Aqil Abbası həyəcanlandıran anlar...

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xeyli vaxtdır yazıçı, millət vəkili Aqil Abbasın “Dolu” romanı əsasında bədii filmin çəkilişlərini həyata keçirir. Oxucular və ədəbi ictimaiyyət arasında böyük əks-səda doğuran əsərdə söhbət Qarabağ müharibəsindən gedir. Aqil Abbas Modern.az saytına verdiyi açıqlamada deyib ki, rejissor Elxan Cəfərovun quruluşunda çəkilın filmin bu günlərdə növbəti kadrları lentə alınarkən maraqlı bir hadisə yaşanıb.
Müəllifin sözlərinə görə, Qarabağ müharibəsi mövzusunda çəkilən filmin növbəti kadrları Ağdam rayonu ərazisində, cəbhə xəttinin yaxınlığında lentə alınırmış. Kadrlardan birinə Ağdamın 200 nəfər yerli sakinini də çəkmək lazım gəlib. Bu kadrların çəkiliş meydançasında əsl müharibə əhval-ruhiyyəsi yaranıb. Filmə çəkilən 200 nəfər Ağdam sakininə isə elə gəlib ki, onlar həqiqətən də cəbhə xəttini yarıb Ağdam rayon mərkəzinə doğru yürüş edəcəklər. Və elə bu istiqamətdə hərəkətə kökləniblər. Hətta ətraf kəndlərdən də bunu eşidib gələnlər olub.
Aqil Abbasın sözlərinə görə, yaranmış vəziyyət çəkiliş qrupunu da həyəcanlandırıb. Filmin çəkiliş meydançasındakı müharibə səhnəsindən ruhlanan yerli sakinlər hamılıqla Ağdama doğru yürüş edəcəklərini doğrudan-doğruya qətiləşdirəndə Aqil Abbas da daxil olmaqla “Dolu”nun yaradıcı heyətinə rəhbərlik edənlər bir təhər onları sakitləşdiriblər.
“Biz onları güclə başa saldıq ki, yürüş eləmək olmaz bu filmdir, çəklişə cəlb olunmusunuz. Amma hamımızı həyəcanlandıran bu səhnə eyni zamanda mənə qəribə bir ovqat bəxş elədi. Mən elə bilirdim insanlarımızı müharibə əhval-ruhiyyəsinə kökləmək çətin olar, elə bilirdim onların torpaq uğrunda ölümün üstünə getmə hissləri ölüb. Amma əyani şəkildə bunun əksini gördüm və bir daha şahidi oldum ki, Qarabağ camaatı, azərbaycanlılar sabah əmr veriləcəyi təqdirdə torpaq uğrunda savaşa atılmağa hazıdırlar”-deyə Aqil Abbas bildirib.
Modern.az