Hər bir ailə körpə səsindən, uşaq nəfəsindən zövq alır. Müasir zamanda valideynlər övlad dünyaya gətirmək üçün min bir əziyyətə qatlaşmalı olurlar. Mənəvi əziyyət bir yana dursun, valideyn olanlar maddi çətinlik üzündən bir neçə il özlərinə gələ bilmirlər.
Azərbaycanda bir körpənin doğulmasının valideynə neçəyə başa gəldiyi dəfələrlə müzakirə olunub. Amma hər zaman aktual olaraq qalan bu problemə yenidən qayıtmağa çalışdıq. Çünki doğum prosesilə bağlı qiymətlərin bir qədər də artdığı müşahidə olunur.
Araşdırmalar zamanı öyrəndik ki, indi bir xəstə ayda bir dəfə həkim müayinəsinə gəlirsə, hər dəfə 10-20 manat ödəməli olur. Hamiləlik dövründə ultrasəs müayinəsi üçünsə ən azı iki dəfə xəstəxanaya müraciət etməli olurlar. Bu da onlara hər dəfə 15-25 manat, qan analizi üçün də təxminən bu qədər vəsait ödəyirlər. Beləliklə, doğuma qədərki müayinə kasıblara 200 manata, imkanı olanlara 1000 manata başa gəlir.
Ən dəhşətli və maraqlı rəqəmlər isə doğuş zamanı qeydə alınır. Paytaxtın doğum evlərində qeyri-rəsmi qiymətlər 400 və 800 manat arasında dəyişir. Təbii doğumun qiyməti 400 manat, qeysəriyyə isə 800 manata aparılır. Qeyd edək ki, qeysəriyyə əməliyyatı təbii doğuşdan qiymətli olduğu üçün bəzi həkimlər xəstələrə bu üsulu təklif edirlər. Hətta ana olmağın əziyyətini çəkmək istəməyənlər də bunu seçirlər.
Ən bahalı doğuş Leyla Şıxlinskaya klinikasında aparılır. Burada doğuşun qiyməti 1200-1500 manat arasındadır. Təbii ki, bu tibb ocağı özəl obyekt olduğundan ödəniş həyata keçirilməlidir. Amma Azərbaycan reallığını götürdükdə qiymətlərin yüksək olduğunu qeyd edə bilərik.
7 saylı doğum evi və 3 saylı Sabunçu Xəstəxanasından xidmətlərin pulsuz olduğunu desələr də, sonradan həkimin özü ilə danışmağı məsləhət gördülər. Dövlət xəstəxanalarına doğuş üçün müraciət edənlər isə qiymətlərin 300-500 manat olduğunu deyirlər.
Xəstəxanalarla bağlı siyahını artırmaq da olar. Sadəcə olaraq, paytaxtın rayon mərkəzlərində yerləşən xəstəxanaların hamısında qiymətlər 400-800 manat arası dəyişdiyindən, onların hamısının adını açıqlamaq istəmirik.
Paytaxtdan uzaqlaşdıqca qiymətlər də nisbətən aşağı düşür. Belə ki, ucqarlarda bu qiymət 250 manata başa gəlir. Məsələn, şimal rayonlarındakı xəstəxanalarda doğuş üçün 200 , Mingəçevirdə 250 , Yevlaxda 150-200 manat xərcləmək lazım gəlir.
Bu pul, ancaq doğuşun aparılması üçün xərclənən vəsaitdir. Pasiyentin xəstəxanada qaldığı günlərdə həkimə, tibb bacısına, dayəyə verilən pulu da bura daxil etsək, büdcə daha da böyüyür. Onu da öyrəndik ki, region xəstəxanalarında təxminən 70 manat ginekoloqa, 5 manat tibb bacısına, 2-3 manat isə sanitara verilir.
Çox vaxt regionlarda imkansızlıq üzündən bir çoxları evində ana olmaqla da barışmalı olur. Bu zaman evə gələn həkimə 60 manat ödənilir. Qadınlar bu prosesin çətin və qorxulu olduğunu bildirsələr də, məcburiyyət qarşısında razılaşdıqlarını deyirlər. Onu da deyək ki, nisbətən imkanı olan bəzi rayon sakinləri doğuş üçün paytaxta üz tuturlar. Çünki onlar həmin xəstəxanalarda həkimlərin naşı, şəraitin isə aşağı səviyyədə olduğunu söyləyirlər.
Yeri gəlmişkən qeyd edək ki, paytaxt xəstəxanalarında ana ilə körpə 6-7 gün yatırılırsa, əksər rayon xəstəxanalarında 1-2 gündən sonra ana və uşaq evə buraxılır.
Qeyd edək ki, doğuş Amerika Birləşmiş Ştatları istisna olmaqla bütün dövlətlərdə dövlət hesabına həyata keçirilir.
Gültəkin Ələsgər