
Bu il Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, iyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilən meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb. Nəticədə 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.
Məlumatda o da qeyd edilib ki, ibtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə qarşı (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə verib.
Eyni zamanda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı çox olub.
Hazırda namizədlər müsabiqənin II mərhələsi üzrə test imtahanında iştirak edirlər. İyulun 26-dan başlayan bu mərhələ üzrə namizədlər Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ixtisaslar üzrə elektron imtahan verirlər.
İbtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. İmtahanların nəticələrinə əsasən 98 nəfər işə qəbul olunub. Vakant qalan 12 yer isə bütün imtahanlar başa çatdıqdan sonra keçid balını toplayan, lakin qəbul olunmayan müəllimlərə təklif olunacaq.
Avqustun 1-dən isə ingilis dili ixtisası üzrə imtahanlara başlanılıb. Qeyd edək ki, bu ixtisas üzrə 241 vakant yerə qarşı (onlardan 68-i Bakı şəhərindəndir) 1529 nəfər imtahana buraxılıb.
Növbəti həftə Azərbaycan dili və ədəbiyyat, daha sonra isə kimya, tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
Məlumat üçün qeyd edək ki, indiyədək 3 min nəfərə yaxın müəllim müsabiqənin II mərhələsində imtahan verib.
Modern.az