Modern.az

4-cü hakimiyyəti 4 qəpiyə satanlar

4-cü hakimiyyəti 4 qəpiyə satanlar

Ölkə

8 Mart 2012, 16:14

İllər öncə qələmi klaviaturaya dəyişsək də, “qələm əhli” olaraq tanınırıq. Və bəzən də gileylənirik ki, niyə cəmiyyətin gözündə nəinkii 4-cü, heç 400-cü yerdə də deyilik.

Ancaq bir anlıq başqalarına “mız” qoymaqdan əl saxlayıb öz yazdıqlarımıza gözucu nəzər salsaq,  günahkarı kənarda axtarmağın xəcalətindən qurtula bilmərik yəqin ki.

Əlbəttə, hər birimiz bu ölkədə hər şeyin rəvan olmadığının fərqindəyik, Həm də, rəvan olan bir əlaməti görəndə təəccüblənirik. Onsuz da illərdir ki, nazirlərin qabırğasına döşəyirik və çoxlarımız elə hesab edirik ki, tənqidin, təhqirin, qurşaqdan aşağı zərbələrin sayı nə qədər çox, qarayaxmanın rəngi nə qədər tünd olsa, daha çox oxucu qazana, bu yöndəmsiz media rəqabətində qalib gələrik. Ancaq görəsən, bu zaman qaş düzəltdiyimiz yerdə vurub göz çıxardığımızı nəzərə alırıqmı?

Ölkənin ictimai-siyasi həyatında önəmli yer tutan mətbu orqanlarının cəmiyyətin nəzərində urvata minməsi, nəticədə hər kəsin bizimlə hesablaşmağa məcbur olması, bununla da tamarzı qaldığımız “4-cü hakimiyyət” funksiyamızın icrasına başlamağımız ciddi mediadaa çalışanların arzusudur.  Ancaq təəssüf ki, bəzi media mənsubları bu xoşbəxtliyə nəsib olmağımızı naşı, bəlkə də sifarişli addımlarıyla əngəlləyir.

Bəla burasındadır ki, həmkarlarımızın hətta hansısa məmurun hədəfə götürülməsində də ardıcıllıq və səmimiyyət çatışmır. Nəinki diribaş, hətta sadəlövh oxucu da anlayır ki, bu tip yazılar sifarişin məhsuludur və müəllif bütün dəyərlər sisteminə tüpürərək böyük həvəslə stəkanda fırtına yaratmaq, hədəfini hansı yolla olur-olsun sarsıtmaq məqsədi güdür.

Elə götürək ötən ilin yayında gündəmə gəlmiş “Qəbələdə ayı qonaqlığı” əhvalatını. Axı, bu qədər bəsit düşüncəylə, ağılasığmaz sataşma priyomları ilə bütövlükdə mətbuatı gözdən salmaq kimə və nəyə lazım idi?

Əlbəttə, mən də tam əminəm ki, bu məmləkətdə bir çox məmur balaları ikrah doğuran cah-cəlal, eyş-işrət içində yaşayır və sadə vətəndaşa yuxarıdan aşağı baxır. Ancaq bütün bunlar kimsəyə əsas vermir ki, oxucunun inamından sui-istifadə edərək sifarişli niyyətlərini bir murdar ət kimi cəmiyyətə yedirtməyə girişsinlər.

Martın 1-də Qubada məlum olaylar baş verdi və mətbuat da haqlı olaraq baş verənləri eninə-boyuna təhlil etdi, hakimiyyətin qüsurlarını, proseslərin nəzarətdən çıxa biləcəyindən doğan çaşqınlığını cəmiyyətə çatdırmağa çalışdı. Ancaq bu dəfə də “şok xəbər” istehsalçıları ənənələrinə xilaf çıxmadı. Nəticədə qəzetə məlumat ötürən “gizli mənbə” iddia etdi ki, sən demə, mitinqçilərə atəş açmaq əmri verilibmiş, ancaq prezidentin bu qərara sərt reaksiyası sonda qan tökülməsinin qarşısını alıb.

Qəribə burasıdır ki, qəzet bəzi öncəgörənlərə istinadən and-aman edir ki, mitinqçilərə atəş açmaq əmrini şimal bölgəsinin qubernatoru Ziya Məmmədov veribmiş. Bundan da böyük gop olarmı? Ziya Məmmədov kimdir ki, mitinqçilərə atəş açmaq əmrini versin? Axı sadədən sadə məntiqlə hətta Ziya Məmmədovun sərəncamında qanuni silahlı qurum olmuş olsaydı belə, o qan töküləcəyi təqdirdə “öz bölgəsinin” əlindən çıxa biləcəyi ehtimalını nəzərə alaraq kimsəyə qarşı silah işlədilməsinə razı ola bilməzdi. Digər tərəfdən, qanunla onun belə bir imkanı yoxdur və nəqliyyat naziri uzağı mitinqə mane olmaq üçün icra hakimiyyəti binasına gedən yollarda asfaltı qazıb “təmir gedir” bəhanəsiylə insanların  toplaşmasını ləngidə bilərdi. Ancaq həmkarlarımız tamam fərqli qənaətdədirlər və onlar belə hesab edir ki, bütün günah Ziya Məmmədovdadır və onu “Azadlıq meydanı”da asmaq lazımdır.

İstər Ziya Məmmədovun, istər şəkli bu günədək qəzet səhifələrinin “bəzəyi” olan və son dövrlər nədənsə “reklam fasiləsi” elan edilən  Kəmaləddin Heydərovun, istərsə də digər nazirlərin tənqid edilməsi üçün mövzumu qəhətdir? Axı o qədər problemlər var ki, onları acı bağırsaq kimi çözələyəsən, oxucu da buna inanar, hədəfdəkilər də azacıq da olsa özünü yığışdırar ki, heç də hər şey gizli qalmır...

Xoşumuz gəlməyənlərə düzü əyri göstərən güzgülərdə baxmaqla heç nəyə nail ola bilməyəcəyik. Gəlin, gerçəkdən 4-cü hakimiyyət olmağa çalışaq, hakimiyyətdə olandan 4 qəpik qoparmağa yox.

O zaman nə ayı əti yeyən olacaq, nə xalqına güllə atmağı əmr edən...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı