Sultan Laçın
(əvvəli 12 fevral 2012-ci il tarixdə dərc olunub)
İstəkli oxucular, ötən yazımızda ustad şairin “Allah yolu”, “Qarabağ...”, “Millət. Milli şüur”, “Vətən savaşı” mövzularındakı kəlamlarını oxudunuz. Bəxtiyar müəllimi sağlığında və təəssüf ki, indi – bu dünyada olmadığı vaxtda da müxtəlif mövzularda qınayanlar, ona şər-böhtan atanlar var. Maraqlansaq, onların çoxu şairin bir misrasını belə diqqətlə, həm də vicdanının səsinə qulaq asaraq oxumayıb, özü isə əqidəcə çürük bir məxluqdur. Ustadın hər kəlməsini diqqətlə oxuyub dərk edən vicdanlı insan özü obyektiv nəticə çıxara bilər...
Məsələn, şairi mövcud rejimə yarınmaqda qınayanlara ustadın bir neçə beytini xatırladaraq onları bir daha ədalətli olmağa çağırıram. 1996-cı ildə artıq bu rejimin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda ədib yazır:
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə...
və yaxud 2000-ci ildə:
İstiqlalı danan dünənki nadan
Bu gün bu milləti talayıb yedi...
Şair özü rejimə quyruq bulayan məddahları qamçılayır:
Azadmı haqsıza tərif yağdıran
Amalı yamaqlar, fikri calaqlar.(may, 2003)
İstiqlala qovuşmuş “demokratik” bir ölkədə rüşvətin meydan suladığını Bəxtiyar müəllim açıq-aşkar göstərir:
Qanun kürsüsündə ağ yalan – hakim,
Dövlət rüşvət ilə qafiyələnmiş.(1998)
Ömrü boyu haqqı dediyinə görə həm hakimiyyətlər, həm də yaxınları
tərəfindən qınanan, təzyiqlərə məruz qalan ahıl şair bundan artıq nə deməliydi?..
Buyurun, gerisinə özünüz dəyər verin:
İSTİQLAL. AZADLIQ SAVAŞI.
Azadlıq olmayan bir məmləkətdə
Adamlar yaşayar, insanlıq olmaz.(1966)
****
Verilən azadlıq azadlıq olmaz,
Başqa bir rəngidir o, əsarətin.
****
Bizim şəhidlərin müqəddəs qanı
Bəlkə də behidir sabahımızın.(1990)
***
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər.(1990)
****
İllərlə yolunu gözlədiyimiz
Azadlıq haqqa yox, zora işlədi.(dekabr, 1993)
***
Gerçəyi batırmaz haray, küy-külək
İstiqlal qazanıb, torpaq itirdik.(1999)
****
Dünən azadlığı bayram edənlər
Bu gün azadlığa qənim kəsilib.(19 iyul, 1993)
***
Elə bir gündəyik qollarımızda
Qandala çevrilib azadlığımız.(11 iyun, 1993)
***
İndi biz azadıq bizi bir zaman
Şeytandan qoruyan abır-həyadan.(1996)
****
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.(1996)
****
Qurtarıb özgənin əsarətindən,
Düşdük özümüzün əsarətinə.(1996)
***
İndi azadlığım mənə qənimdir,
Bu gizli oyundan baş açmır fələk.
****
Yurdu dağıtmaqda, talançılıqda
Azadıq qorxudan, Allah xofundan.(1996)
****
Məni kor quyudan çıxaran kəndir
İndi boğazıma keçib halqa tək...(1996)
*****
Dan ulduzu tək şər dağıdıb doğduğu gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.(1977)
***
Azadlıq olmayan bir məmləkətdə
Həqiqət riyadır, ədalət boya!(1966-1967)
****
Azadlıq olmayan bir məmləkətdə
Düz əyri adlanar, əyri düz olar!(1966-1967)
****
Azadlıq olmayan bir məmləkətdə
Nadan başda gəzər, aqil ayaqda.(1966-1967)
***
Amalı qorxuda, sözü ürəkdə
Cürəti dözümdə dustaq eylədik.(1984)
***
Zərurət bilməsə azadlığını
Xalq onun yolunda ölümə getməz.
***
Azadlıq ağacı bar verə bilməz
Şəhidlər qanı ilə suvarılmasa.
***
Ömürdən keçərək, keçdi şəhidlər
Bir qanlı gecədə min illik yolu.(1990)
***
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər.(1990)
***
Haqsızı yıxmaq üçün haqqa inanmaq gərək.(1998)
***
Şəhidlərin qanı ilə suvarılan torpaqda
Gül-çiçək bitməliykən, bizdə kol bitdi, neçin?(1998)
***
Ümid boynumuza keçən kəmənddir,
Gözlə, öz-özünə açılan deyil.(1998)
***
Azadlığı dəyişmərəm heç nəyə,
Anam doğub azad məni, hürr məni.
***
Elliklə gələn matəmə el toy adı vermiş,
Elliklə rəzalət dəxi toymuş, nə biləydim.(1998)
***
Bu zülmətdən çıxarmadı
Mindiyimiz ağ at bizi.(1998)
***
Zorakılıq demirəm zoru yıxan zora mən.(1984)
***
Biz yaxşı bilirik: boynu həmişə
Pambıqla kəsilmiş əyilənlərin.
***
Bizi məhv eləyər arxayınçılıq,
Əgər qorunmasa istiqlalımız.(iyul, 1992)
***
Əldən getdi azadlığım
Yalanlara mən dözəli.(1994)
***
Kommunist küçəsi İstiqlal oldu;
Biz elə bildik ki, sular duruldu.(1995)
****
Çətin aldığımız istiqlal bu gün
Gözləri kor edən tüstüyə döndü.(1996)
***
Çatıb azadlığa bu məbəddə biz,
Şükür namazını qibləsiz qıldıq.
****
Özümə düşmən olub
Aşıb-daşan sərvətim.(1998)
***
Yurdumuzun atəşi isidir əcnəbini,
İsidə bilmir ancaq Zibeydəni, Nəbini.(1998)
***
Eloğlum həm yurdda, həm də kənarda,
Hakim əcnəbiyə qul olmuş bu gün.(1998)
****
Qanun kürsüsündə ağ yalan- hakim,
Dövlət rüşvət ilə qafiyələnmiş.(1998)
****
Gözə kül üfürüb uca kürsüyə
Əqidə paltarı geyindirdilər.(1999)
***
Yıxılar kənardan itələnənlər
Təkanı yaradaq özümüz gərək.
***
Yenə də olarıq “həmən xak” əgər
Biz öz içimizdən itələnməsək.
****
Ana da süd vermir, ciyərparəsi
Nalələr qoparıb ağlamayınca.
****
Zoru bu dünyada haqq sayanların
Ən böyük silahı iftira, böhtan.
****
Kiçik bir millətə güc göstərməsi
Böyük Rusiyanın gücsüzlüyüymüş...(1995)
****
Yurdunda qul olmaz ona övladlıq edənlər.
***
Qul olmaq olar, eyləsə məcbur səni gərdiş,
Qulluqla barışmaq daha müdhiş.
***
Qanla suvarılmalı azadlıq çiçəkləri.
***
Azadlığın özü olmayan yerdə
Qaydadır həmişə sözü bol olar.(1979)
***
Bəxşiş alacağım azadlıq mənim
Səadətin deyil, əsarətimdir.(1966)
***
Hansı azadlıqdan dəm vururuq biz,
Azadmı dilənən körpələrimiz.(may, 2003)
***
Azadmı çadırda can çürüdənlər?
Torpaq həsrətilə qəbrə gedənlər?(may, 2003)
***
Bu gün özümüzə qənim kəsilmiş
Yeraltı, yerüstü qaynaqlarımız.(may, 2003)
***
Azadmı düşmənə təslim edilmiş
Bizim dədə-baba torpaqlarımız?(may,2003)
***
Azadmı gündüzlər qul bazarında
Bir loxma çörəyə iş axtaranlar?(may, 2003)
***
Azadmı evini satmamaq üçün
Bədənini satan qadınlarımız?
***
Azadmı yığdığı yüz milyonları
Qorumaq istəyən rəzil oğrular?
***
Azadmı haqsıza tərif yağdıran
Amalı yamaqlar, fikri calaqlar? (may, 2003)
***
Vallah, azad deyil, əsarətdədir
Doğru da, oğru da, əyri-üyrü də.
***
Öz doğma yurdunda soyulduğunu
Nə qədər istəsən danış, nə fayda?(2003)
***
Dünən istiqlala səs verməyənlər
Bu gün milyonlara sahib oldular.(2003)
***
“Canım azadlığa fəda” – deyənlər
Zindanlar küncündə unuduldular.(2003)
***
Rüşvət boynumuza keçən bir halqa!
Rüşvət azadlığı! Azadlığa bax!(2000)
***
Torpaq azad oldu, amma bu millət
Azad olammadı əsarətindən.(oktyabr, 2000)
*****
Ölkənin bu günkü istiqlalından
İstiqlal istəyən bəhrələnmədi.
***
İstiqlalı danan dünənki nadan
Bu gün bu ölkəni talayıb yedi.(oktyabr, 2000)
***
İndi acqarına bütün məmləkət
İrişə-irişə atdanıb-düşür.(2000)
***
Görəsən, hardandır bizim bəlamız?
Bəlkə bic doğulub istiqlalımız?(2001)
***
Quduz iti görmüşəm,
Mənə çomağı göstər.(2000)
***
Vura bilən ovçuya
Ovu yox, dağı göstər.(2000)
***
Haqq yolunu tapmağa
Təmənna var, tələb yox.(2001)
***
Qanmazlığımız qanmağımızmış, ya Rəbb,
Qollardakı zəncirləri zinət bilirik biz.(1982)
***
Sədaqət – gözəl adət!
