Ara-sıra qəzetlərdə, xəbər agentliklərinin saytlarında, portallarda əzəmətli manşetlər yer alır: «Misir Mərdanovdan sərt mesaj!», «Təhsil naziri od püskürdü» və sairə…
Özü də bu tip başlıqları tapıb təmtəraqla yazanlar da elə, Misir Mərdanovun təhsil naziri işlədiyi dövrdə orta məktəbləri bitirib ali təhsil ocaqlarının köynəyindən çıxan qələm yoldaşlarımdır… Əlqərəz! Fikrim təhsil nazirini «top atəşi»nə tutmaq deyil. Əslində təhsilimizə gətirilən superyeniliklərin təkcə birindən danışmaq istəyirəm.
Ötən ilki dərs ilində məktəbə yenicə qədəm qoymuş qızımın (ata olmağımla qürur duyuram deyə, övladım haqda yazdığım üçün lap çoxdan yaddaşlara gömülmüş mili mentalitetimizə uyğun olaraq oxuculardan üzr istəməyəcəm. Əvəzində, yazının sonunda üç ayrı-ayrı P.S yazacağıma görə məni bağışlamalarını təvəqqe edirəm) ev tapşırıqlarına göz gəzdirirdim. Evdə oxumaq üçün verilmiş nağıl kitabının ilk sətirlərinə nəzər yetirməyim kifayət elədi ki, nağılı sona qədər oxuyum. Bir kişinin dörd oğlundan bəhs edirdi. Belə ki, oğlanlarını böyüdüb boya-başa çatdıran ata onları başına toplayıb deyir ki, daha bəsdi yeyib yatdınız. İndi hərənizin bir sənət sahibi olmağın vaxtı çatıb. Tənbehdən nəticə çıxaran cavanlar hərəsi bir səmtə üz tutub sənət öyrənməyə gedirlər...
Ay ötür, il dolanır qardaşlar qoca atalarının yanına dönürlər-biri məhşur baxıcı, o biri dərzi və dülgər, digəri oğru, sonbeşikləri isə mahir ovçu…
İllərdi yol gözləməkdən gözləri tutulan ata elm-sənət öyrənib geri qayıdan balalarını qucaqlayıb öpməyə macal tapmamış padşah car çəkdirir ki, qızımı əjdaha aparıb, kim gedib gətirsə qızımı da, var-dövləti də ona verəcəm. Hələ ki, valideyn olmağın dadını-duzunu bilməyən dəliqanlılar atalarını çar-naçar qoyub gedirlər padşıhın qızını axtarmağa. Böyük qardaş rəml atıb görür ki, «əjdaha qardaş» qızı uzaq dəryaların ortasındakı qayalıqlara aparıb. İkinci qardaş üç günün içində gön və taxtadan bir gəmi düzəldir, gəl görəsən. Qardaşlar gəmiyə minib az gedirlər-üz gedirlər, üzə-üzə gəlib çatırlar mənzil başına. Bu məqamda əjdaha yatmış olur. Üçüncü qardaş tələm-tələsik məharətini göstərib qızı oğurlayır.
Əjdaha bir vaxt ayılır ki, xalqımızın «dəyərli» oğlanları onun qənimətini «aradan çıxarıblar». Uça-uça gəlib gəmiyə çatır. Dişinin dibindəki «oqnamyotu» işə salmaq istəyir ki, sonbeşik qardaş oxla onin iki gözünü bir deşikdən çıxarır…
Beləcə, gəlib çıxırlar padşahlığa. Qibleyi-aləm onlara sözünün üstündə durduğunu, amma qızı hansı qardaşa verməli olduğunu bilmədiyini deyir. Həyatın ilk sınağından üzüağ çıxan qardaşlar qızın üstündə bir-biriərini qırırlar-lap bizim «vasmoy» bazarındakı alverçilər kimi…
İşin yaxşı getmədiyini görən padşah bu dəfə seçim hüququnu qızın özünə verir (demokratiya bizdə ta qədimdən olub). Ağlı-kamalıyla əjdahaları belə heyran qoyan qız özünü baxıcı, dülgər, oğru, ovçu qardaşlardan birinə layiq bilmədiyindən bütün növ izdivacları «boykot» edir. (Atasından ağıllı olan qız yəqin ki, o vaxtların bizim «medinstitut»-a oxşar bir universitet-institut oxuyubmuş. Hər necə olsa da, imkanlı adamın qızı olub…).
Nazənin gözəlin «dobro»sunu ala bilməyən «qaqaş»lar paylarına düşən ənamlarını alıb qəflə-qatırla (O vaxtın VAZ-2107-si) «avtoşluq» eləyə-eləyə atalarının yanına yollanmaqda olsunlar, bizdə bu sətirləri geri oxuya-oxuya əvvələ-təhsil məsələsinə qayıdaq…
Bax, budur bizim indiki təhsilimizin mahiyyəti. Baxıcı, dülgər, dərzi, oğru, ovçu (daha doğru desək, brokonyer) yetişdirməkdən özgə heç nəyə gücü çatmır.
Yenə nağılımızın qəhrəmanları dişləri-dırnaqları ilə əlləşib bir işin öhdəsindən gələ bilirlər. Day, bizimkilər kimi diploma ətək-ətək pul verib işə qəbul imtahanlarında ikona kimi boynubükük qalmayıblar.
P.S. Görəsən bizim təhsil işçiləri bilirlərmi ki, hansısa bir əjdaha gəlib bizim gələcəyimizi padşahın qızı kimi oğurlayıb aparsa, indiki məktəblərdə baxıcı, dərzi, dülgər, oğru, ovçu olmağa təlqin edilən uşaqlar nə o əjdahanı axtarıb tapa biləcəklər, nə də ki…
P.P.S. Bizim uşaqlıq illərimizdə isə Məlikməmmədin nağılı dəbdə idi… Orada da qardaşları Məlikməmmədin kəndirini kəsib onu qaranlıq dünyaya yollayırdılar. Zaman-zaman qaranlıq dünyaya atılan Məlikməmmədləri işıqlı dünyaya daşımaqdan vaxt tapa bilməyən Simurq quşu yumurtalayıb bala çıxara bilmədi deyə nəsli kəsildi. Ona görə də indi qaranlıq dünyaya gedənlərimizin işıqlı dünyaya qayıtmaq ehtimalı ABU-nun yenidən universitet kimi işləyə bilməsi ehtimalına bərabərdir…
P.P.P.S. Hər il respublikada neçə-neçə məktəb yaşlı uşaq intihar edir. Bilirsinizmi o uşaqlar kimlərdir? Mən deyim: birinci sinifdə oxuduğu həmin nağılda böyüyəndə dalınca getmək istədiyi sənətin adına rast gəlməyən məktəblilərdir-cəmiyyətə yararsız olduqlarını düşünüb dünyada artıq yer tutmaq istəmirlər. Və həyatlarına son qoyurlar.
SON SÖZ: Mənə belə gəlir ki, Misir Mərdanovun və onun komandasının Ramil Usubovdan və daxili işlər orqanlarından xoşları gəlmir. Elə buna görə də, hər il on minlərlə uşağı məktəblərdə bədbəxt eləyib cinayətkar ünsür kimi cəmiyyətə «tir eləməklə» öz nifrətlərini biruzə verirlər: «Qoy, kimin yaxası əldə qalır qalsın!!!».