Modern.az

Vaqif Səmədoğlu: "Bakıda heç vaxt Skandinaviya şəhərlərində olan təmizliyi görməyəcəyik“

Vaqif Səmədoğlu: "Bakıda heç vaxt Skandinaviya şəhərlərində olan təmizliyi görməyəcəyik“

Ölkə

14 Oktyabr 2011, 11:12

Görənlər deyir ki, sovetlərin vaxtında küçəni təmizləyənlər öz işlərini insanlar işə getməzdən qabaq tamamlayırmışlar. Daha indiki kimi toz-torpağı işə gedənlərin üstünə dağıtmazmışlar.

Özü də bu məsələ indi kütləvi hal alıb və demək olar ki, bütün ölkə boyunu əhatə edir.

“525-ci qəzet”in əməkdaşı, paytaxt sakini Pərvanə Soltanova da bunu təsdiqləyir. O da Bakının küçələrinin insanlar işə gedən zaman təmizləməsindən narahatdır: “Bayılda yaşayıram. Səhər saat 9 və ya 10-da evdən çıxıb dayanacağa gəlirəm. O vaxt küçə süpürmək olar. Dayancaqda avtobus gözləmək üçün dayanırıq, işə gələndə üst-başımız toz-torpaq olur. Hər gün eyni mənzərə...”.

P.Sultanova hesab edir ki, şəhəri təmizləyənlər səhər saat 6-da durub işlərini görməlidir, çünki saat 7-də də işə gedənlər var və onlara mane olmaq, toz-torpağa bürümək düzgün deyil.

“Səfərdə olduğum bir çox ölkələrdə, o cümlədən Avropa şəhərlərində saat necədə ayılsan şəhəri təmiz görürsən və bir dənə də olsun zibil parçasına rast gəlmirsən. İnsanlar küçəyə çıxanda artıq hər tərəfi təmiz olur. Ancaq Bakının paytaxt olmasına baxmayaraq, hər tərəf zibilli, üstəlik də az qala küçələri günorta təmizləyirlər. İndi səhər yuxudan duranda təmiz hava udmaq əvəzinə toz-duman uduruq”.

Şəhərin gec saatlarda təmizləndiyini deyən digər paytaxt sakini Aynur Elgünəş də Bakının zibilli şəhər olduğunu vurğulayıb. O da hesab edir ki, küçələr gecə təmizlənməlidir, səhər duranda isə hər tərəf təmiz olmalıdır.

“Buna səbəb isə onların məsuliyyətsiz olmalarıdır. Həm də süpürgəçilərin əksəriyyəti yaşlı qadınlardır və onların da əmək qabiliyyəti azalıb”.

Xalq şairi, Bakı sakini Vaqif Səmədoğlu bildirib ki, Sovet dövründə küçələrdə elə bu gündə olub: “Sovet dövründə də Bakıda biz yaşayırdıq və küçələrimiz onda da it günündə idi. Təmizlikdən danışıb, küçəyə zibil atırdıq. Bakıda heç vaxt Skandinaviya şəhərlərində olan təmizliyi görməyəcəyik”.

Xalq şairi küçələrin bu vəziyyətdə olmasından narahat olmadığını da qeyd edib: “Mənim narahatçılğım vacib deyil, qoy şəhər rəhbərliyi narahat olsun” - deyə o, əlavə edib.

Paytaxt küçələrinin təmizlənməsinin belə gecikməsinin səbəbini öyrənmək üçün Modern.az olaraq Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə əlaqə saxladıq. Departamentin rəis köməkçisi Sabit Əzizov isə sualımızı cavablandırmadı.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı