Bir müəllimim söhbət əsnasında demişdi: “Elmdən abır gözləməyin.” Elə o vaxtdan bu sitatı qulağıma sırğa etmişəm. O səbəbdəndir ki, elmi izah olan yerdə ayıb söhbətləri özümə və başqasına “zapadlo” bilmirəm. Açacağım mövzu sizə bu fikrimi daha aydın əks etdirəcək. Mənim mühakimə edilməyimin fərqi yoxdur, əsas gerçəkliyin fərqinə varılsın istəyirəm.
Haqqında bəhs edəcəyim “ ayıb söhbət” uşaq abortları - körpə genosidinə dairdir. Bunu ancaq genosid adlandıra bilərik, çünki əlimizdəki statisikalar bu ifadəni işlətməyə vadar edir. Üstəlik mən nəinki reallığı əks etdirməyən, onun yaxınlığından da keçməyən statistik rəqəmləri açıqlayıram. Rəsmi məlumatlara görə 1995-ci ildə ölkəmizdə abortların sayı 25228, 2000-ci ildə 17529, 2002-ci ildə 16635, ötən il isə 26800 olub. Müxtəlif ölkələrdə həyata keçirilən abortların rəqəmsal göstəriciləri bizimlə müqayisədə çox fərqlidir. Hollandiyada hər 100 qadından 5-6 nəfər, İngiltərədə 10-15, Rusiyada 65-70, bizdə isə 70-80 nəfər abortdan istifadə edir. Qısacası, sıra etibarı ilə bu məsələdə dünya ölkələri arasında “üstünlüyümüzü” əldən vermirik. İndi bir anlıq düşünək ki, bu rəqəmlərə xəlvət abortlar, ara arvadları, mamaçalar tərəfindən gizli şəkildə evdə edilən, rəsmiləşdirilməyən abortlar daxil deyil. Yəqin ki, dəhşətverici statistik mənzərədir.
İkinci bir vəhşi gerçəklik də odur ki, tərkibində kollagen və amniotik maddə olan bütün kosmetik maddələr məhz abortlar zamanı tələf olan körpələrin doğranmış hüceyrələdir. Yəni, abort tibbi üsuldan çox artıq sənayeləşib, özü də milyonlarla dollar məbləğində qazanc gətirən sənaye..
Hal-hazırda cəmiyyətimizdə yanlış bir düşüncə formalaşıb. Çoxları iddia edir ki, arzu edilməyən hamiləlikdən qurtulmağın tək yolu abortdur. Təbii ki, bu səbəbdən “qəssab”lara (abort edən ginekoloqları nəzərdə tuturam) müraciət qaçılmaz olur. Amma bu heç də deyildiyi kimi son çarə deyil. Qeyd edim ki, arzuedilmədiyi halda ən yaxşı üsul hamiləlikdən yayınmaqdır. Belə ki, bunun üçün savadlı bir ginekoloqla 10 dəq-lik söhbət yetər. O izah edə bilər ki, hansı təbii və süni vasitələrlə hamiləlikdən və ən əsası körpə qatili olmaqdan qorunmaq mümkündür. Bu da çox bəsit məsələdir, yetər ki, öyrənməyə istək olsun. Üstəlik məlum məsələdir ki, abort qadınlarda təhlükəli xəstəliklərə, sonsuzluğa, hətta ölümə belə səbəb ola bilir.
Azərbaycanda bu gün xüsusilə qız uşaqlarının abort edilməsi artıq ciddi məsələyə çevrilib. Belə ki, yeni doğulmuş oğlan uşaqlarının sayı qızların sayından 10-13% çoxdur. Təsəvvür edin, keçən il Azərbaycanda 26 800 körpə ana bətnində öldürülüb, bunun da 70-80%-i qız uşağıdır. Hətta Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb.Vəziyyətin gərginliyinə dair AŞPA belə məsələyə əl qoyub. Gürcüstan, Kosovo, Ermənistan və Azərbaycan kimi ölkələri uşağın cinsiyyətinin müəyyənləşdirilməsini və qız uşaqlarının dünyaya gəlmədən ana bətnindən çıxarılmasını qadağan edən qanunlar qəbul etməyə çağırıb. Amma bir az qanundan kənar bu məsələyə baxsaq, görərik ki, heç bir qadağa abortların azalmasına kömək etməyəcək. Bəs çarə nədir? Əlbəttə maariflənmək, maarifləndirmək....
Düzdür, bunla bağlı bəzi mərkəzlər olsa da, yəqin ki, statistik göstəricilər onların sadəcə kağız üzərində var olduğunun sübutudur.
Bir çoxları maarifləndirmə məsələsində maneə kimi mentalitet, ənənəvi “ayıb pərdəsi” və s. qeyd edə bilər, lakin hansısa geridə qalmış qaydalar körpə genosidindən daha ayıb, daha keçilməz deyil, bu barədə razılaşmaq gərəklidir. Bir dəfə iki xanımla söhbət əsnasında onlara körpənin cinsiyyətinin kişidən asılı olduğunu anlatmağa çalışırdım. Hansı ki, dəfələrlə sırf qız olduğu üçün qatil olmağa razılıq verən bu xanımlar məni sadəcə sperma sözü istifadə etdiyim üçün qınaq obyektinə çevirdilər. Burada qeyd etmək yerinə düşər: Sperma sözünü ayıb bilən ana körpəsini öldürməyi (cinsiyyəti 3 aylığında müəyyən etmək olur ki, xüsusən bu zaman aborta baş vurulur) ayıb bilmir. Demək ayıb, həya anlayışlarımız kökündən yanlışdır.
Mən təklif edərdim ki, xüsusən orta məktəblərdə şagirdlərə cinsi tərbiyyə verilsin. Bu zaman daha bilgili, daha şüurlu şəkildə gələcəyin valideynlərini yetişdirə bilərik. Bir neçə gün öncə ana olacağımı öyrəndim. İndi bir gənc ana olaraq səslənirəm: İçimizdə böyüyən o qutsal varlığı qorumağa borcumuz var, onu öldürməyə haqqımız yoxdur!
Nərmin Məmmədli