Modern.az

Biganəliyimizin faciəsinin romanı

Biganəliyimizin faciəsinin romanı

Ölkə

16 Yanvar 2012, 11:11

Yaxın tarixi qələmə alaraq romanlaşdırmaq, məncə, elə də asan olmasın gərək. Hələ bir həmin tarix keşməkeşlərlə, ziddiyyətlərlə doludursa. Baxırsan, dünən fərari olanlar bu gün özünü qəhrəman elan edir, az qala millətin xilaskarı qismində təqdim olunur. Əsl qəhrəmanlar isə bir parça çörəkdən ötrü küçələrdə toz olmağa belə dəyməyən həmin fərarilərin ayaqqabılarını təmizləməli olur…

Aqil Abbası tanımasaydım bəlkə də bu kitabı oxumazdım. Və hətta kitabı oxumağa başladıqdan sonra yenə də Aqil Abbası tanımasaydım, kim bilir, onu bir kənara tullayardım. Ancaq maraqlı gəldi və oxudum.

Söhbət onun 2008-ci ildə dərc edilmiş və Qarabağ ətrafında baş verən olaylardan bəhs edən “Dolu” romanından gedir.

Açığı, kitabı oxumağa başladıqda bir qədər cansıxıcı görünür. Hələ bir dilini demirəm. Az qala lori dildə, dastanvari tərzdə qələmə alınan bu kitab ilk baxışdan hətta qeyri-ciddi təsir də bağışlaya bilər. Ancaq oxuduqca, hadisələrin dərinliyinə vardıqca görürsən ki, heç də elə deyil. Sən demə bu kitab çox gərəkli bir tarixi sürəci olduqca ustalıqla oxucuya çatdırır. Oxuyursan və oxuduqca oxumaq istəyirsən “Dolu”nu.

Hadisələr, əsasən, obrazlı şəkildə Dünyanın Ən Varlı Şəhəri adlandırılan bir məkanda baş verir. Olaylarda yer alanlar arasında gerçək adıyla təqdim edilən qəhrəmanlarla yanaşı ümumiləşdirilmiş qondarma adlarla təqdim edilənlər də var. Və maraqlısı odur ki, həmin qondarma adı olanlar gerçək adlarla təqdim olunanlardan heç də az gerçəkçi təsir bağışlamır.

Olayların cərəyan etdiyi yer də elə ilk andan özünü büruzə verir: bura Qarabağdır. Və Qarabağın tamamı deyil, daha çox Ağdamdır. Bir qədər də ətraf rayonlar, yaxın kəndlərdir…

Müəllif romanın başlanğıcında yazır ki, “xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu, yazıçı təxəyyülündən başqa bir şey deyil”…

Açığı, yazarın bu xahişinə əməl etmək mümkün deyil. Çünki adların çoxu nə qədər qondarma olsa da konkret şəxslərə işarə edir. Hələ Qarabağlılar, Ağdamlılar üçün həmin obrazları dərhal ayırd etmək heç çətin olmasın gərək. Yəni oxucunun Aqil Abbasın bu xahişinə əməl etmək imkanı yoxdur…

Roman psixoloji-dramatik əhvalda qələmə alınıb desək, yanılmarıq. Əvvəlcə bir qədər dərin fəlsəfəylə başlayır. Obrazlı fikirlər, Tanrının düşdüyü durum və baş verənlərin arxasında duranların kimliyi çox ustalıqla ifadə edilir: “Hollivud”un və “Mosfilm”in birgə istehsalı olan bu Kinoda senariçilər də, rejissorlar da ermənilərin qohum-əqrəbalarıydı”.

Aqil Abbasın “Kino” dediyi Qarabağ müharibəsidir. “Hollivud” və “Mosfilm”in, yəni Vaşington və Moskvanın birgə istehsalı olan bu filmin senariçi və rejissorları da əslində ABŞ və Rusiya – ermənilərin qohum-əqrəbasıdır…

“Bəxtləri gətirib onlara dəyməyən güllələr ruhlarına, sevgilərinə dəyirdi, arzularına dəyirdi. Və özləri də bilmədən sevgiləri də ölmüşdü, arzuları da, ruhları da.” Əsərin baş qəhrəmanı olan Komandirin müharibənin aybaay qocaltdığı cavanlara baxıb düşündüyü bu idi…

“Gün ərzində o qədər nəzir-niyaz deyirdilər ki, ev-eşiklərini satsalar da Tanrıya borclarını ödəyə bilməzdilər. Amma sonralar bu adiləşdi və analar Doluya öyrəşdikləri kimi buna da öyrəşdilər.” Bax belə. Hər şeydən əli üzülmüş anaların balalarını düşmən gülləsindən qorumaq üçün gücü çatan tək şey, tək çarə bu idi. Doluya öyrəşdikləri kimi buna da öyrəşməkdən başqa çarələri də yoxdu zatən. Dolu dediyimiz isə, bir tərəfdə təbiət hadisəsi, digər tərəfdə rusca “Grad”, türkcə isə Dolu adlanan ağır döyüş silahıdır. Artıq bu Şəhərdə göydən yağan doluyla Dolu adlı silahın yağdırdığı atəşlər arasında fərq yox idi və adamlar buna adət etmişdilər…

“Döyüşə əliyalın gedirik, deyirik, bəlkə bir erməni öldürüb silahını götürdük.” Buna nə deyəsən? Axı heç cür bunu təxəyyül məhsulu adlandırmaq olmaz. Doğrudan da ov tüfəngləri belə əlindən alınmış Qarabağ camaatı Moskvanın tam olaraq təchiz etdiyi erməni-rus birləşmələrinin qarşısında əliyalın qalmışdı. Ancaq buna baxmayaraq əliyalın döyüşə girib düşmənlə vuruşmaq cəsarəti vardı bu insanların.

“İndi At Belində Olan Adam yayxanmışdı divana, qarşısında bir stəkan çay və ləzzətlə bu millətin olmayan televiziyasında bu millətdən olmayanların vur-çatlasınına tamaşa edirdi.” Günümüzdə çox şeymi fərqlidir? Hələ Qarabağ savaşı təzə-təzə alovlanarkən bu cür adamlar tək-tük idi. İndi isə elələrinin sayı da, bu millətin olmayan TV kanallarının sayı da xeyli artıb…

“Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında çox aciz idi… Qeyrətin gücü sinəsi ilə o güllənin, o mərminin qarşısına sipər olmağa çatırdı, bu torpağın yolunda ölməyə çatırdı və ölürdü də.” Silahsız, sursatsız qeyrət gücünə Vətən torpağını belə qoruyurdu insanlarımız…

Romanı oxuduqca insanların illər ərzində necə dəyişdiklərinin, müharibənin və vurduğu zərbələrin necə adiləşdiyinin şahidi olursan elə bil. Artıq çadır şəhərcikləri salınıb. Dünyanın Ən Varlı Şəhəri yer üzündən silinib. Çadır şəhərciklərində bir zamanlar dünyaya qan udduran almanlar yardım paylayır. Bu yardımları almağa gələn II Dünya Savaşı qəhrəmanları həmin almanların qarşısına orden-medallarıyla çıxırlar…

Və bu şəhərin bir məmuru Mozdokdan Berlinədək piyada döyüş yolu keçən, bu yolda ayağının birini və ömrünün illərini xərcləyən II Dünya Savaşı qəhrəmanının sinəsindəki orden-medallara baxıb “əşi bu zir-zibilləri taxıb gəlməyin də” deyə bilir. Ki, həmin “zir-zibillər” birdən yardım paylayan almanların kefinə toxuna bilər…

Bir zamanlar Tanrı İbrahim peyğəmbərə oğlu İsmayılı qurban kəsməməsi üçün qoç göndərmişdisə, bu şəhərin, oğulları qurbanlıq olan analarına səbr və göz yaşları göndərirdi…

Bu şəhərdə oğullarının həlak olduğunu analarından gizli tutardılar ki, ümidləri bir az da yaşasın.

Və bu şəhərdə inanırdılar ki, “…müharibədə üç cür adam var: döyüşənlər, tank belində şəkil çəkdirənlər, bir də müsahibə verənlər”.

“Əlini uzatsa şəhərə çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə bu neçə ildə əl uzatmaq fikrinə düşməmişdi.” Bunlar isə Komandirin son duyğularıdır. Bir zamanlar onun qanı bahasına qoruduğu, hər şeyini qurban verdiyi Dünyanın Ən Varlı Şəhəri düşmən tapdağındadır. Bu tərəfdə isə insanlar yeyib-içməkdə, çalıb oynamaqda. Kimsənin yadına da düşmür o şəhər!

Və Komandirin ölümü!

Bu bir faciədir əslində! Bu roman əsl bir faciənin təsviridir! Həm də sadəcə Qarabağ faciəsinin deyil, Qarabağsızlığa alışma faciəmizin! Və Qarabağ uğrunda hər şeyindən keçənlərə qarşı biganəliyimizin faciəsinin!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı