
Gələn ilin mayında Azərbaycanda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsinin milli seçim turlarına start verilib. Bu barədə Modern.az-a İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov məlumat verib. O, bildirib ki, müsabiqə olaraq "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq.
T.Məmmədovun sözlərinə görə, müsabiqənin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio təmsilçimizi müəyyən etmək üçün milli seçim turuna başlayır: "Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq".
Milli seçim turuna qatılmaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
- Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə dəvət edilir. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər.
İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan-Şərifzadə küçəsi, 241) müraciət edə bilər.
Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilən şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir.
Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsi gələn il mayın 22, 24 və 26-da keçiriləcək. Mayın 22-də birinci yarımfinal, 24-də ikinci yarımfinal baş tutacaq. Müsabiqənin final mərhələsi isə mayın 26-da olacaq.
Müsabiqənin keçirilməsi üçün bu ilin yayında arenanın tikintisinə başlanılıb. İnşaat işlərini “Alpine Bau Deutchland AG” şirkəti həyata keçirir. Dövlət Bayraq Meydanın yaxınlığında tikilən "Bakı Büllur Zalı" idman kompleksinin tutumu 25.000 nəfərlik olacaq.
Kompleksin tikinti işlərini 8 ay ərzində başa çatdırmalıdır. Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən Kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 milyon manat məbləğində vəsait ayrılıb.
“Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva rəhbər təyin edilib.
Modern.az