Modern.az

Qurşaqdan aşağı... əxlaqı

Qurşaqdan aşağı... əxlaqı

Ölkə

29 Sentyabr 2011, 18:57

Yaxud, qan da qoxuyur, cənablar

Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsindəki möhtəşəm qələbəsindən sonra xroniki müxalifətin və xroniki müxalifət mətbuatı təmsilçilərinin düşüncəsində və davranışlarında cüzi də olsa pozitiv dəyişikliklərin baş verəcəyinə ümid bəsləyirdim. Amma... olmadı. Ölkəmizin bu müsabiqədəki qələbədən əldə etdiyi və edəcəyi bütün dividendlərin üzərinə kölgə salmaq üçün xaricdən idarə olunduğu şübhə doğurmayan bir kampaniya başladıldı. Həm də bir millət kimi varlığımıza qənim kəsilən tarixi düşmənlərimizdən daha aqressiv bir şəkildə...

O zaman öləziməkdə olan çırağın sonuncu işartılarına bənzəyən ümidimi də dəfn etdiyimə üzülmüşdüm. Amma baş verənlərə təəccüblənməmişdim. Çünki maraqları təmin olunanda əl öpən, təmin olunmayanda isə ətək qaldıran bu adamların dabbaqda gönünə bələdəm. Ovucumun içi kimi tanıyıram...

...İllərdir "söz və mətbuat azadlığı", "demokratiya və insan haqları" kimi çeşidli ifadələrin arxasında bir bokal pivədən, bir şüşə araqdan, bir qarın çörəkdən bahalı avtomobillərə, bağ evlərinə, malikanələrə qədər keçdikləri yolun hər qarışına bələdəm. Buna görə də hər gün bəlli kəsimin nəzarətində və idarəçiliyində olan qəzet səhifələrini varaqlayanda gözümün önündə tühaf bir mənzərə canlanır: Cibə girən və cibdən çıxan əlləri görürəm. Sahiblərini də həmçinin...

Və buna görə də hər dəfə "reket jurnalistika" adlı "saqqızçeynəmə" mərasimlərində mətbuatdakı qarımış-qartımış "köpək balıqları"nı misal gətirirəm. "Yemləyin", "yemləyin" - deyirəm. Görək bu işlərin sonu necə olacaq...

Hələ ki, sizə toxunmurlar...

Hələ ki, baş xəbərlərdə rəğbət bəslədiklərinizin, himayəsinə və mərhəmətinə sığındıqlarınızın adı çəkilmir...

Hələ ki...

Sınanılmış təcrübədir - köpək balıqları qan qoxusuna gəlir...

Amma qan da qoxuyur, cənablar, bunu da unutmayın!

Ay can, ay can...

Ölkəmizdə boks üzrə dünya çempionatının başlanmasından bir gün öncə BBC-də yayımlanan təxribat xarakterli məlumatın "başına ip salıb" sağa-sola çəkən, "ay can, ay can" deyənləri və yazanları görəndə "Eurovision-2011" təcrübəsini yada salıb heç təəccüblənmədim. Zərrə qədər də...

Amma təəccübləndiyim məqamlar da oldu...

...Təəssüf ki, mediadan vasitə kimi istifadə edib dələduzluqla məşğul olan tör-töküntülərin üzərində blits-şoular düzənləyib vaxt üyüdənlər milli maraqlarımıza, bir millət və dövlət olaraq nüfuzumuza doğru yönələn "BAHDAJ" (boksçuları qurşaqdan aşağı zərbələrdən qoruyan kəmər - E.M.) zərbələrinə qarşı səslərini belə çıxarmadılar. Dünyaya "SVİHQ" və "STREP" zərbələrindən nokautla göz açanların "Ay can, ay can, Azərbaycan boksu nokauta düşdü" kimi bütün dəyərlərə meydan oxuyan səfsəfələrinə dilucu cavab belə verilmədi... Olsun! "Yeni paz", "Ən yeni paz" qəzetlərinə meydan oxumağa nə var ki?

Bu "Paz" isə o "paz"lardan deyil. Hə olsun ki, adında "yeni" sözü var...

Hə üçün Britaniya mətbuatı?

...BBC telekanalının yaydığı təxribat xarakterli məlumat isə şübhəsiz ki, yeni geosiyasi, yaxud iqtisadi təhdid texnologiyası deyil. Oxşar vasitələrdən başqa ölkələrə qarşı da istifadə olunub. Məsələn, 2014-cü il Qış Olimpiya Oyunlarının Rusiyada keçirilməsilə bağlı qərar qəbul olunduqdan dərhal sonra BBC telekanalı seçkilər zamanın səslərin satın alıması ilə bağlı məlumat yaydı...

...Futbol üzrə Dünya Çempionatının 2022-ci ildə Qətərdə keçirilməsilə bağlı qərarın qəbulundan sonra da "satınalma" haqqında iddialar gündəmə gətirildi. Və maraqlıdır ki, yenə də Britaniya mediası vasitəsilə... Bu dəfə isə məlumatı BBC deyil, "The İntependent" qəzeti yayımlamışdı...

...Maraqlıdır ki, hər üç dövlət - Rusiya, Qətər və Azərbaycan zəngin enerji resursları ölkələrdir. Məlumatları yayan ölkədə, yəni Böyük Britaniyada isə Çörçilin "daş kömür erası"na son qoyduğu zamandan nefti çox sevirlər...

Burada bir məqamı da xüsusilə vurğulamaq istəyirəm: Azərbaycandan fərqli olaraq, istər Rusiyada, istərsə də Qətərdə adıçəkilən ölkələrin nüfuzuna xələl gətirən bu məlumatları gerçəklik kimi qəbul və təqdim edən bircə nəfər də tapılmadı. Siyasi mövqeyindən asılı olmayaraq hər kəs təxribata qarşı açıq və sərt təpgi göstərdi.

...Şübhəsiz ki, Azərbaycan kimi ölkələrdə iri miqyaslı beynəlxalq tədbirlərin keçirilməsinə qısqanc münasibətin başqa səbəbləri də var. Böyük idman yarışlarını öz siyasi və iqtisadi maraqlarının təmin olunması üçün vasitəyə çevirən dövlətlər, digər istiqamətlərdə olduğu kimi bu sahədə də mövcud olan imkanları paylaşmaq istəmirlər. Çünki bu, həm də böyük reklam və turizm gəlirlərinin itirilməsi deməkdir.

Son söz əvəzi

...Vətənpərvərlik qanla, tərbiyə ilə, əxlaqla birbaşa bağlı olsa da, əslində formalaşmış, sistemli bir dünyagörüşü, təfəkkür tərzidir. Vətənpərvərlik bir xalqın, bir millətin özünümüdafiə, müqavimət qalxanıdır. Əgər bir toplumun vətənpərvərlik hissi deqrodasiyaya uğrayıbsa, əməldən sözə, ritorikaya keçibsə həmin toplumu yüz raket əleyhinə müdafiə sistemi də qoruya bilməz.

Azərbaycanın yetərincə problemləri var. Bunu kim bilmir ki... Qoy ayrı-ayrı qəzetlərin köşələrində meydan sulayan yazarlar və onların baş... redaktorları başlarını dedi-qodu və aqressiya dumanına bürünmüş redaksiyalarının qapısından çıxarıb ətraflarına, həyət-bacaya bir göz gəzdirsinlər. O zaman yuxarıdan aşağı baxdıqları istənilən Azərbaycan vətəndaşının bu problemlərə onlardan daha yaxşı və ən kiçik incəliklərinədək bələd olduqlarını görərlər. Amma bu problemləri hər gün görən və yaşayan sıravi Azərbaycan vətəndaşı dövləti və milləti adına əldə olunan bütün uğurlara gözü yaşarıncaya qədər sevinə bilir. Çünki o, sadəcə bunun əksini bacarmır. Problemi var deyə ölkəsinə düşmən kəsilən güclərin təxribatlarından yararlanıb qisas almağı, əvəz çıxmağı, fürsətçilik etməyi ağlına belə gətirmir. Çünki əxlaqsız və naqis deyil!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı