Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı martın 7-də Milli Məclisin foyesində jurnalistlər üçün brifinq keçirib.
“Media forum” saytının məlumatına görə, o, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisin 7 mart iclasındakı çıxışına toxunaraq deyib: “Saakaşvili sanki hansısa beynəlxalq təşkilatın tribunasından danışırdı. Öz ənənəsinə sadiq qalaraq o, Rusiyanın ünvanına kəskin ifadələr işlətdi. Mən onun sözlərinə qiymət vermək istəmirəm. Lakin mahiyyət etibarı ilə Milli Məclisin tribunasından belə fikirlər səsləndirmək siyasi etikadan kənardır. Mən bu çıxışı avantürist çıxış adlandırıram. Çünki Rusiya ilə Azərbaycanın mehriban qonşuluq münasibətləri var. Azərbaycan hansısa dövlətin daxilindəki problemlərlə məşğul olmamalıdır. Saakaşvili çıxışında bizi buna cəlb etməyə cəhd göstərdi.
Saakaşvili tarixdən də danışdı. Gürcüstanın Azərbaycan tarixindəki xidmətlərini qeyd etdi, ancaq Azərbaycanın Gürcüstanın tarixindəki müsbət rolunun üzərindən sükutla keçdi, bu məsələyə zərrə qədər də olsun toxunmadı. Gürcüstanın bir dövlət kimi qalıb yaşamasında Azərbaycanın, ulu öndər Heydər Əliyevin böyük rolu var. Mən tam əminəm ki, gürcü xalqı ulu öndər Heydər Əliyevin Gürcüstan dövləti qarşısındakı xidmətlərini dəyərləndirir və ulu öndərə böyük sayğı duyur.
O yaxşı oldu ki, Saakaşvili heç olmasa Məhəmməd Əmin Rəsulzadənin adını çəkdi, o dövrün hadisələrinə toxundu. Bu gün mənim Milli Məclisdə çıxış etməyimə imkan verilsəydi, deyəcəkdim ki, tarixə diqqət yetirilsə, rusların Qafqaza dəvət olunmasında gürcü çarı II İraklinin böyük rol oynadığını görərik. Qafqazda Rusiyanın işğalçı siyasətini həyata keçirən, o cümlədən Azərbaycan xanlıqlarını Rusiyaya birləşdirən, soyqırımı törədən Sisiyanovun da gürcü əsilli olduğunu demək gərəkdir.
Saakaşvili Tiflisin Azərbaycan dövlətinin tarixindəki rolunu vurğuladı. Bəli, Azərbaycan dövləti 1918-ci ildə Tiflisdə elan olunub. Ancaq Saakaşvili gürcü xalqının və Gürcüstanın taleyində Bakının cəmi 10 il bundan qabaq oynadığı rolu üzərində dayanmadı. Mixail Saakaşvili Ermənistanın Azərbaycana təcavüzündən də heç nə danışmadı. Mən hesab edirəm ki, onun çıxışı bütövlükdə səmimiyyətdən və həqiqətdən uzaq idi”.
Modern.az