Amma faciəmizdir köləliyə sədaqət!(avqust, 1991)
***
Bəlkə bu milləti qul eləməkçün
Biz qan bahasına müstəqil olduq.(1998)
***
“Günahsız cəza” pyesində Toğrul: ”Niyə biz sümüyümüzə düşən havaya deyil, çalınan havaya oynamalıyıq?”(1999-2000)
***
Həbsdə yatan Çılğın onu həbsdən azad etmək istəyən Sabutaya:
”Hiylənin, yalanın, riyanın əlləri üstündə gələn azadlıq mənə lazım deyil!”(“Dar ağacı” pyesindən, 2000)
***
“Atamın kitabı” pyesində Vahid: ”Qəfəsdəki tox bülbüldən ağac başındakı ac qarğa yaxşıdır”.
****
ANA DİLİ
Anamın yanıqlı laylalarından
Süzüldü ruhuma Azərbaycanım.
***
Yaxşı bilmək üçün özgə bir dili,
Əvvəl öz dilini yaxşı bilməli.
***
Öz ana dilimiz “lallığımızdan”
Ölüyə küfr oldu, diriyə nöqsan.(1988)
***
Vətəndən qovuldu ana dilimiz,
“Ana dili” – dedik gəlmə, yad dilə.(1988)
***
Xalqın öz ruhudur xalq yaradan dil.
***
Vətənin dilinə biganə qafil
Ana vətənini satmazmı bir gün?(1999)
***
Ləyaqət taxtından endirib sözü,
Qocaman bir dili biz lağa qoyduq.
***
Anasının dilində dil açmayan kəs,
Millətin dərdini anlaya bilməz.
***
Qorxum ondandır ki, bir zaman gələr
Sözlər ölə-ölə bu millət ölə.(1996)
***
İtin dilinə də hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.(1993)
***
Dilə təzə sözlər əkilir bu gün,
Pozulur söz ilə mənanın əhdi.(1998)
***
Bu dilin ecazları ulduzlara toxunmuş,
Tarix boyu bu dildə haqq nəğməsi oxunmuş.
***
Mənim ana dilim – mənim kimliyim,
Pasportum, özümə öz hakimliyim.
***
Millətin varlığı, yurdun varlığı
Sənin varlığına bağlıdır, dilim.
***
Vətənin dilini sevməyən alçaq,
Vətənin çörəyi haramdır sənə!
***
Dilini yad dilə dəyişdiyindən
Nə bir amalı var, nə əqidəsi.
***
Bülbül cəh-cəhinə bənzər dilimiz
Sökülüb-dağılır... Yuxudayıq biz.(2001)
***
Yeni zəmanə ilə səsləşmək üçün
Çirkli sözlər dolur bu gözəl dilə.
***
Qoruğa möhtacdır qoruqsuz dilim,
Onun hər kəlməsi bir zərri kaşı...(2001)
***
Bütöv bir varlıqdır dil də can kimi,
Mənadır hər yumşaq, hər qalın səsi.
***
Ana dilimizdən bir söz itdimi,
İtər ruhumuzdan bir ləl zərrəsi.
***
Xalqın yaratdığı dilə təzcavüz-
Ən pis təcavüzdür qeyrətimizə.
***
Yalnız dilimizin gül açdığı, yaşadığı yerdə milli varlığımız da mövcuddur.
***
TARİX. ZAMAN. SİYASƏT.
Siyasət fitinə könülsüz. naçar
Zaman oynasa da, tarix oynamaz.
***
Dünənin qədrini bilmədik dünən,
Dünənin qədrini bildik ertəsi.
***
Keçdiyi yol var çırtma daşın da,
Borcumuz tapmaqdır itən tarixi.
***
Dünənin silləsi üzə dəyəndə,
Təzə “mən” yaranır bu günkü “mən”də.
***
Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı.(1968)
***
Uyduyrma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.(1968)
****
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.(1968)
****
Bizi həm yedilər, həm də mindilər,
Amma arxamızca gileyləndilər.(1959)
***
Qorqud qanı axdı damarımızdan,
Özümüz Qorquda düşmən kəsildik.(1988)
***
Hər bir əfsanədə bir həqiqət var,
Ən böyük məktəbdir onlar bizimçün.
***
Zöhhakın çiynində bitən ilanlar,
Yeyir cavanların beynini hər gün.
***
Bu millətin sərvəti özünə düşmən oldu,
Becərdiyi pambığı əyninə kəfən oldu.
***
Yalana, riyaya nə qədər uyduq,
Biz qızıl orduya abidə qoyduq.
***
Yurdun hər küncündə bir tarix yaşar,
Qorxuram itirə zaman tarixi.
***
Bizlər öyrənməsək, kim öyrənəcək?
Bizlərdən fərasət uman tarixi.
***
Torpaqda əcdadın ayaq izləri,
İtərsə, bürüyər duman tarixi.
***
Öz hakimi zaman olur tarixin
Sabaha bax ey bu günə hökm edən.(1998)
***
İçərişəhərim, sənə nə oldu?
Bayır şəhər oldun, hüsnün pozuldu.(1999)