Modern.az

Rəşid bəyin "Uşaq bağçası" (Araşdırma)

Rəşid bəyin "Uşaq bağçası" (Araşdırma)

Ölkə

17 Oktyabr 2011, 11:02

 Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və  bir  çox  digər ölkələrin arxiv və muzeylərində məktəb və maarifçəlik tariximizə aid qatı açılmamış, az və ya ötəri nəzərdən keçirilmiş minlərlə qiymətli əlyazmalar, dərslik, qəzet  və  məcmuələr var.  Bu qiymətli xəzinələrdən söz açmaq, onları müasir oxuculara, tədqiqat və elmi araşdırmalarla məşğul olan işıqlı fikir adamlarına  çatdırmaq bu işdə səriştəsi və  bacarığı  olan hər ziyalının müqəddəs  borcu olmalıdır. Mən də belə bir müqəddəs borcun yerinə yetilməsinə başlayıram.                                                                                                       

Ana  dilində yazılmış  ilk dərsliklərimizdən biri:  Rəşid bəy Əfəndizadə.  "UŞAQ BAĞÇASI"

Rəşid  bəy  Əfəndiyev  (rus dilində yazılmış sənədlərdə Rəşid bəyin soyadı Əfəndiyev kimi yazılıb- N.N.) Azərbaycan dilində təhsil alan hər bir  azərbaycanlının hələ  ibtidai məktəb illərindən tanıdığı  söz ustalarından biridir. "Ay havada uçan durna" misrası  ilə başlanan  gəraylını yaşlı nəslin adamları nostalji  hislərlə  hələ  də zümzümə  edirlər.

R.Əfəndiyev 1863-cü ildə Şəkidə anadan olub, ilk təhsilini də bu şəhərdə  alıb. 1879- cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda bu yeni təhsil ocağının ilk tələbələrindən biri də R. Əfəndiyev olub.  O, 1882- ci ildə seminariyanı bitirərək, Qutqaşendə (indiki Qəbələ-N.N. ) kənd məktəbinə müdir təyin olunub, 1890-cı ilin əvvəllərində  Xaçmaz  (indiki  Oğuz rayonunundadır- N.N.) kənd məktəbinə müəllim işləməyə  göndərilib. 1892-ci ilin  sonlarında R.Əfəndiyev Tiflisə gəlib, dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsinə təyin olunub. O vaxt müfti vaxtilə  Qoridə Rəşid bəyə  ana dili və şəriətdən dərs deyən Hüseyn Əfəndi Qayıbov idi.     
     
Rəşid   bəyin   Tiflisə  dəvət edilməsi təsadüfi deyildi.  Müfti Hüseyn Əfəndi Qayıbov tutduğu dini  vəzifə çərçivəsində böyük  maarifçilik  işləri görürdü: kənd və şəhərlərlərdə yeni məktəblər açır, yazılı və şifahi ədəbiyyatın inkişafına,  qabaqcıl müəllimlərin  yazdıqları dərslik və risalələrin çapına qayğı  göstərirdi. Yeri gəlmişkən, qeyd edək ki, Rəşid bəy 1882- ci ildə seminariyanın son  kursunda oxuyarkən müəllimi Hüseyn Əfəndi onun doğma Şəki şəhərinə  həsr etdiyi bir şeirini çap  olunmaqdan ötrü Tiflisə "Ziyayi-Qafqasiyyə" qəzetinin naşiri və sahibi Hacı Səid Əfəndi Ünsizadəyə göndərmişdi. Səid Əfəndi qəzetın tələbatı və imkanı  xaricində olduğu üçün şeiri dərc etməsə də, gənc  şairi  naümid  qoymamış, gələcəkdə məxsusi bir məcmuədə ona yer ayıracağına söz vermişdi. Təəssüf   ki, belə bir məcmuənin çap olunub-olunmadığı məlum deyil.

Sənədlərdən məlum olur ki, R.Əfəndiyevdən əvvəl Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsində  şamaxılı Mirzə Seyfəddin Seyidov işləyirmiş. O,Tiflis Məhkəmə Palatasına tərcüməçi vəzifəsinə keçəndən sonra  R.Əfəndiyev onun yerinə müvəqqəti olaraq işə götürülüb.  Səriştəsi, bilik və bacarığı, yazı mədəniyyəti nəzərə alınaraq, R.Əfəndiyev bir neçə aydan sonra  daimi işə keçiririlib.

R.Əfəndiyev  bundan üç ay sonra  kənd mollası və müəllimlik  attestatı almaq üçün Tiflis--Kutaisi  Sünni Məclisinə müraciət edir. 1893- cü il iyunun 6-da  imtahan  verir.  Zaqafqaziya Ruhani İdarəsinin 2 iyul 1893-cü il tarixli  qərarı  ilə  ona  kənd  mollası  və müəllimliyi təsdiq edən  760 nömrəli  attestat  verilir.

Məşhur müəllimlər  seminariyasını bitirib, 10 ildən artıq bir  müddətdə  kənd məktəblərində  müəllimlik edən R.Əfəndiyevin dini idarədən  sənəd  alması təəccüblü görünməməlidir. Bu, çox güman ki, yeni vəzifədə  möhkəmlənmək, Zaqafqaziya Müəllimlik Seminariyasında işə düzəlmək, hazırladığı dərslikləri Ali Ruhani İdarəsinin xətti ilə  çap etdirmək məqsədi daşıyırdı.

R.Əfəndiyev Ruhani İdarəsində  katib vəzifəsindən o yana yüksələ bilməyib. Yaxşı  xətti, tərcüməçilik məharəti, vəzifə borcuna vicdanlı münasibəti Rəşid bəyə  baş ucalığı gətirsə  də,  aldığı az maaşdan bezərək, o, ailəsini yaxşı  yaşatmaq  üçün  əlavə gəlir yolları  axtarır.  Özünü oda-közə atsa  da, yeganə  çıxış yolunu elmdə və ədəbi yaradıcıluqda  görür. Bu cəhətdən R,Əfəndiyevin 1898-ci il apelin 4-də müfti H.Qayıbov həzrətlərinə yazdığı ərizə maraq doğurur. Ərizəçi  ayda 34 manat 29 qəpik əmək haqqı  aldığını, 6 nəfərlik  ailəsini güclə  dolandırdığını ürək ağrısı ilə bildirir və vacib maddi həyati  tələbatını ödəməkdən ötrü gürdüyü  işlərdən söz  açır:
"Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ xalq  maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) nəşr etmək qərarına  gəlmişəm. Kənd məktəblərində Azərbaycan və rus  dillərini tədris edərkən 10  il ərzində  müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq  nəticələr  qazanmışam. Gündəlikdə əsas yeri rus məxəzlərindən götürülmüş  məqalələr, Puşkin, Lermontov, Krılov, Koltsov, Jukovski və başqalarının əsərləri tutur. Senzor Komitəsinin icazəsi ilə əsəri ərəb  əlifbasının kolliqrafiya  qaydaları ilə çap  etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol (İstanbul-N.N.) şəhərinə göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən  adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin  düzgün  korrektə olunacağına zəmanət  vermir. Odur ki, dərsliyi korrektə  etmək  üçün Konstantinopola getmək  istəyirəm”.

R.Əfəndiyev  ərizəsinin sonunda  səfərlə  əlaqədar  olaraq, ona iki aylıq  məzuniyyət  verilməsini xahiş edir.
Zaqafqaziya  müftisi H.Ə.Qayıbovun  18  may 1898-ci il  tarixli 770  nömrəli  təliqəsinə  əsasən R.Əfəndiyevə Konstantinopola  getmək  üçün ona  mayın  20-dən iki  aylıq  məzuniyyət və  xarici pasport verilir.

R.Əfəndiyevin  ilk  dərsliyi-"Uşaq bağçası” elə  həmin il  İslambulun (şəhərin adı dərslikdə belə yazılıb- N.N.)  Babəli caddəsi 38 nümrəli ünvanda yerləşən  İvanaki Penayotidis mətbəəsində çap olunur. Kitabın uz qabığında başlıqdan sonra  "Savadsız adam bir ayda oxuyur və..” sözləri yazılıb ki, bu da dərsliyin dəyərini göstərən epiqraf kimi başa düşülməlidir.

Ümumi  təəssürat üçün  titul səhifəsinin yazılarını yazılarını olduğu kimi təqdim edirik: 

"Müəllif  və mucidi (yaradanı, vücudə gətirəni-N.N.)  Rəşid bəy Əfəndizadə. On sənəmüzirində kəsb olunmuş təcrübədən sonra tazə üsuli-sövti  üzrə təsis olunub  təliq (ərəb  yazısı növlərindən biri--N.N. )  və  cüls xətləri üzrə  tərtib olunubdur. Qiyməti  1 manat  20 qəpikdir. Hər həqqi   müəllif  və  naşirinə  aiddir. Maarif  nəzarət  cəliləsinin rəzasəti  ilə təb  olunmuşdur. İslambul.  İvanaki Penayotidis mətbəəsi, Babəli cadəsi, 38. 1316 səneyi-islamiyyə  (1898 səneyi məsihiyyə)".

"Uşaq bağçası"nın çapına 1896- cı il fevralın  29- da Qafqaz  Senzor  Komitəsi  tərəfindən icazə verilib. Görünür, kitabın çapının 2 il ləngiməsi nəşriyyat  problemləri ilə bağlı  olub.

"Uşaq bağçası"nın  həcmi  137 səhifədir.  Əsər giriş və  3  fəqərədən-hissədən ibarətdir.  Dərslik  "Müəllim  Rəşid bəy  Əfəndizadə" imzalı 7  səhifəlik müqəddimə ilə  başlayır. Birinci hissənin materialları  25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən  nömrələnib (səh.1-78 ). Üçüncü  hissənin materialları 79-cu səhifədən başlayır, 105 ci səhifədə tamamlanır.

Sonuncu-nömrəsiz cəhifədə Zaqafqaziya müftisi  Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam Axund Əbdüssəlam Axundzadənin hərəsinin  ayrı-ayrılıqda  bir cümləlik  müsbət  rəyi-icazəsi çap olunub.

Dərsliyin  birinci hissəsi dilin fonetik  və leksik materiallarının tədqiqinə həsr olunub. Buradakı nəzəri materialların izahında yeri düşdükcə atalar sözü və məsəllərdən istifadə olunub. Dərsliyin  ikinci  və  üçüncü  hissələrinin materialları müntxəbat xarakterlidir.  Burada  rus  və dünya ədəbiyyatından  tərcümə  və  iqtibas  edilmiş təmsil, hekayə, zərifə və s. janrlarda olan nəzm  və nəsr  nümunələri məktəb yaşlı uşaqların  mənəvi dünyasini zənginləşdirən, onların mütaliə mədəniyyətinə   yönələn dəyərli materiallar kimi diqqəti cəlb edir
Dərslikdə klassik  Azərbaycan ədəbiyyatından,  "Kəlilə  və  Dimnə"dən, şifahi xalq ədəbiyyatından  tərcümə seçıilmiş materialların çoxu  dərslik  müəllifinin yüksək  tərbiyəvi əhəmiyyəti olan  şərhlər   ilə müşayiət olunub.

"Uşaq  bağçası" dərsliyindəki  materialların  əksəriyyətindən  müasir  dərsliklərinin yeni nəşrlərində istifadə etmək olar.

Nazim Nəsrəddinov          

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı