Bu gün Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında həbs olunan şəxslərin - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının məhkəməsi yekunlaşıb.
Məhkəmənin hökmü ilə Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Fuad Qəhrəmanlıya isə 2 il şərti iş verilib.
Hökmdən narazı qalan müxalifət tərəfdarları proses yekunlaşan kimi Səbail məhkəməsinin qarşısında «Azadlıq!» şüarı səsləndirirlər. Polislə onlar arasında qarşıdurma baş verib.
Müsavat başqanı İsa Qəmbər “Media forum” saytına açıqlamasında məhkəmənin qərarına münasibət bildirib və onu murdar hökm adlandırıb.
“Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı haqda çıxarılan hökmü hakimiyyət üçün qara ləkə hesab edirəm. Bu, Əliyev rejimini, hakimiyyəti ifşa edən bir hökmdür”.
Müsavat başqanının fikrincə, çox keçməyəcək ki, hakimiyyət bu addımına görə peşman olacaq və həbs etdiyi şəxsləri azadlığa buraxmaq məcburiyyətində qalacaq: “İnanıram ki, tezliklə bütün dostlarımızı, silahdaşlarımızı azadlıqda görə biləcəyik. Arif Hacılı başda olmaqla dostlarımızın, silahdaşlarımızın məhkəmədə yüksək səviyyədə davranışlarını, nitqlərini, çıxışlarını qeyd etmək istəyirəm. Hesab edirəm ki, cəmiyyət bütün bunları görür, dəyərləndirir, haqqın harada, yalanın harada olduğunu hər kəs aydın bilir”.
İsa Qəmbər bildirib ki, Səbail Rayon Məhkəməsində hökm elan olunan kimi bir neçə gənc intellektual - Əli Əkbər, Seymur Baycan, Elnur Astanbəyli və Elmir Mirzəbəyli Müsavat Partiyasına üzv olmaq üçün bəyanat qəbul edib: “Murdar məhkəmə hökmü elan olunan kimi gənclər belə bir addım atdılar. Mən onların bu qərarını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, cəmiyyətin hakimiyyətin qərarlarına verdiyi reaksiya kimi yüksək qiymətləndirilməlidir”.
AXCP sədri əli Kərimli də məhkəmin hökmünü ədalətsiz hesab edib: “Bu hökmün heç bir hüquqi əsası yoxdur”.
AXCP sədri bildirib ki, hökumətin irəli sürdüyü bütün ittihamlar məhkəmə prosesində puç olub: “Hətta hakimiyyətin tapıb gətirdiyi şahidlər, o cümlədən polis əməkdaşları da əslində müxalifətçilərin 2 apreldə heç bir cinayət törətmədiklərini təsdiqlədilər. Barələrində ədalətsiz məhkəmə hökmü çıxarılan şəxslərin yeganə suçu 2 apreldə “Azadlıq”, “İstefa” şüarlarını səsləndirmələridir. Amma hökm bizim üçün gözlənilməz də olmadı. Artıq biz bilirdik ki, verilmiş tapşırıq icra olunur. Azərbaycan hökuməti anlayır ki, xalqın böyük narazılığı var, xalq hamılıqla mübarizəyə qalxmaq ərəfəsindədir. Ona görə də hakimiyyət ümumxalq mübarizəsini ertələmək üçün cəmiyyətdə qorxunu artırmaq istəyir və İctimai Palata fəallarına hökm çıxarılır. Silahdaşlarımızın azadlıqdan məhrum edilməsində yeganə məqsəd budur”.
Əli Kərimli deyib ki, repressiyalarla müxalifətçiləri qorxutmaq mümkün olmayıb.
“Biz hamımız ümidvarıq ki, qlobal demokratikləşmə prosesi Azərbaycandan yan keçməyəcək. Ola bilsin, hökumət belə repressiv üsullarla siyasi ömrünü bir neçə ay uzada bilir. Amma aparılan repressiyalar bir gün bumeranq kimi geri qayıdacaq. Oktyabrın 3-də keçirilən prosesdə gənc tarixçi dostumuz Məhəmməd Məcidli son söz söylədi. O, açıq formada məhkəmə heyətinə dedi ki, bir gün gələcək biz yerlərimizi dəyişəcəyik. Ona görə də mən Azərbaycan hökumətini daha çox səhv etməkdən, daha çox cinayət törətməkdən çəkinməyə çağırıram. Bir gün edilən bütün cinayətlərin məsuliyyətini daşımaq lazım gələcək”.
Sərdar Cəlaloğlunun sədri olduğu Azərbaycan Demokrat Partiyası da məhkəmə hökmünü pisləyib. Partiya məhkəmə qərarını siyasi motivli sayıb və hakimiyyəti bütün siyasi məhbusları təcili olaraq azad etməyə çağırıb.
Hakim YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı Modern.az-a açıqlamasında məhkəmə hökmünün qanuna söykəndiyini vurğulayıb: “Hakim hər şeyi nəzərə alıb. Qanun pozuntusuna uyğun olaraq təqsirləndirilən şəxslərə cəza verilib. Kim məhkəmənin qərarından narazıdırsa, yuxarı instansiyalara şikayət edə bilər. Məhkəmə qərarlarına yalnız məhkəmə cavabdehdir, hər şey qanun çərçivəsində həll olunur”.
M.Qurbanlı məhkəmənin qərarının siyasiləşdirilməsinin əleyhinə olduğunu deyib: “Bu, qanunla həll olunan məsələdir. Burda heç bir siyasi məsələ yoxdur. Müxalifətin bunu şişirtməsi, siyasiləşdirməsi nəyə lazımdır? Müxalifət bunu kimin üçün edir..?”.


Modern.az