
İsrail ordusunun ötən il mayın 31-də Fələstinin Qəzza sektoruna humanitar yardım aparan Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmi karvanına hücumu yaddaşlardan silinməyib. 6 gəmidən ibarət karvana hücum edən İsrail hərbçiləri gəmilərdə olan 70 dinc könüllüdən 9 nəfəri qətlə yetirmişdilər. Modern.az saytının məlumatına görə, “Mavi Mərmərə” olaylarının şahidlərindən bir neçəsi Bakıya gəlib. Qanlı hadisələri gözlərilə görmüş şahidlərin Bakı səfərini tanınmış jurnalist Sevil Nuriyevanın rəhbəri olduğu “Asiya Dialoqu” İctimai Birliyi təşkil edib.
Bu barədə saytımıza məlumat verən Sevil Nuriyeva bildirib ki, “Asiya Dialoqu” İctimai Birliyi qanlı “Mavi Mərmərə” olaylarının şahidlərinin iştirakı ilə oktyabrın 17-də saat 11.00-da “Park İnn” otelində konfrans keçirməyi planlaşdırıbmış. Bununla əlaqədar otellə əvvəlcədən razılıq da əldə olunub, dəvətnamələr hazırlanıb. Amma oktyabrın 15-də “Park İnn” otelindən Sevil Nuriyevaya zəng edib deyiblər ki, konfransı keçirməyə hazır deyillər, təmir işlərinə başlayıblar.
Xəbəri şərh etməyən tanınmış jurnalist bundan təəssüfləndiyini deyərək bildirib ki, təmir işləri olacaqdısa, “Park İnn” otelinin rəhbərliyi bunu əvvəlcədən söyləməli və “Mavi Mərmərə” olayları ilə bağlı tədbirə razılaşmamalıydı. Konfransa 2 gün qalanda otelin belə bir addım atması Sevil Nuriyevanı da təəccübləndirib.
Bununla belə, həmkarımız konfransın təşkilində israrlıdır və deyib ki, tədbir elə həmin gün, həmin saatda – 17 oktyabr saat 11.00-da - “Avropa” otelində keçiriləcək. S.Nuriyevanın sözlərinə görə, burada məqsəd qanlı hadisələrlə bağlı gerçəyi şahidlərin dili ilə Azərbaycan ictimaiyyətinə çatdırmaqdır.
Modern.az