Modern.az

Köçəri quşlar Azərbaycandan “küsüb”

Köçəri quşlar Azərbaycandan “küsüb”

Ölkə

15 Mart 2012, 11:07

“Bu il dünyada qışın sərt keçməsi ölkəmizdə qışlayan quşların sayının artmasına gətirib çıxarıb. Adi vaxtlardan fərqli olaraq bu qış Azərbaycanda 2 dəfə çox quş qışlayıb”.

Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov deyib. O, apardıqları monitorinqin ilkin nəticələrinə əsasən bu qənaətə gəldiyini deyir.

“Əvvəl Azərbaycanda qış mülayim keçirdi deyə qışlayan quşların da sayı az olurdu. Çünki yumşaq qışlarda xüsusən su bataqlıq quşları daha çox şimal ərazilərdə, bəzi hallarda Dağıstanda, Qazaxıstanın bəzi yerlərində qışlayırdı. Ancaq bu il şimal ərazilərdə qış daha sərt keçdiyi üçün ölkəmizə qışlayan quşların axın etməsini müşahidə etdik.

Məsələn, qış yumşaq keçəndə Azərbaycanda 300-500 qu quşu qışlayırdısa, qış sərt keçəndə bunların sayı 30 minə qalxır. Qızılağac Dövlət Qoruğunda belə sərt qışlarda 20 min qu quşu olur”.

Azərbaycanın su bataqlıq quşları ilə məşhur olduğunu deyən E.Sultanov qeyd edib ki, dünyada bu quşların sayına görə ölkəmiz İngiltərə və Hollandiyadan sonra üçüncü yerdədir.

“Hər il bizdə bir milyondan çox quş qışlayır. Azərbaycanın böyük su bataqlıq sahələri var və onlardan da ən vacibi Qızılağac Dövlət Qoruğudur. Orada yarım milyon, bəzi hallarda bir milyona qədər su quşu qışlayır. Qızılağacdan başqa Kürün deltası, Sarı Su gölü, Ağ göl, Abşeron-Qobustan dəniz sahili- Abşeron Milli Parkı, Pirallahı adası, Heydər Əliyev adına Dərin Özüllər Zavodu, Ələt buxtası, Yaşma adası, Candar gölü, Minkənd su anbarı, Mingəçevir su anbarının Samux sahəsi, Acınohur gölü və digər yerlərdə on minlərlə su quşu qışlayır”.

Cəmiyyət sədri bildirib ki, havalar yumşalan kimi, təxminən fevralın 20-dən ölkədə qışlayan quşlar geri qayıdır. Hazırda şimal ərazilərinə böyük köç başlayıb.

“Birinci ölkəyə ancaq sərt qışlarda daha çox gələn iri quşlar-qazlar, qutanlar, qu quşları şimala uçmağa başlayır. Köç edən su quşlarının sayı Azərbaycanda qışlayanlardan azı 10-12 dəfə çoxdur. Yəni bir milyon ətrafında bizdə qışlayan su quşu olursa, köç vaxtı bu rəqəm 10-12 milyona qalxır.

Apreldə ancaq vağlar, qağayılar və cüllütlər, may-iyun aylarında isə xırda quşlar, sərçə kimi quşlar köç edir”.

Elçin Sultanov bildirib ki, qışlayan quşlar şimala köç edərkən onun yerinə İran, İraq və Misirdə qışlayan quşlar gəlib tutur.

“Bunlar 3-5 gün, bir həftə bizim ölkənin ərazisində oturub dincəlir, yemlənir, yenə də qalxıb şimala uçurlar. Buna görə də bu cür quşlar üçün həmin qışlama yerləri xüsusən vacibdir. Xüsusilə Bakı ətrafında olan Qırmızı göl-Sədərək mərkəzinin yerləşdiyi göl bu cür quşlar üçün vacibdir. Təəssüf ki, onun yarısını qurudublar və quruda-quruda gedirlər. Heç olmazsa həmin gölün  yarısını saxlasalar orada külli miqdarda köç edən quş dincəlirdi.

Hacıqabul gölündə qışlamada 20-25 min quş olursa, köç vaxtı daim orada quşlar olur. Təəssüf ki, o göl də baxımsızlıqdan artıq quruma üzrədir, suyu azalıb. Yəni su quşları üçün təkcə soyuq hava yox, yemlənmə yerləri də olmalıdır. Ancaq göllərin baxımsızlığı, onların su rejiminin pozulması, lazımı diqqət yetirilməməsi səbəbindən bəzi qışlama yerləri deqradasiya uğrayır və bu da ölkədə qışlayan quşların azalması ilə nəticələnir”.

E.Sultanov bununla bağlı dəfələrlə KİV-də müsahibələr verdiyini, hətta Qırmızı göllə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyini də bildirib.

“Qırımızı gölün quş yasaqlığı elan edilməsi ilə bağlı təxminən 7 il qabaq Ekologiya və Təbii Sərvətlər Nazirliyində təkliflə çıxış elədik. Təəssüflər olsun ki, oradan rədd cavabı gəldi ki, Elmlər Akademiyasının rəsmiləri məsləhət görmür. Lakin orada “Sədərək” ticarət mərkəzi tikildi və başa düşdük ki, burada əsasən iqtisadi  məsələlərdir. Amma indi də gec deyil. Heç olmazsa qalan hissəsini saxlasalar, qurutmasalar və oranı quş yasaqlığı elan etsələr və ya  başqa qorunma statusu verilsə bu ölkəmizə köç edən quşlar üçün də həmiyyətli olar. Çünki Abşeron yarmadasını dincəlmə və qışlama yeri kimi seçən quşlar üçün bu yeganə vacib dincəlmə yeridir” deyə cəmiyyətin sədri vurğulayıb.

Aytən ƏLİYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı