Modern.az

Elçibəyin ölümünü araşdıran jurnalist: “Kasetləri məhv etdim ki, bir də bu barədə yazmayım”

Elçibəyin ölümünü araşdıran jurnalist: “Kasetləri məhv etdim ki, bir də bu barədə yazmayım”

Ölkə

17 Avqust 2012, 16:07

Avqustun 22-də Azərbaycan Milli Azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin vəfatının növbəti ildönümüdür. 2000-ci ildə Türkiyədə, müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edən eks-prezidentə kəskin prostat xərçəngi diaqnozu qoyulmuşdu.  

Ancaq hələ də həm Azərbaycanda, həm də Türkiyədə Elçibəyin ölümünə birmənalı yanaşılmır və qeyri-rəsmi olaraq ona sui-qəsd olunduğu, zəhərləndikdən sonra sağalmaz xəstəliyə tutularaq dünyasını dəyişdiyi iddia olunmaqdadır.

Elçibəyə kimlər, hansı güclər sui-qəsd edib...? Bu sirli sualın arxasında hansı açılmayan cavabın olduğunu demək çətindir... Ola bilər ki, məsələ nə vaxtsa sənədlər və faktlar əsasında daha dəqiq araşdırılacaq... Amma olmaya da bilər...

Media dəfələrlə Elçibəyə sui-qəsd edildiyinə dair silsilə materiallar dərc edib.

Mərhum eks-prezidentin ölümü ilə bağlı sirlərin çözülməsi üçün tanınmış jurnalist Qızılgül Abdinova isə hələ bir neçə il öncə araşdırma aparmış, amma bəzi səbəblərdən onu yarımçıq dayandırmalı olmuşdu.

Modern.az saytı Q.Abdinovaya bununla bağlı bəzi suallar ünvanlayıb.

- Əbülfəz Elçibəyin vəfatından 11 il sonra onun ölümündəki müəmmalar barəsində danışıldı. Siz isə bu barədə onun ölümündən cəmi bir neçə il sonra yazmışdınız. Bu barədə şübhələr hardan yaranmışdı?

- Əvvəla, onu deyim ki, biz yazını yazmağı qərarlaşdıranda belə bir nəticənin ortaya çıxacağını qətiyyən gözləmirdik. O zaman çalışdığım “Xalq Cəbhəsi”qəzetinin baş redaktoru Vüsalə Mahirqızı ideya vermişdi ki, Əbülfəz Elçibəyin həyatını son günlərini qələmə alaq. Çünki hamının bildiyi kimi, partiyasında olan çəkişmələr səbəbindən bəzi məlumatlar Əbülfəz bəyə son günlərinədək verilməyib. Mən də sadəcə belə bir mövzuda araçdırma aparmağı qarşıma qoymuşdum. Bu məqsədlə onunla ünsiyyətdə olan hər bir kəsi dinləməyə çalışırdım ki, dolğun bir təsəvvür yarada bilim yazıda. Bəyin qardaşını, qohumlarını, şəxsi həkimini, sürücüsünü, hətta yan-yövrəsində gəzənlərə qədər hər kəsi danışdırırdım. Bizim gözləmədiyimiz nəticə də burada ortaya çıxdı. Əbülfəz bəyin sürücüsü Xəlil müsahibə zamanı təkidlə bildirdi ki, Bəy öz əcəli ilə ölməyib, onu zəhərləyiblər. Əlbəttə, sual verirdik: niyə? Bunu Xəlil demirdi və ya verdiyi cavablar bizi qane etmirdi.


- Yalnız Xəlilin şübhələri əsasında bu iddia ortaya çıxa bilməzdi axı?


- Düzdür. Lakin biz hər şeydən əvvəl jurnalistik və ən əhəmiyyətsiz xəbəri, iddianı belə araşdırmaq xəstəliyimiz var. Mən bilmirəm başqa qəzetdə işləsəydim mənə bu imkanı yaradardılarmı? Amma Vüsalə Mahirqızı məsələnin vacehinə yetməyə şərait yaratdı. Biz bəlkə də bu yazını dərc etməyəcəkdik. Amma araşdırırdıq. Artıq araşdırmanın istiqaməti tamamilə dəyişmişdi və dediyim kimi, özümüzün də gözləmədiyimiz nəticələr ortaya çıxırdı. Bəyin ən yaxın dostu Adil Minbaşı mənimlə söhbətində etiraf etdi ki, bəli, Əbülfəz bəy Türkiyəyə getməmişdən bir gün öncə, Zuğulbadakı bağında deyib ki, onu zəhərləyiblər. İkilikdə deyib bunu dostuna, sirr kimi. Amma həyəcanlı xəbəri Adil Minbaşı da Əbülfəz bəyin Türkiyədə olduğu günlərdə İsa Qəmbərə deyib. Biz yerindəcə İsa Qəmbərə telefon açdıq. İsa Qəmbər Adil Minbaşının həmin günlərdə belə bir məlumat verdiyini təsdiq etdi. Daha kimlərlə danışdığım detallı olaraq yadımda deyil. Amma araşdırmanın sonrasında Türkiyədə olarkən bəyi ziyarət etmiş Sevil Nuriyeva və Tənzilə Rüstəmxanlı ilə danışdım. Tənzilə xanımın nə dediyi təssüf ki, yadımda deyil. Amma Sevil Nuriyeva bildirdi ki, o, bəyi ziyarət edərkən xəstəxanada həkimlərdən belə bir versiya eşidib. Əlavə olaraq, onkoloq həkimlə danışdım. Əlbəttə, məqsədimi demədən, zəhərlənmənin nəticədə xərçəngə bənzər əlamətlər ortaya çıxara biləcəyini sorusdum. Mütəxəssis bildirdi ki, tədrici zəhərlənmə, bədənin hansısa orqanında şiş yarada bilər. Düzü, o bunu daha dəqiq izah etmişdi. Bildirmişdi ki, böyrəklərin fəaliyyətində problem yarana bilər və sair. İndi dəqiq xatırlamıram. Beləliklə, əlimizdə bu qədər açıqlamalar vardı. Biz də onları yazdıq. Yazmasaq, ürəyimiz partlayardı axı?


- Sizcə, Əbülfəz bəyin ailəsi bununla bağlı istintaq orqanlarına müraciət edə bilərlərmi?


- Əbülfəz bəyin ailəsi deyəndə kimi nəzərdə tutursunuz? Oğlu Türkiyədədir. Xanımının Əbülfəz bəyin sağlığında necə olubsa, eləcə, ictimailəşməkdən qəti şəkildə imtina etdiyi deyilir. Kürəkən də ki, nə vaxtdan ailə sayılır? Qardaşı Almurad bəyə gəlincə, “Xalq Cəbhəsi” qəzetindəki bu araşdırma onun təkidi ilə dayandırılıb.


- Almurad Əliyev qəti şəkildə bu iddialara qarşı çıxır. O bildirib ki, son günlərinədək Bəyin yanında olub...


- Bu, Almurad ağanın haqqıdır. Amma hər şeyi düz demək lazımdır. O, son günlər deyəndə nə vaxtı nəzərdə tutur? Əbülfəz bəy Türkiyədə olarkən Almurad ağa oraya getməyib axı? Mən də o fikirdə ola bilərəm ki, bunlar boş şübhələrdir. Amma bu barədə yazmağı və ya düşünməyi heç kimə qadağan etmək olmaz.


- Özünüzün araşdırma əsasında başqa elə şübhələriniz yarandımı ki, o barədə yazmamısınız?


- Yox. Xaiş edirəm, mənə belə provakasion suallar verməyin. Xüsusən də, bəzi mətbu orqanlarda masonlar versiyası ortaya atılandan sonra çox qorxuram. Mən bu günlə yaşayan insanam. Tarixin hansısa bir küncündə yer almaq üçün fəda getmək mənə ağılsızlıq kimi gəlir. Düzdür, dövlətimizə və təhlükəsizlik orqanlarımıza inanıram. Amma heç vaxt hansısa sirləri özündə gəzdirən birisi olmaq istəmirəm. Sizə bu müsahibəni verməyə də ona görə razılaşdım ki, bu məsələdə saxlancım, sirrim qalmasın. O zaman danışdırdığım insanların səslərinin audio yazısını saxlayırdım. Sonra onları da məhv etdim ki, bu barədə bir də yazmaq fikrinə düşməyim. Bir daha təkrar edirəm ki, mən nə bilirdimsə, dedim.  


Modern.az


P.S. Xatırladaq ki, bu müsahibə 2011-ci ilin avqust ayında götürülüb. Elçibəylə bağlı məsələ gündəmi yenidən məşğul etdiyi üçün çox cüzi düzəlişlə müsahibəni təkrar yayımladıq...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı