Modern.az

Hanı Azərbaycanda xeyriyyəçilik, hanı Tağıyevlər..?

Hanı Azərbaycanda xeyriyyəçilik, hanı Tağıyevlər..?

Country

27 Fevral 2012, 13:24

Sosial məsuliyyət sosial sifarişə niyə çevrilmir?

Bu günlərdə Ülkər İsmayılqızının internet saytlarında yayılan Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir?  məqaləsini oxuyandan sonra bu yazını  yazmağa qərar verdim. İlk öncə Ülkər xanıma təşəkkürümü bildirirəm ki, belə dəyərli məqalə yazıb. Önəmli məqamlara toxunub. Əsas mətləbə keçmək istərdim.

Xeyriyyəçilik institutuna, sosial məsuliyyət  məsələsinə  son dövrlər   etinasızlıq artıb.  Yumşaq desək  sahibkarlar istər media qurumları, istərsə də  ictimai təşkilatlarla  işləmək həvəsində deyillər. Təəssüf ki, bu sahədə total etinasızlıq var. Bu heçdə o anlama gəlməməlidir ki, sahibkar  min zəhmət hesabına qazandığı bütün sərvətini  götürüb sosial məqsədlər üçün  xərcləməlidir  və yaxud kasıblara paylamalıdır. Ancaq  bir vacib məqam var. Bu da ondan ibarətdir ki, hər bir şəxsin o cümlədən sahibkarın da  sosial məsuliyyəti var.

Bəs, niyə görə, bu sosial məsuliyyət unudulur?

Təbii ki,  bunun səbəblər çoxdur. Mənim qənaətimcə, məsələnin bu həddə çatmasının səbəblərindən biri də qanunlarda olan müəyyən  boşluqlardır. Mövcud qanunvericilik şirkətlərin sosial layihələrə vəsait xərcləməsini stimullaşdırmır.

 Bir çox inkişaf etmiş ölkələrdə xeyriyyə məqsədi ilə ayrılan vəsait vergidən azad olunur və yaxud həmin şəxslər üçün vergi güzəştləri nəzərdə tutulur. Bəs, bu təcrübədən Azərbaycanda niyə istifadə olunmasın?

Vergi güzəştləri  maliyyə vəsaitlərinin dövlət büdcəsindən  itkisi deyil.  Axı sosial layihələr, müxtəlif qrant proqramları  da QHT-lər  tərəfindən icra olunan zaman vergidən azad olunmur. Deməli, burada həmin vəsaitlər  dolayısı ilə  yenidən  vergiyə cəlb olunur. Yalnız yeni qəbul ediləcək qanunlarda bu məqamlara  necə diqqət yetiriləcəyindən bir çox  məsələrlər asılı olacaq.   

Müsbət haldır ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının  təşəbbüsü və dəstəyilə Sosial Sifariş və  bu sahəni əhatə edə biləcək digər qanunlar hazırlanıb.

 Ancaq bir vacib məqam var ki, Azərbaycanda qanunların Avropa standartlarına uyğunlaşdırılması prosesi artıq başa çatıb. Deməli, qanunların hazırlanması və  qəbulu  əsas məsələlərin tam həlli deyil. Ən vacib məqamlardan biri bu qanunların icra mexanizmlərinin tapılmasıdır. 

Burada  şirkətləri xeyriyyəçilik işlərinə, sosial layihələrə cəlb etmək üçün  bəzi məqamlara diqqət yetirmək vacıbdır. Əgər sahibkar yalnız  öz mənfəətindən  hər hansı sosial layihələrə və xeyriyyəçilik məqsədləri üçün  vəsait ayırmaq məcbiriyyətində qalırsa, təbii ki, bu zaman  o, bunu etməyəcək. Müxtəlif  bəhanələrlə bu işdən yayınacaq. Deməli, ən  optimal variantlardan biri  sosial layihələrə dəstək verən sahibkarlara vergi güzəştlərinin tətbiqi ola bilər.  Bundan əlavə bu proseslərdə yaxından iştirak edən  şirkətlərin reytinqini müəyyən edib  həvəsləndirici  ictimai aksiyalar keçirmək olar.

Sosial layihələrə  istər  dövlət qurumlarının, istərsə də özəl şirkətlərin vəsait ayırması  hansı müsbət addımlara stimul verə bilər?

Birincisi, QHT-lərin və medianın maliyyə çevrəsini genişləndirə bilər.  Açıq etiraf edək bu sahədə mövcud olan kasadlığı xeyli aradan qaldıra bilər,

İkincisi, demokratik cəmiyyətlərin prinsiplərinə uyğun olaraq dövlətin sosial idarəetmə sahəsində yükü azalar,

Üşüncüsü, bu prosedurlar  şəffaf  və ədalətlə keçirilsə ictimaiyyət qarşısında hesabatlılıq artar. Bundan daha çox  dövlət və onun vətəndaşları qazanar.

Bu vaxta qədərdə bəzi  dövlət qurumlarında,  özəl şirkətlərdə  belə layihələrə rast gəlinib.  Təəssüf ki,  bu prosedurların, müsabiqələrin necə yerinə yetirildiyi barədə geniş məlumatlar verilmir. Deməli, bu işləri yerinə yetirmək üçün qanunları  təkmilləşdirməkdən  başlamaq lazımdır.

Azərbaycanda mövcud iqtisadi sabitlik və inkişaf tendensiyası sosial həyatın bütün iştirakçılarının qarşılıqlı məsuliyyətini daha da artırmağa zəmin yarada bilər. Digər tərəfdən Azərbaycanda  Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulan və  bu gün çoxlarına örnək ola biləcək xeyriyyəçilik institutunu dirçəltmək lazımdır. Axı hal-hazırda dünyada da geniş yayılan bu təcrübə Azərbaycanda  niyə unudulsun.

Bir faktı nəzərinizə çatdırmaq istərdim. Dünyanın ən varlı insanı olan “Microsoft” şirkətinin yaradıcısı amerikalı milyarder Bill Qeyts və onun fondu isə xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. Davos Dünya İqtisadi Forumunda iştirakı zamanı Bill Qeyts QİÇS, vərəm və malyariya xəstəliyi ilə mübarizə məqsədilə 750 milyon dollar ayırmışdı. Təəssüf ki, azərbaycanlı sahibkarlar haqqında belə informasiyalara rast gəlmirik.

Sonda bir məqama aydınlıq gətirmək istərdim. Həqiqətən  ələbaxımlılıq cəmiyyətdə  çox mənfi tendensiyadır. Lakin  xeyriyyəçilik  və sosial  layihələrə dəstək insanları ələbaxımlılığa öyrətmək deyil. Sosial məsuliyyətini dərk edən hər bir kəs bunlar arasında fərqi və  sərhədləri aydınca görəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı