Modern.az

Azərbaycan məktəbləri və türk liseyləri

Azərbaycan məktəbləri və türk liseyləri

Ölkə

12 Oktyabr 2011, 14:48

Azərbaycanın təhsil sistemi çürüməyə doğru gedir. İmkanı olan adamlar övladlarını ali təhsil almaq üçün müxtəlif Avropa ölkələrinə göndərirlər. Son illər Bakıda fəaliyyət göstərən türk liseylərinə, eləcə də əcnəbilərə məxsus digər təhsil müəssisələrinə kütləvi axın müşahidə olunur.

Ötən il bir qohumum Türkiyə Diyanət Vəqfinin nəzdində fəaliyyət göstərən liseyə imtahan verirdi. Qəbul üçün elan olunmuş 100 yerə 1200-dən çox şagird sənəd vermişdi. Əhali arasında digər türk liseylərinin də nüfuzu yüksəkdir. Anadolu liseyində oxumaq istəyən şagirdlərin sayı ilbəil artır. Bakıda fəaliyyət göstərən Atatürk liseyi də prestijli təhsil ocaqlarından biri sayılır.
"Çağ" Öyrətim Şirkətinin tabeliyində olan türk liseylərinin nüfuzu isə Azərbaycanın bəzi ali məktəblərinin nüfuzundan yüksəkdir. Bakıda valideynlər övladlarının bu liseylərdə oxuması üçün ildə 4-6 min manat vəsait ödəyirlər. Son illər Azərbaycanda yüksək nəticə göstərən abituriyentlərin böyük əksəriyyəti "Araz" kurslarının məzunlarıdır. Oktyabr ayının 3-dən etibarən "Araz" kurslarına növbəti qəbul prosesi başlayıb. İnsanlar təkcə 11-ci deyil, 6-cı sinifdə oxuyan övladlarının da bu kurslarda təhsil alması üçün fantastik məbləğdə vəsait ödəyirlər. Bu texnika əsrində heç kim övladının korafəhim olmasını istəmir.

Rüşvət Azərbaycanın təhsil sisteminə olan inamı sarsıdıb. Azərbaycanın dövlət büdcəsi ilbəil artsa da, hələ də sinif otaqlarını valideynlər təmir etdirirlər. Tualetdəki lampalar belə şagirdlərdən yığılan pulların hesabına dəyişdirilir. Sinif otaqlarının pəncərələrini, təbaşiri, hətta zibil qutusunu da valideynlər öz pulları ilə alırlar. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində hər ay şagirdlərdən fondpulu yığılmır. Fondpulunu gətirmədiyi üçün şagirdi küncdə saxlayan müəllim ancaq bizim Təhsil Nazirliyi sistemində işləyə bilər. İmkansızlıq üzündən bəzi valideynlər övladlarını təhsildən kənarda saxlayırlar.

Türk liseylərində çalışan müəllimlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Həmin liseylərdə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş dərs vəsaitlərindən istifadə olunur. Amma burda təhsil sistemi sağlam əsaslar üzərində qurulduğu üçün həmişə yüksək nəticə əldə olunur. Rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq kimi neqativ hallar türk təhsil sisteminə yaddır. Böyük zəhmət, sonsuz məsuliyyət və qarşılıqlı hörmət sonda uğur gətirir.

Həmişə məni bir sual düşündürüb: əcəba, təhsilimizə rəhbərlik edənlər validyenlərin öz övladlarının türk liseylərində oxuması üçün hər il 6 min manat ödədiyini görəndə, hansı hisləri keçirirlər? Görəsən, hər il qəbul imtahanlarında 700 bal toplayan yeddi nəfərin ən azı dördünün "Araz" kurslarının məzunu olduğunu görəndə, Təhsil Nazirliyinin rəhbərliyi nə düşünür...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı