Martın 17-də Bakının Səbail rayonunda 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin stadionunda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin mitinqi keçirilib.
Modern.az xəbər verir ki, mitinq iştirakçıları «Qarabağ!», «Siyasi məhbuslara azadlıq!», «Təhsildə rüşvətə yox deyirik!», «İstefa!» şüarları da səsləndirib, belə şüarlar yazılmış plakatlar qaldırıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi mitinqdə VHP, Müsavat, ADP və AXCP-nin gənclər təşkilatları, “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “İnsan Haqları” qurumları təmsil olunub.
Aksiyada çıxış edənlər hakimiyyətin istefasını tələb ediblər.
Mitinq keçirilən əraziyə verilən elektrik enerjisi kəsilib. Bu, aksiyaçıların etirazına səbəb olub. Onlar hakimiyyət əleyhinə digər şüarlar səsləndiriblər.
Çıxışlardan sonra mitinqin qətnaməsi oxunub. Aksiyanın sonunda konsert təşkil olunub. Bu zaman dava baş verib. Dava «Bulustan» qrupu mahnı ifa etdiyi zaman baş verib. “Azadlıq” radiosunun məlumatına görə, davaya səbəb bir nəfərin mahnının sözlərinə etiraz etməsi olub. Polis 3 nəfəri saxlayıb - «Bulustan» qrupunun üzvü, mahnı ifa edən Camal Əli, gitaraçı Natiq Kamilov və «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlıdır.
Saxlananlar Səbail rayon Polis İdarəsinin 8-ci bölməsinə aparılıb.

Modern.az