Modern.az

Gələcək nəsillərə biganə qalmayaq!

Gələcək nəsillərə biganə qalmayaq!

Ölkə

10 Oktyabr 2011, 10:38

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. Modern.az layihəyə 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədovla start verib. Vahid Əhmədov Modern.az portalına bildirib ki, o, tələbələrin təhsil prosesində hansı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin aradan qaldırılmasında nəyi çıxış yolu kimi gördüklərini bilmək istəyir.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

- Hər bir ölkənin inkişafı ölkə əhalisinin bilik səviyyəsi əsasında formalaşır. Bunun özəyində isə təhsil və gənclər durur. İxtisaslı kadrların yetişməsi, cəmiyyət içində formalaşma, özünü rəftar təhsilin ilk pillələrindən başlayır. Bəs gəlin görək hər şey qanunda yazıldığı kimi şəffaf, dəqiq və qərəzsizdirmi?

Başlayaq bağçadan. Övladını bağçaya qoymaq istəyən valideyn ilk növbədə müəyyən məbləğdə pul ödəməlidir ki, övladını nisbətən səviyyəli, şəraiti olan bağçaya yerləşdirsin və uşağına yaxşı qayğı göstərilsin. Pulu olmayanlar isə şəraitsiz, diqqətdən kənar bağçalara övladlarını qoymaqdansa, evdə saxlamağı üstün tuturlar. Beləliklə, imkansız valideyn təhsilin ilk mərhələsindən övladının kağız parçasına qurban getdiyinin şahidi olur.

İndi isə təhsilin ən mühüm mərhələlərindən biri olan məktəbdən danışaq.Yenə də həmin ssenari. Pul ver, oxut prinsipi. Pul verməyəndə isə hansısa pis müəllimə düşmək və ya pis bir sinifdə oxumaq "şans"ı qazanırsan. Hər bayramda müəllimi “təbrik etmək”, fondpulu, təmirpulu, pərdəpulu, xadiməpulu vermək məcburiyyətindəsən. Bir sözlə pul tələsi. Pulu da verirsən, amma ortada heç bir iş yox. Artıq pul verməyə öyrəşən valideyn hər şeyin pulla həll olunacağını görür və "övlad sevgi"si təhsilə qalib gəlir.

Övlad: “Ata, rübün sonu yaxınlaşır”.
Ata: “Dərd eləmə. Al bu pulu müəllimə verərsən”.

Valideyninin belə etdiyini görən övlad sizcə özünə əziyyət verib oxuyar?

Hətta bunlar azmış kimi övladı üçün (əgər onlara övlad demək olarsa) on minlərlə manatından keçib universitetlərə qoyan valideynlər də var.

İndi baxaq ali məktəblərimizə. Artıq fərd formalaşıb və təhsilin nə olduğunu bilir. Əvvəlki gördüklərindən bilir ki, pulla imtahanları verəcək, pulla qayıblarını sildirəcək və pula qarşı təhsilin aciz olduğu onun beyninə yeriyib və yeridilib. Əvvəlki təhsil mərhələlərində gördükləri, ətrafdakıların ona söylədikləri ali məktəbə yeni daxil olan şəxsdə müəyyən fikir formalaşdırır və onun təhsilə marağı qalmır. Artıq ali sözü də öz işini görür. Tələbələr daha ağıllı fikirləşir və pul vermirlər. Bəli, bəli doğru yazdım. Pul vermirlər! Artıq mən böyümüşəm və pul verməyəcəm. Çünki, məni TAPŞIRDACAQLAR!!!

Övlad: “Sabah imtahandı, amma oxuya bilmirəm, yadımda qalmır”.
Ana: “Qurban olaram. Narahat olma səni tapşırdarıq. Gözünü yorma!”.

Valideynlər artıq öz "gül bala"larına oxumamaq üçün şərait yaratdıqları halda nə üçün tələbə oxumalıdı, niyə özünə əziyyət verməlidi? Bu minvalla oxumayan tələbələr arasına biri də qoşuldu.

Gəlin indi də qeyri-şəffaf təhsilin olmasının səbəblərinı və həll yollarına nəzər yetirək. Hər bir insan cəmiyyətdə formalaşır, əksər hallarda cəmiyyətin təsiri altına düşür. Ali məktəbə daxil olan gənc cəmiyyətdən ilk növbədə təriflər, təbriklər alır. Çox əla. Amma sonra?
“Universitet boş şeydi. Bax mənə. Əlimdə diplom amma iş tapa bilmirəm. İndi tanışlıqla işə düzəlirlər”, “onsuz da pul verməsən qiymət alan deyilsən” kimi sözlərlə çoxumuz qarşılaşmışıq. Cəmiyyətin universitetlərdəki təhsil haqda söylədikləri səhv fikirlər çoxlarının da buna inanmasına gətirib çıxarır. İlk günlərdən dərsə gələn tələbə isə bu fikirlə dərslərini oxumur və “uçuruma doğru sürüklənən”lərin sayı artır.

Fikrimcə valideynlərin də bugünki təhsildə olan qanunsuzluqda rolu böyükdü .Övladlarını rüşvətə öyrədən və rüşvətin təhsilə, biliyə, bacarığa qalib gələcəyini təbliq edən valideyn cəmiyyət üçün yararlı şəxs verə bilməz. Ailədə övladına “dəstək” də korrupsiya hallarını artırır. Evdən imtahanları vermək üçün “maliyyə yardım”ı alacağını bilən tələbə heç vaxt oxumaz. Əgər valideyn qiymət üçün övladına pul verməzsə, heç bir gəliri olmayan tələbə istər-istəməz qiymət xətrinə də olsa, nəsə oxumağa çalışar.

Qanunlara əməl olunmaması və etibarsızlıq. Bu hallar da tələbədə inamsızlığa səbəb olur. Dekan və ya dekan müavininin (“zamdekan”) ilk dərs günündə qaydalar haqda danışması və sonradan özlərinin də bu qaydaları pozması tələbədə etibarı azaldır. Heç vaxt götürməyəcəyini, ancaq biliyə qiymət verəcəyini söyləyən müəllimin sonda nəfsinə məğlub olması tələbələrdə oxumamağa həvəsi artırır. Əgər bir müəllim dediyinin üstündə dursa (qanunları qoyuram bir kənara), pul götürməsə və oxumayan tələbəyə bal yazmasa, bu digər tələbələrə dərs olar. İmtahanda kəsilmək qorxusu məcburi də olsa tələbələri oxumağa təşviq edər. Artıq mən də şahidi oluram ki, müəllim “oxumayana qiymət yazmayacam” dedikdə uşaqlar “səndən əvvəlkilər də belə deyirdi” söyləyirlər. Artıq inam qalmayıb.

Ən əsas problemlərdən biri də tələbələrin öz qanunlarını bilməmələri. Əgər hansısa bir müəllim tələbədən rüşvət istəyirsə və ən əsası tələbə oxuyub amma müəllim qiymət yazmırsa, tələbə qorxudan səhəri günə “əli dolu” (pulla) gəlir. Dəfələrlə bu halla qarşılaşmışam. Belə olmağın da səbəbi tələbələrin öz hüquqlarını bilməmələridir. Oxuyan tələbə hər bir halda, müəllimin ona qiymət yazmayacağını söylədiyi halda belə haqlıdır. Məncə, müəllim təhsil verməyə, tələbə isə təhsil almağa borcludur.

Fikirlər çoxdu lakin məqalələr bu fikirləri ifadə etməyə yetmir. İnşallah şəffaf təhsili seçən hər bir tələbə və ya gənc bu “adət-ənənəni” ləğv edəcək və həqiqətən də təhsilin, biliyin, istedadın, gəncliyin hər hansı bir kağız parçasından üstün olduğunu sübut edəcək. Bunun üçün bir olmaq lazımdır. Bir amal, bir məqsəd üçün çalışmalıyıq. Çünki, biz sadəcə özümüz, uşaqlarımız və ondan sonrakı nəsillər üçün yox, əsrlərlə şəffaf təhsili seçən cəmiyyət formalaşdıracağıq.

Murad Mustafayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı