Son bir neçə ildə toylarda bəy və gəlinin rəqs etməsi demək olar ki, adi hal alıb. Hətta bir neçə toyda bəy və gəlinlər öz dostları ilə birgə Maykl Ceksonun “Thriller”ini rəqs edirlər. Bunun üçün də cütlüklər toydan əvvəl rəqs məktəblərinə gedir və xüsusi hazırlaşırlar.
Bəs rəqs dərsləri yeni cütlüklər üçün neçəyə başa gəlir? Gənclər öz toylarında daha çox hansı rəqslərə müraciət edirlər? Şəhərimizdə bu işlə məşğul olan bir neçə rəqs məktəbi və təlim kursları var. Amma qiymətlər heç də ucuz deyil və hər məktəbdə müxtəlif qiymətlər var.
“Stimul Education&Consulting” kurslarının ofis meneceri Lala xanım bildirir ki, bəy və gəlinlər rəqs öyrənmək üçün onlara çox müraciət edirlər: “Amma dəqiq rəqəm deyə bilmərəm. Çünki hər ay müraciətlərin sayı dəyişir. Elə ay olur ki, az olur, elə ay olur çox. Rəqs dərslərinin 12 saatı 130 manatdır. Ən çox müraciət olunan rəqs isə milli rəqslərdir. Bundan başqa xarici rəqslərdən Latın-Amerikasının rəqslərini bəy və gəlinlərimiz oynamaq istəyir” .
“Biz production”ın tərkibində fəaliyyət göstərən rəqs məktəbinin meneceri Sevər xanım milli rəqslərə az müraicət olunduğunu deyir. “Ən çox toyu Vals rəqsiylə başlamaq istəyirlər. Bundan başqa mix rəqslər də olur ki, buna popuri deyirlər. Bu zaman rəqs milli rəqslə başlayır və xarici rəqslə davam edir. Rəqs dərslərinə qatılmaq istəyənlər gərək bir ay əvvəldən bizə müraciət etsinlər. Sadə bir rəqs istəyənlər üçün qiymət 200 manat, popuri rəqs etmək istəyənlər isə 250-300 manat ödəməlidirlər. Dərs saatları bəy və gəlindən asıldır. Bizim rəqs məktəbi Yelena Sidorenkonun rəhbərliyi ilə fəaliyyət göstərir. Professional müəllimlərlə bəy və gəlinləri 5, 6 dərsə, maksimum 8 dərsə mükəmməl rəqs etməyi öyrənirlər. Hər sahənin öz müəllimi var, yəni milli rəqs müəllimi başqa olur, xarici rəqs üçün müəllim başqa”.
“Kruqozor Tədris və Mədəniyyət Mərkəzi”nin rəqs müəllimi Qurban Tağıyev bildirir ki, bəy və gəlinlərimiz rəqs üçün çox müraciət edirlər. Burada isə qiymətlər digər kurslardan fərqli olaraq saat hesabına aparılır: “Yəni 1 saatı 15 manatdır. Dərslərin neçə saat olması isə gənclərin özlərindən asıldır. Nə vaxt yaxşı öyrənsələr o vaxt da dərslər bitir”.
Q. Tağıyev də daha çox Vals və milli rəqslər üçün müraciət olunduğunu bildirdi.
Sevinc İLTİFATQIZI