuman oğurluğu. Özü də mən bu oğurluğa tamam fərqli prizmadan yanaşılmasının tərəfdarıyam. Məncə, bu oğurluq cəmiyyətdə yaşanan eybəcər qanunauyğunluğun praktik nəticəsidir. Yəni bu gün əslində böyük çərçivədə hökumət tərəfindən millətin şalvarının soyundurulması prosesi gedir. Özü də Novxanı çimərliyində at oynadan oğrulardan fərqli olaraq hökumətdəki “şalvar oğruları” fəsilə - zada baxmadan ilin on iki ayı bu işlə məşğuldurlar.
Bu “əməliyyat”ın əslində nədən ibarət olduğunu xırdalayıb vaxtınızı almaq istəmirəm, diribaş oxucu millətin şalvarının necə və hansı yolla soyundurulduğunu beş barmağı kimi bilir. Dərd burasındadır ki, çimərlikdəki “şalvar əməliyyatı” şalvar sahibinin xəbəri olmadan aparıldığı halda, millətin şalvarsızlaşdırılması prosesi hamının gözü qarşısında baş verir və hamı matı- mutu qurumuş halda yaşananları seyr eləyir, bu işin nə ilə yekunlaşacağını gözləyir.

Ona görə də mən hesab edirəm ki, baş vermiş şalvar oğurluğunun üstünün açılmasına xüsusi diqqət yetirilməlidir və məsələ kompleks yanaşma tələb edir. Çimərlikdə oğurlanan on - on beş şalvar qənimini tapmağa nə var ki... Hünər odur ki, milləti şalvarsız qoyanlarla haqq - hesab çəkəsən. Özü də onları axtarmağa ehtiyac yoxdu, çoxumuz addımbaşı onlarla rastlaşırıq.

Düşünürəm ki, çıxarılan şalvarları yerinə qaytarmaq xeyli qəliz və vaxtaparan məsələdir, ona görə də hələlik belə aqibətlə üzləşməmiş insanlarımız ilk növbədə çalışmalıdır ki, şalvarlarını bellərinə bərk - bərk bağlasınlar, onları soyundurmağa gələn(lər)ə isə müqavimət göstərərək xəbərdarlıq etsinlər ki, şalvardan həm də yaxşı qalstuk düzəltmək olur, onu soyundurmağa gələnlərin boynunun lap ölçüsünə...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı