Modern.az

Azərbaycanda 500 ailə “surroqat ana” yolu ilə uşağa sahib olub

Azərbaycanda 500 ailə “surroqat ana” yolu ilə uşağa sahib olub

Ölkə

12 Mart 2012, 14:46

Milli Məclisin Sosial siyasət komitəsinin hazırladığı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi yenidən gündəmə gətirilib.

Millət vəkili Hadi Rəcəbli Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikaha girən gənclərin sağlamlığının qorunması ilə bağlı müəyyən dəyişikliklər edilib.

“Bu məsələ cəmiyyətdə çox təəssüf ki, kütləvilik kimi qarşılanmır. Buna daha çox neqativ hal kimi yanaşırlar. Biz istiyirik ki, gənclər ailə quranda bilsinlər kim hansı xəstəliyin daşıyıcısıdır. Bu da gələcək üçün problem yaratmasın. Hər halda bu məsələni həll eləmək lazımdır”.

Millət vəkili qeyd edib ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi ötən parlament dövründə müzakirəyə çıxarılarkən çox ciddi münasibətlə qarşılandığından bu məsələ yenidən gündəmə gətirilib.

“Biz bu məsələni yenidən gündəmə gətirdik və bundan vaz keçmədik. Odur ki, bununla bağlı Ailə Məcəlləsinə də bəzi dəyişikliklər edilib. İndi bir çox məsələlər var ki, cəmiyyət buna tam hazır olmalıdır. Ümidvarıq ki, bu qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunacaq”-deyə deputat bildirib.

H.Rəcəbli  əlavə edib ki, Azərbaycanda gənclərin 13 faizinin uşaqvermə qabiliyyəti yoxdur. Ona görə də “surroqat ana” məsələsinin  həlli vacibdir:

“Bu baxımdan məsələnin həlli vacibdir. Bu, aparılan müşahidələr nəticəsində özünü büruzə verib. Bu günə qədər Azərbaycanda 500 ailə “surroqat ana” yolu ilə özünə uşaq əldə edə bilib”.

Qeyd edək ki, bir müddət öncə Milli Məclisin Sosial siyasət komitəsində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi hazırlanmış və əvvəlcə sənədə "surroqat ana" məsələsi salınmışdı.
Lakin Azərbaycan cəmiyyətində qanun layihəsinin məhz bu maddəsilə bağlı böyük hay-küy qopandan sonra "surroqat ana" məsələsi sənəddən çıxarıldı.

Surroqat analıq - qadının ona bioloji yad olan körpəyə hamilə qalmaq, onu bətnində böyütmək və doğmaq üçün könüllü razılıq verdikdə tətbiq olunan yardımçı reproduktiv texnologiyadır.
Doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putinə Paşinyandan bir