Azərbaycanda “yay-qış vaxtına keçid”in ləğv olunması hələ gözlənilmir. Bunu Modern.az saytına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.
Ə.Quliyev bildirib ki, AMEA-nın Rəyasət Heyəti bir müddət öncə Azərbaycanda “yay-qış vaxtına keçid”in ləğv olunması məsələsinə baxaraq belə bir qərar qəbul eib ki, yay və qış vaxtının tətbiqi ləğv olunsun. Və bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub.
Amma Nazirlər Kabinetinə AMEA-nın Rəyasət Heyətinin müraciətinə hələki cavab verməyib.
Ə.Quliyev bildirib ki, hələlik Azərbaycanda “yay-qış vaxtına keçid”in ləğvilə bağlı qərar olmadığı üçün, mart ayının axırıncı həftəsində saatların əqrəblərinin irəli çəkilməsi gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycanda yay-qış vaxtına keçid Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət hazırda yay və qış vaxtlarına keçidin ləğvi məsələsinə baxmır, hansısa müzakirələr aparılmır.
Ona görə də martın son bazar günü – 25-də Azərbaycan yay vaxtına keçəcək, saatların əqrəbi bir saat qabağa çəkiləcək.
Mail Ağaxanov