Modern.az

Salyanlıların atası və oğlu

Salyanlıların atası və oğlu

Ölkə

12 Mart 2012, 10:27

Mətbuat xəbər verir ki, Salyanın icra başçısı Tahir Kərimov Quba hadisələrindən bərk təlaşa düşərək yerli əhaliylə “açıq mikrofon” mərasimi keçirib və insanların problemini dinləyərək onların həlli üçün tapşırıqlarını verib. Ancaq icra başçıları “quş buraxmaqda” pərgar olduqlarından Tahir Kərimov də “sıradan qalan qotur düşər” məsəlində olduğu kimi camaata öz təmənnasız sevgisini izhar edərkən “gül vurub”. Belə ki, çıxışının bir yerində emosiyalarına nəzarəti itirərək “mən salyanlıların atasıyam” kimi fikirlər səsləndirib. Sonradan çaşdığını görərək fikirlərində korrektə etməyə məcbur olub və “mən salyanlıların oğluyam” deyib.  

İndi qələm dostlarımız başlayıblar Qubanın keçmiş icra başçısı Rauf Həbibovun başını yeyən açıqlamasıyla Salyanın hələ keçmiş olmayan icra başçısının “quş”unu müqayisə etməyə. Bu azmış kimi bəzi dostlarımız qıcıq doğurması ehtimalı yüksək olan bir paralellik də aparmağa başlayıblar ki, salyanlılar da qubalılardan nümunə götürəcəklər, ya yox. Bəziləri iddia edir ki, qubalılar dağ adamları olduqlarından onlar təhqirə qarşı hədsiz dözümsüzdürlər. Yeri gəlmişkən, Qubadan deputat seçilmiş Vahid Əhmədov da mətbuata açıqlamasında təxminən elə bu cür fikirlər səsləndirmişdi ki, Qubanın camaatı çox səmimi və safdır, bu insanlar mənəvi yöndə təhqirləri heç vaxt qəbul etməzlər.   

Ancaq mən həmkarlarımdan fərqli olaraq elə hesab etmirəm ki, Salyanın icra başçısı çaşıb. Başçı görür ki, bu ölkədə yerindən duran millətə dədəlik etmək iddiasındadır, o da düşünür ki, Prezident də onu salyanlılara atalıq etməyə göndərib. Tahir Kərimov görür ki, onun başçı həmkarları təyin olunduqları rayonlarda at oynadır, yerli əhalinin başında qoz qırır, o da “fərsiz” adlandırılmasın deyə, salyanlılara dədəlik etmək istədiyini, daha doğrusu, artıq etdiyini izhar edir. Bunun nəyi çaşmaq oldu ki? Çaşmaq o olardı ki, Tahir Kərimov salyanlılara xitabən “əziz rayon sakinləri, etdiyim pisliklər üçün sizlərdən üzr istəyirəm və qarşınızda boynum qıldan nazikdir”-  söyləyərdi...  

Düzünə qalsa, rayonlarda başçıların ağızdan mağmun olmasının, iki cümləni biri-birinin dalınca düzməkdə çətinlik çəkməsinin başlıca günahkarı Prezident Adminstrasiyasıdır. Yadınızdadırsa, sovetlər dönəmində “partşkola” deyilən bir Ali Partiya Məktəbi var idi ki, orada Rauf Həbibov, Tahir Kərimov və digər dildən kasad məmurlar üçün xüsusi kurslar təşkil olunurdu. İstər onların yerli əhaliylə davranışları, istərsə də səs-küysüz yola vermələri tədris edilirdi. Ancaq indi dövlət quluğuna elə adamları götürürlər ki, onlar kabinetdə şirə dönsələr də, publika qarşısına çıxanda quruyaraq nala-mıxa vururlar. Bunun da əziyyətini bütövlükdə hakimiyyət çəkir. Ona görə də hakimiyyət sovet ənənəsi olsa belə, icra başçıları hazırlanan ayrıca bir məktəbin yaradılmasına qərar verməlidirlər. Yoxsa günlərin bir günü bu cür davranışlar elə bir fəlakət yaradar ki, Quba məsələsii bunun yanında yalan olar.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı