Modern.az

Təhsil ekspertləri: “Azərbaycanda dərslikləri siyasiləşdiriblər”

Təhsil ekspertləri: “Azərbaycanda dərslikləri siyasiləşdiriblər”

Ölkə

4 Oktyabr 2011, 12:04

İstər orta məktəb, istərsə də ali məktəb dərsliklərinin keyfiyyəti haqqında səslənən fikirlər birmənalı deyil. Mütəxəssislər hesab edir ki, bu sahədə çox sayda çatışmazlıqlar, qüsurlar var. Modern.az saytı bu məsələ ilə Bakı Dövlət Universitetinin müəllimi Şahlar Əsgərovun və təhsil üzrə ekspert Etibar Əliyevin fikirlərini öyrənib. 

Şahlar Əsgərov hesab edir ki, dərsliklərin müəllifləri cəmiyyətin seçilmiş insanları olmalıdır. “Təsadüfi şəxslərə dərslik yazdırıb tələbələri təsadüfi adam səviyyəsinə endirmək olmaz”.
Şahlar Əsgərovun sözlərinə görə, dərsliklərin səviyyəsində qüsurların olması qaçılmazdır. “Dərsliklər tez-tez nəşr olunur, şübhəsiz hər sonrakı nəşr əvvəlkindən yaxşı olar”.

Təhsil üzrə ekspert Etibar Əliyevin fikrincə, dərsliklərdə dövlətin indiki siyasəti ifrat şəkildə öz əksini tapıb. “Sovet vaxtı uşaqların yazdığı inşalarda mövzu müxtəlifliyi var idi, çox vaxt şagird özü mövzunu seçirdi. Ancaq son illər orta məktəblərin yuxarı siniflərində olan inşa mövzuları Heydər Əliyevə məxsusdur. Guya Təhsil Nazirliyi bununla çalışır ki, Heydər Əliyevə olan sevgisini parlaq şəkildə nümayiş etdirsin”.

“Dünyada qəbul olunmuş bir tendensiya var, təhsil siyasətdən kənardır”-deyən Etibar Əliyev bildirib ki, inkişaf etmiş ölkələrin dərsliklərində, məsələn Almaniyada Bismark, ABŞ-da Linkoln, Vaşinqton haqqında məlumatlar yarım səhifəni ötmür.
“Bu, onların öz liderlərinə göstərdikləri hörmətin nümunəsidir”.
E.Əliyevin sözlərinə görə, şagird təfəkkürünə bir mövzunu hakim kəsdirmək onlarda tənqidi təfəkkürün formalaşmasına imkan yarada bilməz.

“Məsələ burasındadır ki, Azərbaycanda vaxtilə işləmiş insanların fəaliyyətinə gölgə salınır. Və başqa bir şəxsin işi isə parlaq şəkildə dərsliklərdə öz əksini tapır. Bir müddət öncə Təhsil Nazirliyinin buraxdığı bir kitaba rast gəldim. Yazırlar ki, ““Gerbin təsdiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, amma təsdiq edən Prezident Elçibəyin adını göstərmirlər. Təhsilin bu şəkildə siyasiləşdirilməsi şübhəsiz ki, bu sahənin geriləməsinə səbəb ola bilər”.

E.Əliyevin sözlərinə görə, dərsliklər yazılarkən bir sıra brendlərin reklamı verilir. “Dünyanın heç bir yerində bu, yoxdur. “Coca-cola”, “Fanta” və başqa bu kimi içkilərin reklamına rast gəlirik”. Bunun yolverilməz olduğunu deyən E.Əliyev hesab edir ki, dərsliklər vasitəsilə də reklam mənimsəmələri var.

E.Əliyev bildirdi ki, dərsliklərdə son 15-20 ilin siyasəti lakonik şəkildə verilsə, şagird təfəkkürünə daha pozitiv təsir göstərə bilər.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı