
55 dizayndan heç birinə vəd olunan 2000 manat mükafat verilməyib
Mərkəzi Bank Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar qızıl xatirə sikkəsinin buraxılması məqsədilə keçirdiyi müsabiqəyə iştirakçılar tərəfindən təqdim olunan 55 dizaynın heç birini bəyənməyib.
Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Mərkəzi Bankın İctimaiyyətlə əlaqələr departamentindən bildiriblər.
“Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş qızıl xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə müsabiqə elan olunmuş və qalibə 2000 manat məbləğində mükafat müəyyən edilmişdi. Müsabiqəyə 55 layihə təqdim olunmuşdur. Layihələr yaradılmış Münsiflər Heyəti tərəfindən qiymətləndirilmiş, lakin bu layihələrin dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş xatirə sikkəsinin mövzusuna tam cavab vermədiyi üçün müsabiqədə qalib müəyyən edilməmişdir”-deyə Mərkəzi Bankdan Modern.az-a verilən cavabda qeyd edilib.
Bununla belə, Münsiflər Heyətinin qərarına əsasən keçirilmiş müsabiqənin cəlbediciliyinin artırılması və iştirakçıların həvəsləndirilməsi məqsədilə ideya və məzmun baxımından daha fərqli 2 layihənin hər birinə 500 manat məbləğində mükafat verilib.
İştirakçılardan “OZZO” (Orxan Qurbanov və Zeynəb Həsənlinin birgə təqdim etdiyi layihə) və Elşən Vəlicanovun hazırladıqları eskizlərin fərqli və xatirə sikkəsinin dizaynına ideya baxımından qismən uyğun olmasını nəzərə alaraq həmin layihələrin hər biri üzrə 500 manat məbləğində həvəsləndirici mükafatla təltif olunub.
Bəs dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar qızıl xatirə sikkəsi hansı dizayn əsasında hazırlanacaq?
Sualımıza cavab olaraq bildirilib ki, müsbiqəyə təqdim olunmuş layihələr ideya və məzmun baxımından tələblərə tam cavab vermədiyindən sikkələrin dizaynı Mərkəzi Bankın özü tərəfindən müəyyən edilib.
Qeyd edək ki, Mərkəzi Bankın özünün də yaradılmasının 20-ci ildönümünə həsr edilən qızıl xatirə sikkəsi buraxılacaq və bununla bağlı da ayrıca müsabiqə keçirilir.
“Bu müsabiqənin nəticələri müəyyən olunduqdan sonra müvafiq qərar qəbul ediləcək və bu haqda əlavə məlumat veriləcək”-deyə Mərkəzi Bankdan bildiriblər.
Mail Ağaxanov