Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Modern.az saytına açıqlamasında hazırda 127 min ailənin ünvanlı sosial yardım aldığını bildirib.
“Bu isə təxminən 550 mindən çox adam deməkdir. Bunların əksəriyyəti isə çoxuşaqlı ailələrdir”.
Ünvanlı sosial yardımla bağlı şikayətlərə toxunan İ.Rəhimov bildirib ki, narazılıqlar artıq azalıb.
“Çünki biz şəffaflığın artırılması ilə bağlı əlavə tədbirlər görmüşük. İctimai Şura yaratmışıq və bu Şurada bizim yerli qurumların bütün komissiyaları təmsil olunur. Bütün komissiyaların iclasları kameralarla çəkilir və sonra onlara baxılır. Ünvanlı sosial yardım alan şəxslər öz şəxsiyyət vəsiqələrini banka təqdim etməklə plastik kart ala bilirlər. Yəni kompüter şəbəkəsi daha geniş işləyir. Bu işər gedir və biz bəhrəsini də görürük”.
İ.Rəhimov deyib ki, nazirlikdə korrupsiya ilə mübarizə sahəsində çox ciddi işlər gedir.
“Bir qrup işçimiz öz vəzifəsindən kənarlaşdırılıb. Biz belə hallara dərhal tez reaksiya veririk. Təbii ki, biz bundan kənarda qala bilmərik”.
Saxta sənədlərlə əlillik alan şəxslərin aşkarlanması istiqamətində işlərin getdiyini bildirən İ.Rəhimov deyib: “Biz son 3 ildə 30 mindən çox əlili reabilitasiya eləmişik, yəni əlillikdən uzaqlaşdırmışıq. Onların hər birinin müavinəti kəsilib. Bura daxildir saxta sənədlərlə əlillik alanlar, sağalanlar və sağlamlığı düzələn insanlar. Bu daimi davam edən proseslərdir. Bir günlə, bir illə bitən iş deyil”.
Modern.az