Modern.az

Yaşlı nəsil indiki gənclərə belə qiymət verdi - RƏY

Yaşlı nəsil indiki gənclərə belə qiymət verdi  - RƏY

Ölkə

9 Mart 2012, 17:24

Bütün zamanlarda yaşlı nəslin böyük əksəriyyəti gənclikdən şikayətçi olub.

Modern.az saytı yaşlı nəslin çağdaş gənclik haqqında fikirlərini öyrənib.

“Bizim vaxtın gəncləri daha ağıllı idilər”

Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbas bildirib ki, indiki gənclərin intellektual səviyyəsi onun çox xoşuna gəlir:

“Düzdür, bizim vaxtın gəncləri daha ağıllı idilər. Ədəbiyyat, incəsənətlə  maraqlanırdıq, indikilər isə daha çox informasiya ilə maraqlanırlar. İndi ağıllı və savadlı gənclik gəlir. Ümumiyyətlə, mən gənclikdən razıyam”.

Geyim tərzinə gəldikdə isə A.Abbas indiki gəncliyi geyimə görə sıxmağın lazımsız oldğunu bildirib:
“Cavan vaxtı elə geyinirdim ki, indi onu kim geyinər? İstədiyim kimi geyinirdim, saç buraxırdım, qalstuk taxırdım. Bütün gənclik belə idi. İndiki gəncliyə “bu paltarı geyinmə”, “saqqal buraxma” demək olmaz. Bu müəyyən bir zamandı və gəncliyin öz yaşamı olmalıdır. Özü bildiyi kimi geyinməli, yaşamalıdır. Gəncliyi sıxarsansa, o pis nəticəyə gətirib çıxara bilər”.

“Mənim onlara görə ürəyim ağrayır”

Yazıçı Seyran Səxavət indiki gəncliyin çox pis durumda olduğunu deyib: “Ayrı-ayrı fərdlər var ki, onlar bütün halda gəncliyin səviyyəsi demək deyil. İndiki gənclik yaman gündədi. Bunun da çoxu işsizliklə bağlıdır. O, gənclərin səviyyəsi və azlığı ancaq fərdi xarakter daşıyır. Avtobuslarda gedərkən də görünür ki, gənclərin vəziyyəti çox acınacaqlıdır”.

Yazıçı müasir gəncliyin səviyyəsinin aşağı olduğu üçün davranışda da problemlərin nəzərə çarpdığını deyib: “İndiki gənclərin davranışı çox əsəbidir. İçlərində əzmək, dağıtmaq kimi psixoloji məqam var. Onların da bəarati var. Amma mən istəməzdim elə bəraət olsun. Bu, əsasən bizim təhsillə bağlıdır. Aldıqları təhsil gəncləri o səviyyəyə gətirib çıxardır. Səviyyə dediyimiz bir ziyarətgah var, onun əsası təhsildən keçir. Ümumiyyətlə, bizim gənciliyin toyda, avtobusda özünü aparmaq davranışı son dərəcə pisdi və xoşagəlməzdir. Allah onlara kömək olsun. Mənim onlara görə ürəyim ağrayır”.

“İstərdim ki, gənclər zamanı idarəedən olsunlar”

Sabiq deputat Şahlar Əsgərov öz dövrünün gənclərinin daha çox oxumağa önəm verdiyini deyib: “O zamanlar daha çox oxumağa üstünlük verərdik. İstirahətə, gəzintiyə çox vaxt sərf etməzdik. Universitetdə təhsil alırdıq, təhsildən sonra isə kitabxanaya gedirdik. Altıncı-bazar günləri kinoya, şəhərdə gəzinitiyə gedirdik. Amma indi imkanlar bir az dəyişib. Məlumat almağın yolları çoxalıb. İnternet, televiziya, qəzetlər, digər məlumat kanalları və fikirlər çoxdur. Bu müxtəlif fikirlər yetişməkdə olan gəncləri çaşdırır. İstərdim ki, populyar şəkildə mühazirələr olsun, gənclər bir yerə yığılsın”.

Professor gələcəyə gedən düz yolu seçməyin çox çətin olduğunu bildirib:
“Gələcəyə gedən düz yolu seçə bilsək, çox yaxşı olar. Sovet dövründə yaşayanda Lenin bir yol seçdi. Sən demə bu yol düz yol deyildi və 70 ildən sonra qayıtdıq geriyə. Nə qədər insanların enerji və taleyi bu yolda məhv oldu. Ona görə çalışmaq lazımdır ki, gənclər gələcək yolu düz seçə bilsinlər. Düz ideya dalınca gedərək yaxşını-pisdən, şirini-acıdan ayıra bilsinlər. Bax, belə olsa mən gənclərdən razı ola bilərəm. Gərək biz də gənclərlə işləyək. İstənilən cəmiyyətdə yaşlı nəslin ən böyük borcu gələcək nəsli düz istiqamətləndirməkdir. İndi insanları çaşdıran çox məqamlar var”.

Ş.Əsgərov indiki gənclərin iki yerə bölündüyünü deyib:
“Hər kəs öz dövrünün vətəndaşıdır. Bunu demək olmaz ki, biz necə geyinmişik, siz də elə geyinin. Dövr dəyişdikcə, geyimlər və dəblər də  dəyişir. Bunları normal qarşılamaq lazımdır. Ancaq bunlar formadı, əsas məzmuna fikir vermək lazımdır. Burada ən başlıca amil zamandan düzgün istfadə etməkdir. Gənclərin 1 sutkada 24 saat zaman resursu var. Bu 24 saat zamanı necə xərcləyir? Bunu düzgün xərcləyə bilirlərsə, gələcəyə uğurla gedə biləcəklər. Zaman probleminə fəlsəfi baxsaq, Azərbaycan gənclərini iki yerə bölmək olar. Zaman tərəfindən idarəolunan gənclər və zamanı idarə edən gənclər.
Birinci gənclər zamanın obyektləridir və zaman onları istdiyi yerə sürükləyir. İkinci gənclər isə bu zamanın subyektidir və zamanın boğazına ip salıb arxasınca sürüyür. 5 saat səninlə dərs öyrənəcəm, 3 saat idman edəcəm, 5-6 saat yatacam və s. Ona görə istərdim ki, gənclər zamanı idarəedən gənclər olsunlar”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı