Modern.az

Aşıq Şəmşirlə bağlı xatirələr dilə gətirildi - FOTOLAR

Aşıq Şəmşirlə bağlı xatirələr dilə gətirildi - FOTOLAR

Ölkə

17 Mart 2012, 19:29

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Aşıq Şəmşirin anadan olmasının 119-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Modern.az
saytı xəbər verir ki, “Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyinin təşəbbüsü ilə baş tutan tədbirdə xalq şairi Sabir Rustəmxanlı, Aşıq Şəmşirin oğlu Qəmbər Şəmşiroğlu, şair Məmməd Aslan, Azərbaycan Aşıqlar Birliyinin katibi Məhərrəm Qasımlı, tanınmış ziyalılar, ictimaiyyət  nümayəndələri və kəlbəcərli  məktəblilər iştrak ediblər.

Azərbaycan Aşıqlar Birliyi adından danışan Məhərrəm Qasımlı biildirib ki, Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin 20-ci illiyinin sənət pasportudur.
”Əlbəttə, kaş bu gün mümkün olardı ki, bu tədbiri onun öz qəbrini ziyarət edib,  uyduğu torpaqda keçirək. Təssüflər olsun ki, belə bir imkan yoxdur. Dədə Şəmşir bizim üçün məktəb olaraq uzun muddət davam edəcək. Yüzlərlə saz çalanlar arasından Dədə Şəmşirin barmaqları xüsusi olaraq seçilirdi. Aşıq Şəmşirlə bağlı elmi məclislər bundan sonra da davam edəcək”.  

Xalq şairi Sabir Rustəmxanlı bayırda qarın yağmasını Aşıq Şəmşirlə belə əlaqələndirib:

”Bu qarı görəndə yadıma Aşıq Şəmşirin vətəni, Azərbaycanın dilbər güşəsi olan Kəlbəcər düşdü. Bu gün məzar itsə də, söz , ustad itməz. Aşıq Şəmşir Göyçə ilə Qarabağ arasında olan zirvə idi. Dədə Şəmşirin “7 qardaş” zirvəsində dəfn olunması da təsadüfi deyil. Aşıq Şəmşirin aşıq şeirində xüsusi yeri var. Aşıq Şəmşirin sözü ilə Səməd Vurğunun sözü eyni boydadı. Bu da onu göstərir ki, ağdabanlı Qurbanın ocağı bu gün də yanır. Mən hesab edirəm ki, saza, sözə qayıdış bizim ruhumuza qayıdış deməkdir”.  

Şair Məmməd Aslan Aşıq Şəmşirin oğlu Qəmbər Şəmşirli ilə dost olduğu üçün fəxr etdiyini deyib: “Dədə Şəmşirlə bağlı 30 il dostluq elədiyim Qəmbər Şəmşirli vasitəsilə bir xatirəm oldu: “Saxla izimi dunya” adında”.
Sonra M.Aslan Aşıq Şəmşirə həsr etdiyi şeirləri oxuyub.   

Tədbirdə iştirak edən kəlbəcərli aşıq Mahmud Məmmədov Aşıq Şəmşiri canlı gördüyü üçün fəxr etdiyini deyib: “Mən xoşbəxt adamam ki, Aşıq Şəmşirin nəfəsini canlı duymuşam”.

Sonda isə bir sıra söz, sənət adamları Aşıq Şəmşirlə bağlı xatirələrini danışıblar.   

Tədbirdə həmçini Kəlbəcər məktəbliləri Aşıq Şəmşirin şeirlərini səsləndiriblər. Aşıq Şəmşir haqqında hazırlanan videorolik göstərilib, fotolar  və şeirlər əsasında hazırlanan  açıqçalar tədbir iştrakçılarına paylanıb.

Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcər rayonun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Söz-sənət  tariximizdə Ağdabanlı şair Qurban adı ilə qalan  tanınmış el şairi aşıq Ələsgərin müasiri olub, onların  yaxın ünsiyyətindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalıb. Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir çox keçmədən istedadlı saz şairinə çevrilib və dədəlik mərtəbəsinə qədər ucalıb və aşıq-ozan sənətinin inkşafına öz tövhələrini verib.

İlk dəfə1958-ci ildə  musiqişunas Əminə Eldarov  Aşıq Şəmşirin ifasında 75 aşıq havasını  lentə köçürüb. Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar ustad sənətkarın  silsilələrlə kitabları  çap olunub. Aşıq Şəmşir 1980-ci ildə  fevralın 11-də dünyasını dəyişib. 1992-ci ilin aprelində  erməni quldurları Dədə Şəmşirin  doğma kəndi Ağdabanda əsl soyqırımı törədiblər. Ustad sənətkarın ən yaxın qohum-əqrəbası amansızlıqla qətlə yetiriliblər. Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin əlyazmaları tamamilə yandırılaraq məhv edilib.

 

 

 

 

 

 

 

 

 

 


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı